İlyas İsmaylov: Elçibəy korrupsiyaya bulaşsaydı, kabinetində yox, bahalı restoranlarda çörək yeyərdi

İlyas İsmaylov: Elçibəy korrupsiyaya bulaşsaydı, kabinetində yox, bahalı restoranlarda çörək yeyərdi
"Səslənən qərəzli fikirlərə dözmək mümkün deyil”
Ölkə başçısı İlham Əliyevin iyulun 15-də Nazirlər Kabinetinin müşavirəsində sabiq prezident Əbülfəz Elçibəy haqda sərt ifadələri etirazla qarşılanıb. İlham Əliyev iclasda Mütəllibovun hakimiyyətini nəzərdə tutaraq deyib ki, onların günahı Xalq Cəbhəsinin qarşısından qaçmaları olub. "Azərbaycanın o vaxtkı hakimiyyətinin bədbəxtliyi də ondan ibarət idi ki, Xalq Cəbhəsi kimi çirkin, mənfur, qorxaq, satqın fərarilərdən qaçdı. O fərarilər ki, ondan bir il sonra hakimiyyəti qoyub qaçdılar. Bax, bu binada otururdular. Bu binanı da zibilləmişdilər. Prezidentin kabinetində hər gün kolbasa, araq yeyib-içirdilər, hər gün, gecə səhərə qədər. Sonra da o vaxtkı prezident saat 12-də yuxudan oyanırdı. Saat 5-də də yenidən kolbasa, araq. Keçmiş müdafiə naziri, keçmiş daxili işlər naziri, keçmiş dövlət katibi, keçmiş prezident bu binanı murdarlamışdılar. Belə bir çirkin dəstə gəlib o vaxt hakimiyyəti hay-küylə yıxdı. Onların fikri ora getməsin. Bunların dərsini vermişik, verəcəyik. Heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək”, -İlham Əliyev deyib.
Ədalət Partiyasının sədri, keçmiş ədliyyə naziri İlyas İsmayılov bu çıxışa münasibət bildirərək, qeyd edib ki, hakimiyyət orqanlarında ən yüksək vəzifə tutmuş insanların iş vaxtından sonra bir araya gəlməsi və kolbasa-çörək yeməsi ayıb deyil. "Ayıbdan daha betər olan şey isə dövlətin əmlakını yeməkdir”. "Ovqat.com” portalına danışan partiya sədri bildirib ki, ən xırda məmuru, icra başçısı belə, milyonlarla dollarlıq dövlət əmlakını mənimsəyən bir hakimiyyətin öz sələfinin kasıbanə süfrəsinə istehza etməsi qəbul ediləcək durum deyil:
"Açığı, neçə gündür, bu məsələyə reaksiya verib-verməmək barədə düşünürəm. Ölkəmizin milli həmrəyliyə, vahid cəbhədən çıxış etməyə hər zamandan daha çox ehtiyac duyduğu bir zamanda od üstünə yağ tökmək istəmirəm. Amma 20 il əvvəl dünyasını dəyişmiş, adı heç bir korrupsiya faktında hallanmamış bir insan barədə səslənən qərəzli fikirlərə dözmək mümkün deyil. Üstəlik, bu şəxs barədə irəli sürülən iddialar da əslində onun təmizliyindən, korrupsiyaya bulaşmamasından xəbər verir. O da başqaları kimi korrupsiyaya bulaşsaydı, kabinetində kolbasa-çorək yox, ölkənin ən bahalı restoranlarında yeyib içərdi”.
İlyas İsmayılov hesab edir ki, indiki zamanda hər kəsə qucaq açmaq, milli həmrəyliyi qorumaq, insanları eyni məqsəd ətrafında birləşdirmək hamıdan çox hakimiyyətə lazımdır, hakimiyyət isə sanki qəsdən ziddiyyətləri artırır:
"Azərbaycan bu gün özünün ən ağır günlərini keçirir. Bir tərəfdən düşmənlər ölkəmizə hücum edir, generalımızı, polkovnikimizi, ordumuzun ən dəyərli insanlarını öldürürlər. Digər tərəfdən ölkə iqtisadiyyatı tənəzzül prosesi yaşayır. Dövrün bəlası olan koronavirus pandemiyası hər kəsi evinə çəkilməyə məcbur edib ki, bu da iqtisadiyyatımızı daha da çətin vəziyyətə salır. Belə bir vəziyyətdə hakimiyyət insanları, müxtəlif siyasi qurumları bir yumruq kimi birləşdirmək əvəzinə, xalq hərəkatına rəhbərlik etmiş şəxsiyyəti sözün bütün mənalarında qaralayır”.
Son çıxışı hakimiyyətə yaraşmadığını söyləyən sabiq ədliyyə naziri İlyas İsmayılov, əlavə edib ki, indiki mürəkkəb vəziyyətdən üzüağ çıxmaq hər bir azərbaycanlının ən böyük arzusu olduğu halda, hakimiyyətin həm də vəzifə borcudur.
"Bu gün Azərbaycanda yaşanacaq ən xırda uğursuzluq belə, hakimiyyətin ayağına yazılacaq. Hakimiyyət nümayəndələri bu amilləri nəzərə alıb qarşı-qarşıya qaldığı məsuliyyəti millətlə bölüşməyə çalışmalıdır. Tarix boyu millətlər bu cür çətin imtahandan əl-ələ verərək çıxıblar. Ölkə rəhbərliyi isə sanki cəmiyyətdə süni cəbhələşmək yaratmaqda maraqlıdır. Həm xaricdə, həm daxildə ziddiyyətlərlə çarpışan dövlətin aqibəti yaxşı görünmür”.
İlyas İsmayılov bütün siyasi partiyaları indiki zamanda mənasız polemikalara girməməyə çağırıb.
İlyas İsmayılov 1985-1990-cı illərdə Azərbaycan SSRİ-nin Baş prokuroru, 1992-1995-ci illərdə Azərbaycanın ədliyyə naziri vəzifələrində çalışıb.

Xəbər lenti