İlkin Süleymanov 10 yaşlı Nərminin ölümündə təqsirləndirilən şəxsin həbs müddəti uzadıldı

İlkin Süleymanov 10 yaşlı Nərminin ölümündə təqsirləndirilən şəxsin həbs müddəti uzadıldı
Загрузка...
Hakim prokurorun təqdimatını qəbul edib
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın ölümünə görə həbs olunan İlkin Süleymanovun məhkəməsi keçirilib.
O, saxlanılarkən Tovuz Rayon Məhkəməsinin qərarıyla barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilmişdi və bu müddət martın 28-də başa çatırdı. Prokurorluq müddətin artırılması üçün məhkəməyə təqdimat verib.
İ.Süleymanovun vəkili Əlibaba Rzayevin Meydan TV-yə bildirdiyinə görə, prokurorluğun təqdimatına Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmədə İ.Süleymanov özü də, vəkili də həbs müddətinin uzadılmasına etiraz edib. Lakin hakim Azər Tağıyev prokurorluğun vəsatətini təmin edib və İ.Süleymanov haqqında həbs-qətimkan tədbirinin müddəti daha 4 aylıq uzadılıb.
İ.Süleymanov haqqında cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində aparılır.
10 yaşlı N.Quliyeva ötən il noyabrın 19-da yaşadığı Dondar Quşçu kəndində itkin düşüb. Onun meyiti yanvarın 6-da elə həmin kənddə yandırılmış vəziyyətdə tapılıb. İki gün sonra kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona qarşı N.Quliyevanın ölümüylə bağlı ittiham irəli sürülüb, Tovuz Rayon Məhkəməsinin qərarıyla barəsində həbs-qətimkan tədbiri seçilib.
İ.Süleymanov Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham edilir. Lakin o, özünü təqsirli bilmir. Haqqındakı həbs qərarından verilmiş şikayətə apelyasiya məhkəməsində baxılarkən o, bu cinayəti törətmədiyini, işgəncələr altında etiraf ifadəsinə imza atdığını söyləyib. Lakin onun şikayəti təmin edilməyib. Ardınca prokurorluq da İ.Süleymanovun işgəncəyə məruz qalması barədə söylədiklərinin yalan olması haqda açıqlama yayıb

Xəbər lenti