İlkin Rüstəmzadə: Həbs oluna bilərəm

İlkin Rüstəmzadə: Həbs oluna bilərəm
Загрузка...
"Polislər mənim guya karantin qaydalarını pozduğumu deyirlər”
Xətai Rayon Polis İdarəsinin 34-cü bölməsinin əməkdaşlarının aprelin 8-də NİDA-çı İlkin Rüstəmzadənin valideynlərinin yaşadığı evə hücum etdiyi bildirilir. Bu barədə İlkin Rüstəmzadə özü Meydan TV-yə danışıb.
Deyib ki, polislər onun atası Bakir Rüstəmzadəni 34-cü polis bölməsinə aparıblar, ancaq bu barədə sosial şəbəkədə məlumat yaydıqdan sonra atası sərbəst buraxılıb: "6 polis əməkdaşı maskasız və əlcəksiz formada valideynlərimin yaşadığı evə hücum edərək guya mənim karantin qaydalarını pozduğumu iddia ediblər. Əvvəla, polislərin əlcək və maska taxmadan vətəndaşın qapısını döyməsi karantin rejimini pozmalarıdır. İkinci, mən valideynlərimlə yaşamıram və 5 apreldən karantin rejimini pozmamışam, yəni evdən çıxmamışam. Bir az əvvəl mənə zəng edib dedilər ki, atan sərbəstdir, özün gəl. Ancaq polis bildiriş göndərməsə, getməyəcəm”.
İlkin Rüstəmzadə ona qarşı münasibətin kökündə sosial müavinətlər, kommunal xidmətlər və banklara olan borclarla bağlı başlatdığı petisiyanın olduğunu söyləyib: "Təxminən 8 gün əvvəl xüsusi xidmət orqanından bir nəfər mənə yazdı ki, petisiyanı dayandır, əks təqdirdə sənə qarşı iyrənc əməliyyat olacaq. Eyni zamanda, həbsimə hazırlığın getdiyi barədə məlumat aldım. Əlbəttə ki, mən petisiyanı dayandırmadım və ardınca həyat yoldaşım barəsində "fake profil” açdılar. Çox qəribə bir hadisə oldu, aprelin 7-də "Facebook” həmin "fake profili” ləğv etdi və bu gün valideynlərimin evinə hücum edib atamı polisə apardılar. İndi o sərbəstdir. Guya, mən yaşayış yerini qanunsuz tərk etmişəm”. 

İlkin Rüstəmzadə həbsinin təhlükəsinin real olduğunu hesab edir: "Mən həbsimi gözləyirəm. Çünki Tofiq Yaqublunun həbsindən sonra Nəsimi Rayon Prokurorluğundan zəng almışdım. Ardınca təzyiqlər gücləndi. Ona görə xüsusi nəsə etmək niyyətim yoxdur. Karantin qaydalarını da pozmuram”. İlkin Rüstəmzadə aprelin 6-da təzyiqlər haqqında Daxili İşlər Nazirliyinə müraciət etsə də, hələ cavab almadığını deyib. Meydan TV DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxlayıb. O bildirib ki, polislərin NİDA-çının evinə getməsi əsassız ola bilməz: "Yəqin ki, araşdırılıb, səbəbi deyiləcək”. 
***
İlkin Rüstəmlinin hazırda yaşadığı bina polis mühasirəsindədir. Bu barədə özü Meydan TV-yə danışıb: "Mənə əvvəl qonşular dedilər, inanmadım. Eyvandan baxdıqda polis maşınları və blokun qarşısında polislərin olduğunu gördüm".


Xəbər lenti