İlhamə Quliyevanın oğlunun adı keçən işdə hökm oxundu - bir nəfər məhkəmədən gizlənmişdi...

İlhamə Quliyevanın oğlunun adı keçən işdə hökm oxundu - bir nəfər məhkəmədən gizlənmişdi...
Загрузка...
Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başa çatın. Onlardan biri özünü vəkil kimi təqdim edərək vətəndaşları aldadıb. Bildirək ki, bu işdə mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun da adı keçirdi. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Etibar Hüseynov cinayət işi üzrə məhkəmə prosesinə hakim Ramella Allahverdiyeva sədrlik edib.
Məhkəmənin hökmü ilə Etibar Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib. Bu işdə adı keçən digər təqsirləndirilən şəxs Çingiz Ismayılov barəsində isə bir neçə ay əvvəl hökm çıxarılıb. Bildirək ki, hər iki şəxs məhkəmələri davam edərkən ev dustaqlığında idi. Etibar Hüseynov hökm oxunacağı gün məhkəməyə gəlməyərək gizlənmişdi.
Daha sonra isə onun barəsində axtarış elan edilmişdi. Həmin ərəfədə isə Çingiz İsmayılova hökm oxunmuş və onu məhkəmə zalında həbs etmişdilər. Etibar Hüseynov isə həbs edilərək sonradan hakim qarşısına çıxarılıb. İttihama görə, Etibar Hüseynov özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək bir neçə nəfərə qarşı dələduzluq edib.
Belə ki, E.Hüseynov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilərək hakim qarşısına çıxarılan Əziz Hüseynov barəsində qərarı dəyişdirəcəyini vəd edib. İstintaqı aparan vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyib və bu məqsədlə də ev dustaqlığında olan Əziz Hüseynovdan 3640 manat alıb. E.Hüseynov bundan başqa təqsirləndirilən Çingiz İsmayılovla qabaqcandan əlbir olaraq Vəli Məmmədova qarşı dələduzluq ediblər. Onlar Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəməsi olan Qərib Məmmədovun atası Vəli Məmmədovdan 22 min manat alıblar. E.Hüseynov Q.Məmmədovun işinə baxan hakimlərlə yaxın münasibətlərinin olduğunu, onun azadlığa çıxmasını təmin edəcəyini vəd edərək Vəli Məmmədovu aldadıb.
İttihamda yazılır ki, E.Hüseynov digər dələduzluq əməlini Zəhra Məmmədovaya qarşı edib. O, Zəhra Məmmədovanın həbsdə olan qızı barəsində bəraət hökmü çıxartdıracağını vəd edib. O, ibtidai istintaqı aparan şəxslərlə yaxın əlaqəsinin olduğunu deyib, müstəntiq və digər vəzifəli şəxslərə rüşvət vermək adı ilə Zəhra Məmmədovadan 18 600 manat alıb. E.Hüseynov ittihamda yazılan digər cinayət əməlini Ağatahir Zəkiyevə qarşı edib. O, özünü vəkil kimi təqdim edərək Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 234-cü (narkotik) maddəsi ilə təqsirləndirilərək hakim qarşısına çıxarılan Ağatahir Zəkiyevin cəzasını cərimə cəzası ilə əvəz edəcəyini vəd edib və onun yaxınlarından 7 min manat alıb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 312-ci (rüşvət vermə; aktiv rüşvətxorluq) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmədə təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülən ittihamlarla özlərini təqsirli bilmədiklərini demişdilər. Sonuncu məhkəmə prosesində zərərçəkmişlərdən Zəhra Məmmədova ifadə verərkən bu işdə mərhum Ilhamə Quliyevanın oğlunun adını çəkmişdi. O, qızı Sevinc Məmmədovanın dələduzluq ittihamı ilə həbs edildiyini və vəkil kimi Etibar Hüseynovla danışıq apardıqlarını deyirdi.
Zəhra Məmmədova Etibar Hüseynovu qardaşı oğlunun tanışı vasitəsi ilə tanıdığını deyib: "Qardaşımın oğlu İlhamə Quliyevanın oğlu Orxanın sürücüsü idi. Biz də Etibarı Orxan vasitəsi ilə tanımışıq. Bir neçə dəfə bizə gəlib. Nəvəsinin canına and içirdi. Birinci dəfə gələndə 5 min verdim. Sonra da əlavə olaraq hissə-hissə pulları aldı. Məhkəməyə gedirdik. Amma o, içəri girmirdi. Binadan içəri keçib sonra da harasa gedirdi. Bizi də belə aldadırdı".
Загрузка...
Загрузка...

Xəbər lenti