İlham Əliyev: "Hələ hesab edirik ki, hansısa icra başçısı bir ağadır, xandır, istədiyini edə bilər"

İlham Əliyev:
Загрузка...
 İlham Əliyev yeni seçilmiş deputatlara seçildikləri dairələrdə fəal olmaları, seçicilərlə daim təmasda olmaları barədə tövsiyə verib.
"Siz seçildiyiniz dairələrin problemləri ilə daim maraqlanmalısınız, seçicilərlə görüşməlisiniz, dairələrdə olmalısınız…mövcud olan problemləri də üzə çıxarmalısınız. Bunları icra orqanlarının qarşısına çıxarmalısınız, mərkəzi icra orqanlarının diqqətinə çatdırmalısınız." Bu sözləri prezident İlham Əliyev martın onunda VI çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.
 "Əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya qoyurdular… Öz qohumlarını vəzifələrə yerləşdirmək, hansısa torpaq sahələri əldə etmək, hansısa biznesə dəstək göstərmək və sair və ilaxır… Ona görə yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır", cənab Əliyev yeni deputatlara tövsiyələr verib.
Ölkə prezidenti çıxışı zamanı vətəndaşlara ictimai nəzarət barədə müraciət edib. O deyib ki, hələ ki bu proses yavaş gedir. O, vətəndaşlardan qarşılaşdıqları qanunsuzluqlar barədə Prezidetn Administrasiyasına məktublar göndərməyi istəyib. 

Prezident qeyd edib ki, əvvəllər bu məktubları bəziləri gizlətsə də, indi buna son qoyulur. "Hələ hesab edirik ki, bəli, orada hansısa icra başçısı bir ağadır, xandır, istədiyini edə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər. Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları. İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var", o deyib.
"Heç bir seçki qüsursuz olmur"
İlham Əliyev deyib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və onun təsiri altında olan bəzi qurumlar bu dəfə də hansısa qüsurları qabardıb, onları böyük hadisə kimi təqdim etməyə çalışıblar. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB), ATƏT Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) birgə Müşahidə missiyası 9 fevral seçkisindən sonra bildirib ki, "məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanda erkən parlament seçkilərində əsl rəqabətə mane olub."
"Heç bir seçki qüsursuz olmur. Bu dəfə də qüsurlar olub və 4 dairənin nəticələrinin ləğv edilməsi onu göstərir ki, bu qüsurların olmaması üçün Azərbaycan özü maraqlıdır. Azərbaycan xalqı seçkilərin nəticələri ilə razılaşıb. Bizim üçün əsas məsələ bundan ibarətdir", İlham Əliyev deyib.
İlham Əliyev çıxışında Avropa Parlamentini də tənqid edib. "… birincisi, biz bu qurumun üzvü deyilik, ikincisi, buna lüzum görmürük, təxminən eyni səbəblərə görə. Çünki Azərbaycana qarşı ədalətsiz qətnamələrin qəbul olunması sahəsində Avropa Parlamenti birincilik əldə edib. Onların da qətnamələri bizim üçün tamamilə əhəmiyyətsizdir. Beləliklə, biz bu təşkilatı dəvət etmirik. Onlar isə bəyanat yayırlar ki, bu seçkiləri müşahidə etməkdən imtina edirlər. Bu, ən yumşaq sözlə desəm, siyasi saxtakarlıqdır. Çünki biz sizi dəvət etmirik, biz sizi burada görmək istəmirik, biz sizə inanmırıq", prezident deyib.
 Çoxpartiyalı Milli Məclis
İlham Əliyev VI çağrış Milli Məclisi çoxpartiyalı adlandırıb. "Bütün siyasi qüvvələr seçkilərdə iştirak etmişlər. Sadəcə olaraq, özünü müxalifət adlandıran marginal qruplaşma seçkiləri sanki boykot etmişdir. Bu da gülməlidir. Çünki Azərbaycan xalqı bu rüsvayçı qurumu çoxdan boykot edib və 27 ildir ki, onlar tarixin zibilxanasındadırlar. Belə olan halda boykot elan etmək həm gülməlidir, həm də təəccüblüdür", o deyib. 

İlham Əliyev Prezident Administrasiyasının nümayəndələrinin bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirdiyini də deyib. O deyib ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. "Bir partiya - hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir. Ancaq yenə də marginallaşmış və bütün dayaqlarını tam itirmiş dərnək tipli qruplaşma bu görüşdən imtina etdi. İmtina edib, indi özü bilər. Hər halda, uduzan biz olmayacağıq" - İlham Əliyev deyib.
 "Təmizləmə işləri"
İlham Əliyev deyib ki, bəzi yerli icra orqanlarında müşahidə olunan "biabırçı mənzərə" bütün xalqı hiddətləndirir. Fevral ayında Dövlət Təhlükəsizlik Xidməti Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində azı 6 nəfəri əsasən rüşvətə görə şübhəli şəxs qismində saxlayıb. Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev DTX-nın əməliyyatından sonra vəzifəsindən azad edilib. "Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır. Əgər hansısa bir adam özündə bu xüsusiyyətləri görmürsə, o, dövlət işindən getsin, sabah bədbəxt olmasın." O deyib.
Yeni qanunvericilik
İlham Əliyev deputatların qarşısında qanunvericilik sahəsində böyük vəzifələr durduğunu deyib. O deyib ki, "prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil". "Milli Məclis, deputatlar da bu işlərlə məşğul olmalıdırlar. Baxın, görün, qəbul olunmuş qanunlar icra edilir, yoxsa edilmir, bu qanunları pozurlar, yoxsa pozmurlar. Əgər belə hallar aşkarlanarsa, onda əlbəttə ki, ciddi cəza tədbirləri görülməlidir". O, informasiya mühafizəsi, sosial siyasət, gənclər siyasəti ilə bağlı da danışıb və deyib ki, gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər.
 Beynəlxalq təşkilatlarla əlaqələr
Prezident "anti-Azərbaycan qüvvələrin yeni beşinci kolon axtarışı apardığını" da deyib. "Mən bütün siyasi qüvvələri bu məsələ ilə bağlı çox ciddi xəbərdar etmək istəyirəm ki, bu yol xəyanət yoludur, bu yola gedən xalq, dövlət qarşısında xəyanət edəcək. Ona görə bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır".
İlham Əliyev deyib ki, beynəlxalq təşkilatlarda Azərbaycanı təmsil edən deputatlar fəal olmalıdırlar, turist kimi getməməlidirlər, sonra nə iş gördüklərini, kiminlə görüşdüklərini və hansı məsələni qaldırdıqları barədə hesabat verməlidirlər.
"Bəzi hallarda bu, turist səfərlərini xatırladır. Getdik, görüşdük, oturduq, danışdıq, yedik, qayıtdıq. Özü də bəzi səfərlər, ümumiyyətlə, qəbuledilməzdir. Mən bu gün bu haqda çox danışmaq istəmirəm, amma bilirəm nə baş verir, hansı hadisələr baş verir. Ona görə biz beynəlxalq fəaliyyətimizin səmərəliliyini artırmalıyıq. O təşkilatlarda ki, bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Yəni, onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır", o deyib. İlham Əliyev deputatlara heç bir sövdələşməyə getmək olmaz deyib.
"Beynəlxalq təşkilatlarla işləmək lazımdır, biz də işləyirik, ancaq bizim maraqlarımız var və kifayət qədər arqumentlərimiz var. Ona görə mən sizi bu mübarizəyə çağırıram - həm Avropa Şurasında, həm ATƏT Parlament Assambleyasında, həm də bütün başqa təşkilatlarda"- İlham Əliyev VI çağrış Milli Məclisin ilk iclasında deyib.

Xəbər lenti