İldırımzadələrdən 43 min dollar almış müəlliməyə 5 il həbs

İldırımzadələrdən 43 min dollar almış müəlliməyə 5 il həbs
Загрузка...
 Təqsirləndirilən: "Həbsimdən dərhal sonra həyat yoldaşım boşandı”
Odlar Yurdu və Dövlət Dillər Universitetinin keçmiş müəllimi, 35 yaşlı Leyla Əliyeva 5 il azadlıqdan məhrum edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, o, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirli bilinib. L.Əliyeva İldırımzadələr ailəsinin iki üzvünü aldatmaqda ittiham olunur. Lakin bu işdə Sevda və Gövhər İldırımzadələrdən başqa da bir neçə zərərçəkmiş var. İttihama görə, bu adamlar işə düzəlmək, banka kredit ödəmək adıyla aldadılıb.
İddia olunur ki, L.Əliyeva zərərçəkmişlərdən bəzilərinə özünü Azərbaycan Diplomatiya Akademiyasının müəllimi kimi təqdim edib. Onun özü də, vəkili də məhkəmədə ev dustaqlığına buraxılmaq üçün dəfələrlə vəsatət versə də, təmin olunmayıb. Deyib ki, azadlıqda olsa, çalışıb, zərərçəkənlərə dəymiş ziyanı ödəyə bilər. O, həbsdə olduğu müddətdə valideynləri pulun bir qismini ödəyib. Zərərçəkmiş Gövhər və anası Sevda İldırımzadələr L.Əliyevaya 43 min dollar pul verdiklərini iddia edir. G.İldırımzadə Leyla ilə ali məktəbdə birlikdə təhsil alıb. İldırımzadələr məhkəməyə gəlməyib. Hər ikisi teleqram göndərib ki, istintaqdakı ifadələrini təsdiqləyirlər. İstintaqdakı ifadələrindən isə belə məlum olur ki, onlar bankdan kredit götürüblər. 43 min dollar da krediti bağlamaq üçün imiş. Leyla pulu onlardan alıb, krediti də, faizlərini də özü ödəyəcəyini deyib. Amma kredit ödənilməyib. L.Əliyeva adamlardan pulları aldığını təsdiqləyir. Borcu olduğuna görə bu addımları atdığını söyləyir. İldırımzadələrdən alınan pula gəlincə, bildirir ki, o puldan 3 min dollarını banka kreditdən ödəyib.
Onun sözlərinə görə, İldırımzadələr daha az faiz ödəmək üçün pulu ona vermişdilər. L.Əliyeva məhkəmədə deyib ki, İldırımzadələrin şikayətindən sonra həbs olunub. Həbsindən dərhal sonra da həyat yoldaşı onu boşayıb: "Ailəm dağıldı, övladım tələf oldu...”
G.İldırımzadə polis polkovniki Rasim İldırımzadənin qızı, S.İldırımzadə isə həyat yoldaşıdır. R.İldırımzadə özü də Xətai rayon prokuroru Yusif İldırımzadənin qardaşıdır. Digər zərərçəkmiş Kəmalə Əliyeva da Dövlət Dillər Universitetində L.Əliyeva ilə eyni vaxtda ali təhsil alıb. Uzun illər görüşməyiblər. Günlərin birində "Gənclik Mall”da qarşılaşıblar, bir-birinə telefon nömrəsi verib, sonradan ünsiyyət saxlamağa başlayıblar: "Sonrakı danışıqlarımızda dedi ki, həyat yoldaşı Şahin Azərbaycan Diplomatiya Akademiyasında (ADA) işləyir. Məni ora işə düzəldə bilər. Sənədlərimi hazırlayıb, gətirib ona verdim. 4 min manat da pul verdim. Atası pulumun 2 min manatını qaytarıb”.

Xəbər lenti