"İki polis evlərinə gəlib, atasının və qardaşının gözü qarşısında..." - VƏKİL

Загрузка...
 «İki polis evlərinə gəlib, atasının və qardaşının gözü qarşısında «beş dəqiqəlik söhbət eləmək» adıyla aparıb, sonra da xuliqanlıq, polisə tabe olmamaq ittihamıyla 30 gün inzibati həbs cəzası veriblər», – vəkil Zibeydə Sadıqova bunu AXCP Gənclər Komitəsinin üzvü Ramid Nağıyev haqqında danışarkən deyib.
Aprelin 9-da Bakı Apellyasiya Məhkəməsində R.Nağıyevin 30 günlük həbsi barədə Binəqədi Rayon Məhkəməsinin 31 mart 2019-cu il tarixli qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.
Vəkil Z.Sadıqova bildirib ki, R.Nağıyevi Binəqədi rayonu, 6-cı polis bölməsinə aparıb bir neçə saat saxlayandan sonra ona imzalamaq üçün inzibati xətaya dair protokol təqdim olunub. Orada yazılıb ki, R.Nağıyev küçədə xuliqanlıq edib, onu intizama dəvət edən polislərin tələbinə əhəmiyyət verməyib. «Ramid Nağıyev müxalifət partiyasının üzvüdür. Bu partiya mitinq etməyə hazırlaşırdı. Mitinq təyin olunan ərəfədə R.Nağıyevlə yanaşı, partiyanın daha üç fəalı da həbs olunub», – vəkil əlavə edib.
R.Nağıyev özü də məhkəmədə bildirib ki, mitinqlər ərəfəsində dəfələrlə həbs olunub: «Bu, eyni maddələrlə dördüncü həbsimdir. Hamısı da əsassız olub. Mən siyasi fəaliyyətimə görə cəzalandırılmışam».
Hakim İlqar Murquzov qısa müşavirədən sonra 30 günlük həbs qərarının dəyişdirilmədən qüvvədə saxlandığını elan edib. Cəbhəçi gəncin yaxınları AzadlıqRadiosuna bildirib ki, qərardan Avropa Məhkəməsinə şikayət göndərəcəklər.
Xatırlatma
AXCP-nin də daxil olduğu Milli Şura aprelin 6-na mitinq təyin etmişdi. Amma «Siyasi məhbuslara azadlıq», «Korrupsiyaya yox» və başqa şüarların səslənəcəyinin gözləndiyi aksiyaya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müsbət cavab verməyib. Hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması fikirlərini qəbul etmirlər. Onlar deyirlər ki, siyası məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər. Hakimiyyət rəsmiləri korrupsiya ilə bağlı tənqidləri də qəbul etmirlər, ölkədə korrupsiya ilə mübarizədə hakim iradənin olduğunu vurğulayırlar.
Загрузка...
Загрузка...

Xəbər lenti