"İki evimi Hacı Qalib darmadağın edib" - Təkadamlıq aksiya keçirmək istəyən Azərbaycan vətəndaşı

Загрузка...
Seymur Quliyev polisə çağırılmasının səbəbini açıqladı. 
"Səbail Rayon Polis İdarəsinə dəvət etdilər, Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH), Prezident Adminstrasiyasının qarşısında təkadamlıq aksiya keçirmək istəyimin səbəbi ilə maraqlandılar. Ərizə yazıb böyük bir cinayətlə üz-üzə qaldığımı, əmlakımın qəsb olunduğunu, 2 evimin Hacı Qalib Salahzadə tərəfindıən darmadağın edildiyini, evlərimdəki bütün əşyaların talandığını, uşaqlarımın paltarlarını belə oğurlandığını bildirdim” - Azərbaycan vətəndaşı Seymur Quliyev Criminal.az-a açıqlamasında belə deyib. 

Onun sözlərinə görə, Səbail Rayon Polis İdarəsində ərizə-izahatı alınandan sonra Bakı Şəhər Baş Polis İdarəsinə də dəvət olunub: "İdarədə eyni məzmunlu ərizə-izahat yazdım. Bildirdim ki, 9 ildir ki, mənə qarşı bu cinayət törədilib və bu günə qədər də hər hansı bir qanuni tədbir görülməyib. Mən dövlət qurumlarına saysız-hesabsız ərizə-şikayət yazmışam. Hər dəfə məni əmin ediblər ki, mənə qarşı cinayət araşdırılacaq, cinayəti törədən şəxslər cəzaya çatdıracaqlar. Amma bu günə qədər də nəticə yoxdur”. 

Seymur Quliyev bildirib ki, ötən ay belə bir aksiyanın keçirilməsi üçün BŞİH başçısı Eldar Əzizova müraciət edib. "Eldar Əzizova müraciətimdə yazmışdım ki, mən, Azərbaycan vətəndaşı Seymur İsrafil oğlu Quliyev Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə, "Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna uyğun olaraq mülkiyyət hüququma(Konstitusiyanın 13-cü maddəsi) 9 ildir davam edən qəsdə, dövlət qurumlarında, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətində üzləşdiyim süründürməçiliyə etiraz nümayiş etdirmək, haqlı mövqeyimi ölkə ictimaiyyətinin, ölkə rəhbərliyinin diqqətinə çatdırmaq məqsədilə təkadamlıq aksiya keçirməyi qərara almışam. Polisdə də məni anlayışla qarşıladılar, bildirdilər ki, səlahiyyətləri çərçivəsində məsələnin həllinə səy göstərəcəklər” – deyə Seymur Quliyev bildirib.
Onun sözlərinə görə Bakı Şəhər İcra Hakimiyyətinin binası önündə və Prezident Adminstrasiyası qarşısında aksiya keçirmək niyyəti qüvvəsindədir: "Polisin məsələ ilə bağlı atacağı addımların nəticəsinin olacağına ümidliyəm. Eyni zamanda daxili işlər naziri Vilayət Eyvazova da müraciət edəcəyəm”. 

Xatırladaq ki, Seymur Quliyev keçirməsini planladığı aksiyada "Cənab Prezident!!! Konstitusiyanın 13-cü maddəsi ilə təsbit olunan mülkiyyət hüququmu bərpa edin!!!” "Azərbaycan dövləti, Vətəndaş olaraq hüququmu bərpa elə!!! Konstutusiyanın 13-cü maddəsi:
Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Harada müdafiə olunur? Yerini göstərin!!!!” "Mülkiyyət hüququmuzu qəsb edən Hacı Qalib Salahzadə cəzalandırılsın!!! 9 illik məhkəmə süründürməçiliyinə son qoyulsun!!!”
"Eldar Əzizov, Hacı Qalibdən qorxma, bizim yolumuzu aç!!! Azərbaycan dövləti mülkiyyət hüququmuza qəsdi aradan qaldır!!!” səsləndirəcəyi bu şiarları transparantlarla da nümayiş etdirmək niyyətini açıqlamışdı. 

Demişdi ki, Qalib Salahzadə 2012-ci ildə onun özəl mülkiyyətində olan Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi ev 21 ünvanını zəbt edib. Həmin ünvanda yerləşən 2 və 3 mərtəbəli mülkləri dağıdıb. Bundan sonra o, məhkəmələrə üz tutub. Məhkəmələr Seymur Quliyevin xeyrinə qərar versələr də, Qalib Salahzadə bu gün də onun özəl mülkündən çıxmır, ərazini avtodayanacağa çevirməklə pul qazanır. 

Seymur Quliyev bildirmişdi ki, Qalib Salahzadə bu hərəkətlərə yol verərkən akademik Arif Paşayevin adını hallandırır: "Təkcə mənim torpağımı deyil, 28 üzvü olan "Posat” kooperativinin Bilgəhdəki ərazisini də zəbt edib. Kooperativ üzvlərinə də, mənə də Arif müəllimin adını hallandırıb. Atamla, anamla, vəkilimizlə Arif müəllimin yanında olmuşuq. Qalibə tapşırıb ki, get, bu adamların problemini həll elə. Ona yanımızda çox ağır sözlər deyib. Həmin söhbətdən 3 il keçib. Bu gün Qalib ona verilən tapşırığı icra etməyib. Arif müəllimin qəbuluna düşə bilmirik. Onun sürücüsü Elman Qaliblə əlbir olub bizi Arif müəllimin qəbuluna buraxmır”. 

Seymur Quliyev bildirib ki, bu gün Qalib Salahzadə onun özəl mülkiyyətində olan torpaqdan özünü "Şəbəkə” restoranının avtodayanacağı kimi istifadə edir. 
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Criminal.az-ın sorğusuna cavab olaraq bildirildi ki, vətəndaş Seymur Quliyevin qaldırdığı məsələrlə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti