“İdeal”ın keçmiş sahibinə görə məhkəməyə təcili yardım gəldi

“İdeal”ın keçmiş sahibinə görə məhkəməyə təcili yardım gəldi
 İlqar İsmayılov onun adından şirkətin xəzinəsindən külli miqdarda vəsaitin çıxarılması barədə qəbzlərin saxta olduğunu deyir
"İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılovun vəziyyəti məhkəmədə pisləşib. Bu, oktyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində İlqar İsmayılovun işi üzrə məhkəmə iclası yekunlaşandan sonra baş verib. İş adamının vəkili İlhamə Həsənovanın verdiyi məlumata görə, məhkəməyə Təcili Tibbi Yardım çağırılıb.
Məhkəmənin binasında ona tibbi yardım göstərilib. İlqar İsmayılovun işi üzrə məhkəmə istintaqı başa çatmaq üzrədir. Ötən məhkəmə iclasında iş adamının vəkilləri vəsatət qaldırmışdı ki, "İdeal Company”nin mühasibi olmuş Samirə Quliyeva məhkəmədə əlavə şahid qismində yenidən dindirilsin. Çünki o, əvvəlki məhkəmə iclaslarında dindirilib. Samirə Quliyeva təsdiqləyib ki, şirkətin kassasına İlqar İsmayılovun 2 milyon manata yaxın mədaxil etdiyini sübut edən qəbzlərdəki imzalar ona məxsusdur. Samirə Quliyeva oktyabrın 11-də məhkəməyə çağırılsa da, gəlməmişdi.
Hakim Əli Məmmədov bildirib ki, o, növbəti məhkəmə iclasına da çağırılacaq və dindiriləcək. Budəfəki məhkəmə iclasında iş materiallarındakı sənədlər elan edilib. Onların arasında İlqar İsmayılov haqqında 2017-ci ildə başlanmış, 2018-ci ilin yanvarında xitam verilmiş cinayət işi ilə bağlı sənədlər də vardı. İndi olduğu kimi, o vaxt da iş adamı "İdeal”ın xəzinəsindən mənimsəmədə ittiham olunub. Lakin sonradan audit rəyi əsasında sözügedən cinayət işinə xitam verilib. Audit rəyi İlqar İsmayılovun şirkətin direktoru olduğu 2006-2016-cı illəri əhatə edib.
Audit rəyində qeyd olunub ki, 2016-cı ilə qədər cəmi 46 min manatlıq kənarlaşma aşkarlanıb. Həmin məbləğ də İsmayılov tərəfindən şirkətə ödənildiyinə görə cinayət işinə xitam verilib. Bu sənəd elan ediləndən sonra vəkillər bildirib ki, İlqar İsmayılovun direktor olduğu 2006-2016-cı illərlə bağlı araşdırma aparılıb, hüquqi qiymət verilib. Lakin indiki halda, yenə də o, eyni dövr üzrə eyni əməldə ittiham olunur. Bu isə qanunaziddir. "Çünki qanun şəxsin eyni əmələ görə iki dəfə cəzalandırılmasını qadağan edir”, - vəkil İlhamə Həsənova bildirib.
Hakim Əli Məmmədov bildirib ki, bu məsələyə məhkəmə sonda hökm çıxarılanda müşavirə otağında qiymət verəcək. Daha sonra "İdeal”ın xəzinəsindən pul çıxarılması haqda məxaric qəbzləri elan edilib. O vəsaitləri İlqar İsmayılovun çıxardığı iddia olunsa da, sənədlərdə onun imzası yoxdur. İş adamı həmin vəsaitləri şirkətdən götürmədiyini, imzası olmayan qəbzlərin də saxta olduğunu bildirib.
Məhkəmə prosesi oktyabrın 18-də davam edəcək.
İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir. İş adamı bildirib ki, "İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib.
İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir. O, həbsindən bir neçə gün əvvəl "Facebook” hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi "İdeal Company”nin direktoru təyin etmək məcburiyyətində qalıb. Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə sonda iş adamını haqlı sayıb və onun haqqında bəraət hökmü çıxarıb. "İdeal”ın idarəçiləri 2020-ci ildə "Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət "Adore Company”ə daxil edilib.
"Adore Company”nin rəhbərliyində bir neçə ay əvvəl dəyişiklik olub. Bu ilin yanvarında şirkətin direktoru Samir Əliyev Nərmin İsmayılova əvəzləyib. AZAL rəhbərinin xanımı Zərifə Həmzəyeva "Premium Bank”ın da əsas səhmdarı, "Gazelli Group”un da rəhbəridir.

Xəbər lenti