İctimai vəkil: "Jurnalist Anar Məmmədova bəraət verilməlidir"

İctimai vəkil:
Загрузка...
"Criminal.az saytının baş redaktoru Anar Məmmədovun xüsusi ittiham qaydasında məhkəməyə verilməsini və onun cinayət məsuliyyətinə cəlb edilməsi tələbini birmənalı şəkildə pisləyir, bu hərəkətin KİV-in azadlığına və fikir ifadə etmək sərbəstliyinə təzyiq kimi qiymətləndirirəm". Bu fikirləri ictimai vəkil Samir Zeynalov Criminal.az saytının baş redaktoru Anar Məmmədov yenə həbs təhlükəsi ilə üzləşməsi ilə bağlı məhkəmə prosesi öncəsi deyib.
Onun sözlərinə görə, A.Məmmədovun barəsində gedən məhkəmə prosesinə dair məhkəmə-linqivistik ekspertizasının qəbul etdiyi rəyin nəticəsinə nəzər yetirdikdə görmək mümkündür ki, şikayətçinin təzyiq təfəkkürünə ekspert tərəfindən aşkar şəkildə bəraət qazandırılıb: "Əslində bu faktialoji reallıq məhkəmə ekspertizalarının fəaliyyət timsalında çoxdan adi hala çevrilib desəm, yalan olmaz. Öz təcrübəmdən qeyd edə bilərəm ki, kifayət qədər saxta məhkəmə ekspertizası rəyləri ilə üzləşmişəm ki, bu rəylərin həqiqətən saxta olduğu məhkəmə araşdırması zamanı da öz müfəssəl təsdiqini tapıb.
Diqqət yetirək 14 aprel 2020-ci il tarixli ekspert Hümmət Vəliyev tərəfindən iş üzrə qəbul edilmiş rəyin nəticə hissəsinə: "Lombard” sözü lüğəvi izahlarına görə təhqiramiz məna ifadə etmir. Lakin Məlahət Qurbanova cəmiyyətdə, kollektivdə, onu tanıyan şəxslər arasında "Lombard Məlahət” ayaması ilə tanınmırsa, kütləvi belə bir adla indiyədək təqdim edilməyibsə və bu ayama "Criminal.az” saytında bilə-bilə qəsdən işlədilibsə, ondan məqsədyönlü şəkildə M.Qurbanovanın şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən məlumat hesab edilər”".
"Məhkəmə-linqivistik ekspertizasının apardığı tədqiqatın nəticəsinə dair belə qənaətə gəlmək mümkündür ki, ekpertin rəyi təzadlı olmaqla bərabər, həm də məhkəməyə aid olan səlahiyyətlərin mənimsənilməsinini ehtiva edir. Belə ki, ekspert haqlı olaraq qeyd edir ki, "lombard” sözü lüğəvi mənasına görə izahlı lüğətlərdə təhqiramiz məna ifadə etmir. Daha sonra ekspert haqsız olaraq qeyd edir ki, əgər bu ifadə məqsədyönlü şəkildə işlədilibsə M.Qurbanovanın şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən məlumat hesab edilə bilər. Göründüyü kimi ekspert ona həvalə edilmiş vəzifə səlahiyyətlərini bilərəkdən aşmaqla məhkəməyə iş üzrə nəticəyə gəlmək üçün eyhama yol verib. Ekspertin gəldiyi nəticə ümumiyyətlə əsassız və gərəksizdir. Çünki məhkəməyə məlum idi ki, hazırkı işin predimeti yalnız "Lombard” sözünün təhqir və böhtan ifadə etməsi ilə bağlıdır. Şübhəsiz ki, "Lombard” sözü təhqir ifadə edən söz deyil. Bu sözün məlum şəxs haqqında böhtan olması isə ümumiyyətlə müzakirə və mübahisə predimeti ola bilməz. Çünki xüsusi ittihamçı qismində tanınan Məlahət Qurbanova adlı şəxsin lombard sahibi olması və bu istiqamətdə uzun müddəti əhatə sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktdır. Belə olan halda, məlum şəxsin şərəf və ləyaqətinin alçaldılması haqqında düşünmək əlbəttə ki, mümkünsüzdür".
S.Zeynalov məhkəmə təcrübəsinə və qanunvericiliyin tələblərinə diqqət yönəldir: Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar.Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir.
Bu xüsusla Ağdam Rayon Məhkəməsi CPM-in 302.1.6-cı maddəsini rəhbər tutaraq xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən aşağdakı hüquqi əsaslara görə imtina etməli idi:
1). İfadə azadlığı mühüm əhəmiyyət daşıyan insan hüququdur, xüsusən ona görə ki, o, demokratiyanın bərqərar edilməsində və bütün digər insan hüquqlarının reallaşmasında mühüm rola malikdir.İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 19-cu maddəsi ifadə azadlığı hüququnu aşağıdakı ifadələrlə təmin edir: Hər kəs fikir və ifadə azadlığı hüququna malikdir; bu hüquqa öz rəyində qalmaq azadlığı və hər hansı maneə olmadan istənilən vasitələrlə və sərhədlərdən asılı olmayaraq məlumat və ideyaları axtarmaq, almaq və yaymaq azadlığı daxildir.
2). Bladet Tromso və Stensaas Norveçə qarşı 1999-cu il tarixli, 21980/93№-li iş üzrə Avropa İnsan Haqqları Məhkəməsi qeyd etmişdir ki, "jurnalist sərbəstliyi həmçinin şişirtmə və ya provakasiyaya da imkan verir”. Yəni ehtimal etsək belə Anar bəy məlumat mənbələrinin qıtlığı və ya özünün mübahisəli təbiəti baxımından şikayətçi ilə bağlı baş redaktoru olduğu "Criminal.az” saytında şişirtmə və provakasiya xarakterli məlumata yol verib, bu halda belə onun şikayətçinin şərəf və ləyaqətini alçaldılmasına yönəlik qəsdli hərəkətlərə yol verməsi müşahidə olunmur.
Şikayətçinin bəlli məşğuliyyət növü ilə bağlı ona ayama qoşulması faktın mövcudluğunu jurnalist sərbəstliyi və fəaliyyəti fonunda təqdimatına xüsusi ehtiyac yaradıbsa, bu durum şikayətçinin şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz və ya bu barədə "qiymətləndirilə bilər” nəticəsinə gəlməyi əsaslı hesab etmək olmaz. AHİM-in təcrübəsinə əsaslanaraq onu da əlavə olaraq qeyd edim ki, "fikri ifadə etmək azadlığı yalnız müsbət qarşılanan və ya ziyansız, biganəlik əks etdirən "məlumat” və ya "ideya”lara deyil, həmçinin dövləti və ya əhalinin hər hansı hissəsini təhqir edən, şoka salan və ya narahat edən "məlumat” və ya "ideya”lara da şamil edilir.
Odur ki, qeyd edilənlərə əsasən belə hesab edirəm ki, "Criminal”.az saytının baş redaktoru Anar Məmmədov Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndi ilə nəzərdə tutulan hüdudları aşmadığından ona hazırkı iş üzrə bəraət verilməlidir. 
Xatırladaq ki, M.Qurbanova baş redaktoru iki maqaləyə görə xüsusi ittiham qaydasında məhkəməyə verib. Məqalələrdə Qurbanova ilə keçmiş əmək naziri Füzuli Ələkbərov arasında qeyri-yaşayış sahəsinə görə çəkişmədən söhbət gedir. M.Qurbanova iddia edir ki, lombardla məşğul olmur və jurnalisti keçmiş nazirin maraqlarını müdafiə etməkdə ittiham edir. O, jurnalistin CM-in 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə mühakimə olunmasını tələb edir.
Məhkəmə A.Məmmədovu təqsirli bilərsə, onu iki ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir və üstəlik, hazırda şərti olaraq çəkdiyi 5,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası. Bu cəzanı o 2018-ci ildə Gəncənin keçmiş rəhbəri Elmar Vəliyevə sui-qəsdlə bağlı criminal .az saytında dərc edilən yazılarla əlaqədar səlahiyyət və vəzifə saxtakarlığında, dövlət əleyhinə çağırışlarda ittiham edilərək alıb. A.Məmmədovun barəsində hökmü bir sıra beynəlxalq jurnalist təşkilatları, həmçinin ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir pisləyiblər.

Xəbər lenti