İcra başçısının cinayətinin şahidləri məhkəməyə ərizə yazıb dindirilmələrini istədilər İcra başçısının cinayətinin şahidləri məhkəməyə ərizə yazıb dindirilmələrini istədilər

İcra başçısının cinayətinin şahidləri məhkəməyə ərizə yazıb dindirilmələrini istədilər
 Quba rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyev müstəqil jurnalist Cəmil Məmmədlini xüsusi ittiham qaydasında məhkəməyə verib. İşə Xaçmaz rayon Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə baxılır. İcra başçısı Ziyəddin Əliyev jurnalisti ona sosial şəbəkələrdə böhtan atdığını və təhqir etdiyni iddia edir. Xüsusi ittihamın məhkəməyə təqdim olunması jurnalsitin Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə bağlı araşdırma videolarından sonraya təsadüf edir. Ötən prosesdə Cəmil Məmmədlinin 27 fevral 2021-ci ildə hazırladığı 17 dəqiqə 43 saniyəlik "Qədim Qubanın müasir günü - I hissə... (kadr siyasəti...) videoreportajına baxış keçirilmişdi.
Həmin videoda Ziyəddin Əliyevin kadr siyasəti haqda şəxsi fikirlər, mülahizələr yer alıb. Digər videolarda isə korrupsiya cinayətləri haqda məlumatlar diqqətə çatdırılır. İcra başçısı hesab edir ki, videomateriallarda yer alan məlumatlar həqiqət deyil, ona böhtan atılıb, təhqir olunub. Aprelin 30-da keçirilən prosesdə Ziyəddin Əliyevin vəkili Seyfəddin Əliyev iş üzrə linqvistik ekspertizanın təyin olunması ilə bağlı vəsatət qaldırdı. Ziyəddin Əliyev Cəmil Məmmədlinin hazırladığı videolarda, sosial şəbəkələrdə yer alan fikirlərində ona böhtan atıldığını və təhqir olunduğunu düşünür.
Buna görə də linqvistik ekspertizanın keçirilməsini, fikirlərin təhqir və böhtan olub-olmaması haqda ekspertin rəy verməsini istəyir. Vəsatətə münasibət bildirən jurnalist Cəmil Məmmədli deyib ki, ekspertizanın keçilməsinə ehtiyac yoxdur. O, bilə-bilə yalan danışmağın, yazmağın böhtan cinayəti hesab olunduğunu bildirib: "Yazmışam ki, 200 nəfər fağırın maaş kartlarını ciblərinə qoyublar, hər ay əvəzlərindən pul alıblar. Həmin 200 nəfərlik siyahı yayılandan sonra mənə Rusiyadan belə müraciət edənlər oldu. Bildirdilər ki, 2017-ci ildən Azərbaycanda olmayıblar. Amma adları hansısa yolla Qubada dövlət büdcəsindən haqqı ödənilən işlərə yazılıb, əvəzlərindən büdcədən maaş alınıb. Cəmil Məmmədlinin videolarında yaylaq yerinin ayrılmasına görə rüşvət alınmasından söhbət açılır.
Jurnalist bildirdi ki, bu epizodla da bağlı məhkəmənin qarşısında şikayətçilərin olduğunu hakimin diqqətinə çatdırdı: -Çağırın, şahid kimi dindirin, yazdıqlarımın doğru və yalan olması aydınlaşsın. Ziyəddin Əliyevin müavini Xanlar Heybətovun yaylaq məsələsi ilə bağlı yazdığı izahatı 1 ay əvvəl feysbukda yaymışam.
Yazır ki, yaylaq məsələsinə görə rüşvət alıb və qəpiyinəcən Ziyəddin Əliyevə verib. Burada böhtan hardadır? Təhqir hardadır? Jurnalistin vəkili Cabbar Bayramov vəsatətin təmin edilməməsini istəyib. Sual edib ki, vəsatətdə yer alan fikirlər niyə görə ekspertizaya getməlidir. Əlavə edib ki, linqvist ekspert şər-böhtana qiymət verə bilməz. Hakim Anar Sadıqov 2 vətəndaşın ərizə ilə məhkəməyə müraciət etdiyini açıqladı. Məlum oldu ki, Elnur Əlimov və Ramin Nəcəfov iş üzrə şahid qismində dindirilmələrini xahiş edirlər.
Bundan sonra hakim müşavirəyə yollandı. Qayıtdıqdan sonra icra başçısı Ziyəddin Əliyevin vəkilinin linqivistik ekspertizanın keçrilməsi ilə bağlı verdiyi vəsatətin təmin edildiyini açıqladı. Bununla əlaqəli proses qeyri-müəyyən vaxta qədər təxirə salındı. Cəmil Məmmədli hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir. O əvvəllər Azadlıq radiosunun bölgə müxbiri olub.

Xəbər lenti