Hüseyn Abdullayev: Ölüm aclığına başlayıram

Hüseyn Abdullayev: Ölüm aclığına başlayıram
Anası: "Ona başqa yol qoymadılar”
Keçmiş deputat Hüseyn Abdullayev saxlandığı 10 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyasına başlayıb. Keçmiş deputat bununla əlaqədar məktub da yazıb. O vurğulayıb ki, ölüm aclığına başlamasının səbəbi Birləşmiş Millətlər Təşkilatının Əsassız Həbslərlə bağlı İşçi Qrupunun onunla bağlı qərarının Azərbaycan hakimiyyəti tərəfindən icra olunmamasıdır.
"Eyni zamanda mən bir şeyi bilmək istəyirəm. Əgər istənilən siyasi rejim özünə müxalif olan, Almaniya və digər dövlətlərdən siyasi sığınacaq alan istədiyi mühaciri oğurlayır və min cür işgəncəyə məruz qoyursa, buna görə məsuliyyət daşımırmı? Bəs onda həmin sığınmanın, mühacirə verilən səyahət pasportunun və 200-ə yaxın dövlətin imzaladığı Cenevrə Konvensiyasının mənası və mahiyyəti nə olur? Azərbaycan dövləti öhdəlik götürərək, imzaladığı məlum konvensiyanı, həm də insan hüquqlarına dair Ümumdünya Bəyannaməsini, eləcə də Mülki və Siyası Hüquqlar haqqında Beynəlxalq Paktı nə üçün öz parlamentində ratifikasiya edib?”, - Hüseyn Abdullayev məktubunda yazıb.
Sabiq deputatın anası Zeynəb Abdullayeva oğlunun aclıq aksiyasına başladığını Meydan TV-yə təsdiqləyib. O bildirib ki, oğlu saxta ittihamlarla, cinayət törətmədiyi halda həbs olunub: "Ona başqa yol qoymadılar...”
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Meydan TV-yə deyib ki, bu barədə onlarda məlumat yoxdur. Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyəyə gəlib və İstanbulda saxlanılıb. Bir gün sonra o, Bakıya gətirilib. O, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi əməllərdə ittiham olunaraq, Bakı Hərbi Məhkəməsinin hökmüylə 6 il azadlıqdan məhrum edilib. Yuxarı məhkəmə instansiyaları da bu hökmü qüvvədə saxlayıb.
Hüseyn Abdullayevlə eyni cinayət işi üzrə anası da cəzalandırılıb. Zeynəb Abdullayeva 4 min manat cərimə cəzasına məhkum edilib. Lakin onların heç biri özünü təqsirli bilmir, ittihamların saxta olduğunu bəyan edir. "Mən Türkiyədən qanunsuz şəkildə, faktiki oğurlanaraq Azərbaycana gətirilmişəm. Tamamilə əsassız, qərəzli və birbaşa siyasi motivli ittihamlarla mühakimə edilmişəm və zorla həbsdə saxlanılıram”, - deyə keçmiş deputat bildirib.

Xəbər lenti