Hüseyn Abdullayev: Həbsimin səbəbi guya Əli Kərimliyə maliyyə dəstəyi göstərməyimdir

Hüseyn Abdullayev: Həbsimin səbəbi guya Əli Kərimliyə maliyyə dəstəyi göstərməyimdir
Загрузка...
 "Türkiyədə saxlanılıb Azərbaycana təhvil verilməyim insan oğurluğu idi”
Almaniyada sığınacaq alsa da, 2018-ci ilin aprelində Türkiyədə saxlanılıb Azərbaycana təhvil verilən keçmiş deputat Hüseyn Abdullayev deyir ki, onun həbsinin səbəbkarı Ramiz Mehdiyevin rəhbərlik etdiyi qruplaşma olub. Sabiq deputatın sözlərinə görə, bu qruplaşma onun AXCP sədri Əli Kərimliyə və xaricdəki mühacirlərə maliyyə yardımı göstərməsi barədə iddialar ortaya atıb. Bu uydurmalarla da onun həbsi üçün razılıq alınıb. H.Abdullayev bütün bunlar barədə ictimaiyyətə ünvanladığı açıq məktubunda yazıb. Meydan TV-nin də əldə etdiyi məktubda sabiq deputat vurğulayır ki, onun həbsinin, verilən ittihamların hüquqla əlaqəsi yoxdur.
Onun sözlərinə görə, həbsinin sifarişi hakimiyyətdəki qruplaşmaların hazırladığı planın tərkib hissəsidir, qisasçılıq məqsədi daşıyır. "Həbsimin əsas səbəbi Ramiz Mehdiyev qruplaşmasının uydurduğu, guya Avropada yaşayan mühacirlərə, o cümlədən Əli Kərimliyə maliyyə dəstəyi göstərməyimdir. Onlar fikir formalaşdırblar ki, guya xaricdəki mühacirləri qabağa verib, kiminsə ailə üzvləri haqda nalayiq sözlər demişəm, məndən bunun qisasını alırlar. Bu iddianın təməlində illər öncə hökumətin parlamentdəki illik hesabatını sərt tənqid etməyim, sosial mediadakı ifşaedici yazılarım və əlbəttə ki, 2013-cü ildə yazdığım "Susma” mahnısının heyfini almaq dayanır. Təsadüf deyil ki, həmin mahnı 2013-cü il iyulun 6-da "Youtube”a qoyulandan bir gün sonra mənə məlum cinayət işi açıldı, məni saxta iddialarla ittiham etməyə başladılar”, - deyə H.Abdullayev məktubunda yazır.
Sabiq deputat deyir ki, ona qarşı ittihamların əsassızlığı məhkəmədə sübuta yetirildi. Onun sözlərinə görə, məhkəmədə səsləndirdiyi fikirləri, etirazları təhrif edib, Prezident İlham Əliyevə şişirdilmiş şəkildə çatdırıblar:
"Üstünə də yüzünü qoyaraq, İlham Əliyevə məruzə edib, guya həbsdən buraxılmağımın çox təhlükəli olduğunu bildiriblər”. Məktubunda Bakı İstintaq Təcridxanasındakı kamerada 23 ay tək saxlanması, bu müddətdə ailə üzvlərilə görüş və telefon danışığı hüququnun da məhdudlaşdırılmasından da bəhs edir: "Mənə bəslənən şəxsi ədavət nə qədər böyükdür ki, belə bir işgəncəyə və düşünülmüş psixoloji terrora əl atdılar. Bütün bunlar siyasi sifariş deyilsə, nədir? Ən pisi odur ki, o vaxtkı "vəkillərim” də satılmış, istintaq qrupu ilə iş birliyinə girərək, baş verənlərdən kimsə xəbər tutmasın deyə, ictimaiyyətə, mediaya heç bir məlumat verməmişdilər. Təcridxana rəhbərliyi isə həm məhkəməyə, həm Almaniya səfirliyinə, həm də BMT və Qırmızı Xaç Komitəsinə ünvanladığım bütün müraciətlərimi göndərməyərək, bilərəkdən cırıb atıb”.
Avropada yaşayan mühacirlərlə münasibətlərinə də toxunan H.Abdullayev vurğulayır ki, vəzifəsindən asılı olmayaraq, hər kəsə sözünü açıq deyən biridir: "Kimlərisə irəli verməyə, kiminsə ailə üzvlərinin ünvanına təhqir söylətdirməyə qəti ehtiyacım yoxdur, olmayıb da. Bir də ki, tənqidçilərindən qisas almaq üçün onların ailəsinə cinayət işi açmaq, təhdid və qorxu altında saxlamaq mənə yox, mövcud iqtidara xas olan keyfiyyətdir”.
AXCP sədri Əli Kərimli ilə münasibətlərinə gəlincə, H.Abdullayev bildirir ki, nə onunla, nə də mühacirlərlə əlaqəsi olub. Onlara maliyyə dəstəyi göstərməyib. Özünə və ailəsinə məxsus əmlakların zəbt olunduğunu deyən sabiq deputat yada salır ki, bu zorakılıq siyasəti hüquq və məhkəmə sistemində aparılan "köklü islahatlar” dövrünə təsadüf edir”. Keçmiş deputat qeyd edir ki, Türkiyə tutub Azərbaycana təhvil verməklə, onu faktiki satıb, beynəlxalq hüquq normalarını tapdayıb: "Türkiyə Terrorla Mücadilə Şöbəsinin bir qrup əməkdaşı tərəfindən saxlanılarkən mənə nə deportasiya qərarı təqdim edildi, nə də onun səbəbləri və sonrakı nəticələri barədə məlumat verildi. Qərardan şikayət vermək və özümü müdafiə etmək hüququmdan da qəsdən məhrum edildim”.
H.Abdullayev Türkiyədə tutulub Azərbaycana təhvil verilməsini məktubda ətraflı təsvir edib. Sabiq deputat yazıb: "Heç vaxt unutmaram. 21 aprel 2018-ci il, hava qaralmaq üzərə idi. Atatürk hava limanının arxasındakı tanımadığım bir yerə gətirilmişdim. Gün batandan sonra 15-ə yaxın polis əməkdaşı məni avtobusa oturdub, "biz səni Almaniya dövlətinə göndərmək üçün təyyarəyə aparırıq” dedi. Görünür, müqavimət göstərməyim deyə... Üzərində "Türk Hava Yolları” yazılmış təyyarənin arxa tərəfinə gətirildikdə şübhələndim: "Siz nə edirsiniz, birdən çaşıb məni Azərbaycana göndərərsiniz, bunu qətiyyən etmək olmaz, eşidirsiniz, etməyin. Mən Almaniya qanunları və o dövlətin konstitusiya ilə qorunan siyasi mühacirəm”, - dedim. Azərbaycanda işgəncələrə və ciddi siyasi repressiyalara məruz qalacağımı bildirdim. Lakin onlar mənim bu fəryadıma, dərin stress və həyəcanıma məhəl qoymadan zor tətbiq edib, arxa trapdan qaldırıb, təyyarədəki Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verdilər. Kim nə deyirsə desin, bunun adı dövlətlərarası insan oğurluğu idi. Alman pasportunu daşıyan bir qaçqının təqib olunduğu ölkəyə verilməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın razılığı olmadan baş verə bilməzdi. Həmin o "Boraltan körpüsünün” şerini oxuyarkən, guya ağlayan Ərdoğanın...” H.Abdullayev hədə-qorxu ilə tələb etmə, vergidən yayınma və s. əməllərdə ittiham edilərək, Bakı Hərbi Məhkəməsinin hökmüylə 6 il azadlıqdan məhrum edilib. Bakı Hərbi Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.
Eyni hökmlə onun 70-yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Zeynəb Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək, 4 min manat cərimələnib.

Xəbər lenti