Hüseyn Abdullayev alman deputatlara müraciət etdi

Hüseyn Abdullayev alman deputatlara müraciət etdi
Загрузка...
 "Budurmu insan haqlarına, demokratiyaya hörmət?”
Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev 2013-cü ildə siyasi sığınacaq aldığı Almaniya hökumətinin ona qarşı baş verənlərə reaksiyasından narazıdır. Bununla əlaqədar, o, Almaniya Bundestaqının deputatlarına müraciət ünvanlayıb. O, Almaniya hökumətindən bir neçə sualına cavab istəyir. Məktubunda əvvəlcə başına gələnlər haqda yazan H.Abdullayev vurğulayır ki, Azərbaycanda avtoritar sistemə qarşı çıxıb, aparılan zorakılıq siyasətini tənqid etdiyinə görə təqib və siyasi repressiyalarla üzləşib. Ona görə də 2013-cü ildə ölkəni tərk edib, Almaniyada siyasi sığınacaq alıb. Amma Almaniyada yaşadığı dövrdə dövlətdən sosial yardım istəməyib. Almaniyanın ona verdiyi səyahət pasportuyla da 2018-ci ilin aprelində Türkiyəyə gəlib. Orada heç bir məhkəmə qərarı, İnterpolun axtarışı olmadığı halda, tutularaq Azərbaycana gətirilib: "Artıq üçüncü ildir ki, həbsdəyəm. Hər gün ağır mənəvi, düşünülmüş psixoloji işgəncələrə məruz qalıram. Səhhətimdə isə ciddi problemlər yarandığından həyatım krtiki təhlükə ilə üz-üzə qalıb”.
H.Abdullayev deyir ki, Almaniyanın aidiyyəti orqanlarının onun taleyinə biganə qalmayacağına, zəruri addımlar atacağına inanırdı. Amma bu baş vermədi.
"Təəssüf ki, Almaniya dövlətinin qanunsuz həbsimə, zorakılıqla Azərbaycana gətirilməyimə olan reaksiyası yalnız Azərbaycandakı səfirliyin əməkdaşlarının məhkəməmdə iştirakı, mənimlə istintaq təcridxanasında bir dəfə görüşməsiylə məhdudlaşdı. Halbuki, siyasi sifariş nəticəsində, birbaşa Ərdoğanın göstərişilə Azərbaycana verilməyim Almaniyanın mənə verdiyi qaçqın statusunu əlimdən almır. Mən özümü hələ də çox sevdiyim, son ümid yerim olan Almaniyanın siyasi mühaciri hesab edirəm. Ona görə xahiş edirəm ki, mənim üçün həyati önəm daşıyan sualların cavabını tapmaqda mənə kömək edin”, - deyə H.Abdullayev alman deputatlara məktubunda yazıb. Həbsdə olan sabiq deputatın cavab tapmaq istədiyi suallara gəlincə, o, soruşur ki, Almaniyanın Konstitusiyası və qanunları bu ölkənin pasportunu daşıyan, hər il büdcəsinə vergi ödəyən insanın pozulmuş hüquqlarının qorunmasına zəmanət verir, yoxsa yox? "Almaniya hökumətilə Azərbaycandakı avtoritar rejim arasında hansı isti əlaqə, bilmədiyimiz münasibət var ki, dövlətlərarası insan oğurluğuna göz yumulur, müraciətlərimə baxmayaraq, nə üçün zəruri addımlar atılmır? Budurmu insan haqlarına, demokratiyaya və qanunun aliliyinə göstərilən hörmət, münasibət?", - keçmiş deputatın daha bir sualı budur.
H.Abdullayev vurğulayır ki, Türkiyə və Azərbaycan hökumətlərinin Almaniyanın verdiyi pasportu heçə sayması nəticəsində bütün bu hadisələr baş verib. Sabiq deputatın sözlərinə görə, bu olaylarda söhbət təkcə onun həbsindən yox, həm də dövlət olaraq, Almaniyanın nüfuzundan gedir. H.Abdullayevin sözlərinə görə, o, həbsdə olduğu dövrdə dəfələrlə Almaniya kansleri Angela Merkelə, Prezident Frank-Valter Ştaynmayerə müraciət edib:
"Ancaq Azərbaycan hakimiyyəti istintaq təcridxanasının əməkdaşlarının vasitəsilə mənə mesaj göndərib bildirdi ki, "özünü yorma, başa düş, Almaniya sənə görə Azərbaycanla olan münasibətini korlamaz. Çünki Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən əsas və önəmli ticarət partnyorudur”. Mən isə onlara "xeyr, səhv edirsiniz, Almaniya nə olursa olsun, fundamental insan hüquqlarını iqtisadi maraqlara dəyişməz, mənəvi dəyərləri hər şeydən üstün tutar” deyirdim. Lakin taleyimə göstərilən bu qədər biganəliyi anlaya bilmir, çox böyük məyusluq hissi keçirirəm. Əgər Almaniya mənə həmin səyahət pasportunu verməsəydi, hüquqlarımın Almaniyanın Konstitusiyası ilə qorunduğunu, təqib olunduğum ölkə istisna olmaqla, başqa ölkələrə getmək hüququmun olduğu bildirilməsəydi, mən Türkiyəyə ayaq basmazdım”.
H.Abdullayev alman deputatlardan xahiş edir ki, bu məsələ ilə əlaqədar Almaniyanın aidiyyəti orqanlarına, o cümlədən Xarici İşlər Nazirliyinə müraciət etsinlər:
"Mənim azadlığa buraxılmağım, yenidən Almaniyaya qaytarılmağım üçün bütün mümkün vasitələrdən istifadə etmələrini, konkret tədbir görülməsini tələb edin”. H.Abdullayev 2018-ci ilin aprelində Türkiyədə olarkən saxlanılıb və Azərbaycana təhvil verilib. O, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi əməllərdə ittiham olunaraq, Bakı Hərbi Məhkəməsinin hökmüylə 6 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb. Onun işindən Ali Məhkəməyə şikayət verilib. H.Abdullayevlə eyni cinayət işi üzrə anası da cəzalandırılıb. Z.Abdullayeva haqqında ittiham hökmü çıxarılıb - 4 min manat cərimə cəzasına məhkum edilib. Lakin onların heç biri özünü təqsirli bilmir, ittihamların saxta olduğunu bəyan edir:
"Mən Türkiyədən qanunsuz şəkildə, faktiki oğurlanaraq Azərbaycana gətirilmişəm. Tamamilə əsassız, qərəzli və birbaşa siyasi motivli ittihamlarla mühakimə edilmişəm və zorla həbsdə saxlanılıram”.

Xəbər lenti