Hüquq müdafiəçisi: “Kadrlardan məlum olur ki, R.Böyükişiyev polislərə təkbaşına hücum edib"

Hüquq müdafiəçisi: “Kadrlardan məlum olur ki, R.Böyükişiyev polislərə təkbaşına hücum edib
Загрузка...
 Bu gün Sabunçu Rayon Məhkəməsində Gəncə hadisələri üzrə ittiham olunan digər qrupun işi üzrə iclas keçirilib. Hüquq müdafiəçisi Oqtay Gülalıyev Turan-a bildirib ki, ilk dəfə Gəncə hadisələri üzrə prosesdə qanunazidd hərəkətlərin törədildiyi yerlərdəki video-müşahidə kameralarından görüntülər təqdim olunub. "Kadrlardan görünür ki, hadisələrin əsas iştirakçısı Rəşad Böyükişiyev əlində xəncər polis əməkdaşlarına hücum edir (10 iyul, 2018-ci il, Gəncə). (Rəsmi versiyaya görə, R.Böyükişiyev 2018-ci il iyulun 3-də xüsusi təyinatlı dəstəyə silahlı müqavimət göstərərkən məhv edilib - qeyd redaksiyanındır).
Kadrlardan məlum olur ki, R.Böyükişiyev polislərə təkbaşına hücum edib. Ona heç kim kömək etməyib. Meydanda ondan başqa heç kimdə silah olmayıb. İttiham olunanlardan heç kim polis əməkdaşlarına hücum etməyib, onlara daş atmayıb, polisə müqavimət göstərməyib, R.Böyükişiyevi mühafizə etməyib", - O.Gülalıyev bildirib.
O.Gülalıyevin sözlərinə görə, digər tərəfdən, kadrlarda polisin fəaliyyətsizliyi görünür. R.Böyükişiyev isə əlində xəncər meydanın o baş- bu başına gedir. "Polislər seyrçi mövqe tuturlar. Heç kim ona mane olmur, bəziləri tamaşa edir, bəziləri meydanı tərk edir. R.Böyükkişiyev polis əməkdaşını vurduqdan sonra 4 saylı şəhər avtobusu ilə Daxili Qoşun hissələri gəlir və mitinq guya dağıdılır. Öz peşə öhdəliyini yerinə yetirməyən polis əməkdaşları hələ də vəzifədədir, amma onlarla günahsız adam həbsdədir", - O.Gülalıyev deyib.
Onun sözlərinə görə, müttəhimlər prokurordan indi nəyə görə mühakimə olunacaqlarını soruşublar. Cavabında dövlət ittihamçısı deyib: "Siz niyə meydanda olmusunuz, Rəşad niyə sizin yanınızda olub?" Əslində prokurorun sözlərindən belə çıxır ki, adamları ona görə tutublar ki, cinayətkar onların yanından keçib", - O.Gülalıyev qeyd edib.
O, videokadrları Gəncə işində "həqiqət anı"adlandırıb, ittiham versiyasının qondarma olduğunu deyib. Bu iş üzrə keçənlər CM-in 120 (qətl), 315.2 (polisə silahlı müqavimət göstərmək), 220.1 (iğtişaşların təşkili), 224 (qanunsuz silah gəzdirmə), 277 (terror) və s. maddələrlə ittiham olunublar. * 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı rəhbəri Elmar Vəliyevə qarşı sui-qəsd törədilib.
Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb. Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının qarşısında E.Vəliyevin işinə etiraz olaraq aksiya təyin edilib. İyulun 10-da DİN Gəncədə iğtişaşlar barədə məlumat yayıb. Hadisələr zamanı iki polis əməkdaşı öldürülüb. Bunun ardınca dindarlar arasında kütləvi həbslər baş verib. 60-a yaxın adam cinayət məsuliyyətinə cəlb edilib. Silahlı müqavimət zamanı 6 nəfər öldürülüb. Martın əvvəlində ümumi sayı 14 nəfərdən ibarət iki qrupun barəsində hökm çıxarılıb. Onlar kütləvi iğtişaşlarda iştirakda və polis əməkdaşlarına qarşı zorakılığın tətbiqində ittiham olunaraq 5 ildən 8 ilədək azadlıqdan məhrum ediliblər.
Загрузка...
Загрузка...

Xəbər lenti