"Hər gün göz yaşlarının, ölümlərin şahidi olurduq..." - Jurnalistin müharibə qeydləri II HİSSƏ

 Tanınmış jurnalist Elşən Balaxanski 44 gün davam edən mühariubədə hərbi müxbir olaraq çalışıb. Həmin müddətdə gördüklərini feysbuk üzərindən paylaşıb. Criminal.az jurnalistin ikinci yazısını təqdim edir.
(Nə etmək olar, çox təəssüf ki, "müharibə maşını” qanla işləyir. Qansız, itkisiz, yaralısız müharibə, hamımızın təşnə olduğumuz Qələbə sadəcə olmur! Bu acı həqiqət, ürəkparçalayan müharibə reallığıdır)
Vətən müharibəsinin ilk günləri Bərdədə müharibə ab-havası o qədər də hiss olunmurdu. Vəziyyətdən bixəbər biri, bir qədər də diqqətsiz, qulağı zəif eşidən adam heç müharibənin başladığını anlamazdı. Ara-sıra şəhərdə üzərindəki yük yerində yorğan-döşəklə dolu "06”lar, köhnə furqon "Moskviç”lər, içi arvad-uşaqla dolu olan "Opel”lər gözə dəyirdi. Kimsənin nəsə deməsinə ehtiyac da yox idi, maşınlarla Tərtərdən uşaqları, yaşlı insanları, bir də maşına sığacaq qədər ev əşyalarını, əsas da gecəni keçirmək üçün yorğan-döşək çıxarırdılar. Ümumilikdə isə Bərdədə həyat öz axarı ilə davam edirdi. Çayxanalar, yeməkxanalar, restoranlar, mağazalar işləyir, müştərləri də Tərtərdən gələnlər hesabına həmişə olduğundan çox idi.
Tərtərə uzanan yolun sağında, şaquli şəkildə olan, üzərində Tərtər sözü yazılan, rayonun başlanğıcını bildirən lövhənin yanından başlayaraq yolun hər iki tərəfində xeyli maşın, insanlar dayanıb üzü rayona tərəf boylanırdılar. İşıqforlar, radarlar işləmirdi, rayondakı bombardımandan yayınmaq üçün maşınla yüksək sürətlə şəhəri, kəndləri tərk edənlər nisbətən təhlükəsiz əraziyə çatanda da surəti azaltmırdılar.
Onları başa düşmək olardı, ilk günlərdə təhlükənin haraya qədər olduğunu, erməni topların atdığı mərminin hara düşə biləcəyini təxmin etmək çətin idi.
Odur ki, adi vaxtlarda olduğu kimi, uyğun olmayan yollarda yüksək sürətin yaratdığı qəzalar müharibə boyu Tərtərdə də qeydə alınırdı. Hər gün qəza baş verirdi.
Sentyabrın 28-də, Tərtər şəhərinin girişinə qədər 3 belə qəza saydım. Şəhərin girəcəyindəki Tərtər çayı üzərində olan körpünün yaxınlığına atılan mərmilər oradakı dayanacağı dağınıq duruma salmışdı. Mərmi Tərtər çayının kənarına, dayanacağın arxasına düşüb partlamışdı. Partlayışının yaratdığı dalğanın təsirindən dayanacağın dam örtüyü yerindən qopub kənara düşmüş, ətrafa damın içi - lambirin hissələri səpələnmişdi.
Bu, qarşılaşdığımız ilk dağıntı səhnəsi idi. Sonralar hər gün belə səhnələrin, daha dəhşətli dağıntıların, göz yaşlarının, ölümlərin şahidi olurduq. Körpünü keçib şəhərin içinə tərəf hərəkət etdik. Səhər 9-10 olardı. Şəhərə ağır artilleriya qurğularından fasilələrlə atəş açılırdı. Tərtərin mərkəzini vururdular.
Əhali arasında təşviş yaratmaq, cəbhənin digər istiqamətlərində başlarının əzilməsini durdurmaq üçün dinc əhaliyə divan tuturdular. Müharibənin sonuna qədər bu namərd plan qüvədən düşmədi. Ordumuzu zəfər xəbərləri bir-birini əvəzlədikcə, Tərtərə atılan mərmilərin sayı da, dağıdıcı qüvvəsi də artırdı. Tərtərə kassetli raketlər də atmağa başlamışdılar.
Redaksiyaya Tərtərdə baş verənlərlə bağlı təcili bir xəbər, reportaj yollamaq zərurəti ortada idi. Şəhərin Hüseynov küçəsinə, "Kapital bank”ın Tərtər filialının qarşısına 2 mərminin düşdüyü xəbərini alıb əraziyə yollandıq. 

Bank filialı ilə üz-üzə, yolun əks tərəfində zirzəmi hissəsi tikilmiş, ətrafı hasarlanmış tikinti ərazisi var. Mərmilərin ora düşdüyünü öyrənmişdik. Ora çatanda küçədə kimsə yox idi ki, konkret olaraq mərminin hara düşdüyünü öyrənə, çəkib "Yeni Müsavat” izləyicilərinə təqdim edə bilək. Elə kameranı açıb Emil Salamoğluna "başla” işarəsi vermişdim ki, şəhərə növbəti dəfə toplardan atəş açdılar. İlk dəfə orada mərminin havaya sürtünməsindən yaranan fitə bənzər səsi çox yaxından eşitdim. Başımız üzərindən uçub 1 saniyə sonra harasa dəyib partladı. Topçularımızın cavabı da gecikmədi, mərmi atılan istiqamətə 3 atəş açıdılar. Hər şey o qədər sürətlə baş verirdi ki! 

Sonradan, həmin kadrlara baxanda kameramızın mərmi uçuşunun, partlayış səsini olduğu kimi çatdırmadığını anladım. Kamera patlayış səsini sanki boş qazana yüngülcə bir toxunuş kimi çatdırmışdı. Əslində isə həmin an kifayət qədər vahiməli partlayış səsi yayılmışdı ətrafa. Heç nə edə bilməzdim, əlimizdə daha yaxşı texniki göstəriciləri olan, xüsusən də səsi olduğu kimi çatdıran kamera yox idi.
Ona görə də seyrçilərin bir neçəsi həmkarımın kadrdan qaçış səhnəsini adekvat qiymətləndirə bilmir, təbii təşviş səbəbini anlamır. Mərmi partlayışı ilə Emilin özünü maşına çatdırması, məni həyəcanla, bir qədər də emosional təşvişlə səsləməsi arasında 5-6 saniyə fərq olardı. Bakıdan, dinc həyatdan gəlib müharibənin içinə düşmüşdük, başqa reaksiya gözləmirdim də.
Bəzi zəruri qeydləri də edib həmin günlərə qayıdıram:
-Emil Salamoğlu ilə illərdir ki, iş yoldaşıyıq. Əsasən rayonlara ezamiyyətə birgə gedirik. Redaksiya rəhbərliyinin müharibəyə birgə göndərilmə qərarı verməsinin səbəbi də bu olmuşdu. Çalışdığımız qəzetdən rayonlara ezamiyyətə göndərildiyimizdə əsasən fotolarla zəngin reportaj hazırlayırdıq. Hər ikimiz daha çox yazı-pozu adamıyıq, qəzetin işçiləriyik. Yəni TV reportyoru deyilik. Kamera qarşısına keçib aparcı olaraq videoreportaj hazırlamaq isə Vətən müharibəsinə qədər praktikamda olmayıb. 

Qayıdaq müharibənin təzəcə alovlanmağa başladığı sentyabrın 28-nə. Tərtərdə, şəhərin əsasən icra hakimiyyətinin binası ətrafında, məscid olan küçəsində adamlar var. Hamı harasa tələsir, küçədən daha təhlükəsiz yerə özünü çatdırmağa çalışır. Mağazaların böyük əksəriyyəti bağlıdır. Şəhərə elektrik enerjisinin verilməsi dayandırılıb. Şəhəriçi yollarda hərbi maşınların intensiv hərəkəti var. Mühərriklərinin nəriltisindən yüklərinin ağır olduğu anlaşılır. Mərmi daşıyırlar. Murov, Suqovuşan istiqamətində hucuma hazırlıq gedir. Sayrışan işıqları diqqət cəlb edən təcili tibbi yardım maşınları birtəhər hərbi maşınların yanından sivişib keçir, sürətlə tinə burulub yoxa çıxır.
Yaralı daşıdıqları sürücülərin, yanlarındakı həkimlərin üzlərindən oxunur. Qarışıq hisslər keçrirəm. Nə etmək olar, çox təəssüf ki, "müharibə maşını” qanla işləyir. Qansız, itkisiz, yaralısız müharibə, hamımızın təşnə olduğumuz Qələbə sadəcə olmur! Bu acı həqiqət, ürəkparçalayan müharibə reallığıdır.
Davamı olacaq.

Xəbər lenti