'Həbsxananın içində həbsxanada saxlayırlar məni...'

'Həbsxananın içində həbsxanada saxlayırlar məni...'
Загрузка...
Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin vəkili deyir ki, onun Türkiyədə saxlanıb Azərbaycana təhvil verilməsi qanunsuz olub. Çünki həmin vaxt onun barəsində İnterpol xəttiylə beynəlxalq axtarış qərarı olmayıb. Ona görə də Türkiyənin bu addımından beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə şikayət olunub. Bu barədə sabiq deputatın vəkilləri sentyabrın 24-də H.Abdullayevin məhkəməsində danışıblar.
Prokuror H.Abdullayevə qarşı ittihamların sübuta yetirildiyini deyərək, ona 8 il həbs cəzası istəyib. Ancaq vəkillər razılaşmır, bildirir ki, ortada heç bir sübut yoxdur.
«İstintaq dövründə sübutlar saxtalaşdırılıb. Hüseyn Abdullayevə digər təqsirləndirilən Pərviz Kazımovun «eşitmişəm» sözüylə ittiham verilib. Bu adam 2001-ci ildən bəri qara metallurgiya biznesiylə məşğul olmayıb, sonradan da ölkədən çıxıb gedib. Şirkətlərin idarəçiliyi onda olmayıb. Ona cinayət yoluyla əldə olunmuş vəsaitləri ölkədən çıxarıb xarici banklarına yerləşdirməklə bağlı ittiham verilib. Amma vəsaitlərin leqallaşdırıldığını təsdiqləyən heç bir sənəd-sübut yoxdur», – vəkillərdən Elnur Vəliyev belə deyib.
«BMT-yə şikayət göndərmişik»
Sabiq deputat həm də ölkədən çıxışına qadağa qoyulmuş anası Zeynəb Abdullayevanın sərhəddən buraxılması üçün sərhədçilərlə sövdələşməkdə təqsirləndirilir.
Vəkil deyir ki, bu da doğru deyil: «Dövlət Sərhəd Xidmətinin əməkdaşları da burada bildirdilər ki, Hüseyn Abdullayevi görməyiblər, telefonla danışmayıblar».
Başqa bir vəkil Cavid Rzazadə isə müvəkkilinin Türkiyədə saxlanmasından danışıb. Deyib ki, onu Türkiyədə küçədə gəzdiyi yerdə tutublar, həmin vaxt da beynəlxalq axtarış qərarı olmayıb. Vəkilin sözlərinə görə, onun Türkiyədən Azərbaycana ekstradisiyası ilə bağlı da məhkəmə qərarı olmayıb: «Bütün bu qanunsuzluqlar və uyğunsuzluqlarla bağlı həm Azərbaycanın, həm də Türkiyənin addımlarından BMT-yə şikayət göndərmişik».
Vəkil H.Abdullayevin saxlandığı Bakı İstintaq Təcridxanasında ona qarşı münasibətdən də gileylənib. Deyib ki, onun bütün yazışmaları yoxlanılır, müxtəlif dövlət orqanlarına ünvanladığı məktublar göndərilmir, yox edilir. H.Abdullayevin yaxınlarıyla görüş, telefonla danışmaq hüququnun məhdudlaşdırıldığını vurğulayan C.Rzazadənin sözlərinə görə, onun vəkilləri də qanunsuz yoxlamaya məruz qalır:
«Hər görüşdən sonra vəkillərinin əşyaları və üstləri yoxlanılır. Hüseyn Abdullayevin saxlandığı kamerada Penitensiar Xidmətin iki əməkdaşı olur. 5 kvadratmetrlik kamerada növbəli şəkildə Hüseyn Abdullayevlə birgə qalırlar». Bu zaman Hüseyn Abdullayev yerindən belə deyib: «Həbsxananın içində həbsxanada saxlayırlar məni...». Məhkəmə sentyabrın 26-da davam edəcək.
Xatırlatma
Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanaraq Azərbaycana təhvil verilib. İttihamda yazılıb ki, müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb.
2006-cı ildən H.Abdullayevin nəzarətində olan «Araz-İnşaat» ASC ilə bağlı araşdırma aparılıb, səhmdarlara yalan məlumat verilməklə 1 milyon 374 min manatlıq gəlirin mənimsənildiyi üzə çıxarılıb. Təqsirləndirilən şəxslərdən N.Babayev sabiq deputatla əlbir olub səhmdarları aldatmaqda ittiham edilir.
H.Abdullayevə dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb. Anası isə CM-in 318-ci (sərhədi qanunsuz keçmə) maddəsi ilə təqsirləndirilir. Z.Abdullayeva həbsdə deyil, onun barəsində ev dustaqlığı-qətimkan tədbiri seçilib. Onun bacısının pasportu ilə ölkədən qanunsuz çıxmasına yardım etməkdə suçlanan keçmiş sərhədçilər - Həbib İbrahimov, Zaur Quliyev və Pərviz Kazımov əvvəlcə həbs olunsalar da, aprelin 2-də məhkəmənin hazırlıq iclasında ev dustaqlığına buraxılıblar. H.Abdullayev məhkəmənin hazırlıq iclasında özünü təqsirli bilmədiyini, siyasi motivlərlə həbs olunduğunu bildirib.
2007-ci il martın 16-da hökumətin Milli Məclisdə hesabatı zamanı deputat Hüseyn Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında fiziki qarşıdurma baş verib, hər iki deputat əlbəyaxa olmuşdu. Bundan sonra Abdullayevin mandatı əlindən alınıb, daha sonra isə o, həbs olunmuşdu. Lakin elə həmin il məhkəmənin qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı. O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı. 2013-cü ildə H.Abdullayevin «Susma» adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin olduğu bildirilirdi.
Загрузка...
Загрузка...

Xəbər lenti