Həbsdəki MTN polkovnikinin 1 milyon 200 minlik əmlakı özünə qaytarıldı

Həbsdəki MTN polkovnikinin 1 milyon 200 minlik əmlakı özünə qaytarıldı
Загрузка...
 Ali Məhkəmə əvvəlki qərarları dəyişdirib
MTN-in İstintaq İdarəsinin sabiq şöbə rəisi, həbsdə olan sabiq polkovnik Vüsal Ələkbərovun müsadirə olunmuş əmlakı onun özünə qaytarılır. Ali Məhkəmə əmlak məsələsində onun xeyrinə qərar çıxarıb. Hakim Fərhad Əliyevin sədrliyilə çıxarılan qərara əsasən, sabiq MTN polkovniki haqqında Bakı Apelyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilib.
Apelyasiya Məhkəməsi onun haqqında Bakı Hərbi Məhkəməsinin hökmünü dəyişib, cəzanı 12 ildən 5 ilə endirsə də, əmlakların müsadirəsilə bağlı hissə olduğu kimi saxlanmışdı. Ali Məhkəmə isə V.Ələkbərovun özünün və yaxınlarının adlarına olan əmlakların müsadirəsi barədə hissəni ləğv edib. Üzərinə həbs qoyulmuş əmlaklar onların özlərinə qaytarılacaq. V.Ələkbərovun 1 milyon 277 min manatlıq əmlakının üzərinə həbs qoyulmuşdu. Həmin əmlaklar sırasında unun həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsində 0.18 hektar torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsindəki mənzil də var.
V.Ələkbərov Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələbetmə), 311 (rüşvət alma), 341 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) və başqa maddələrilə təqsirli bilinib. V.Ələkbərovun hədə-qorxu gəlib, yaxud qanunsuz həbs edib böyük məbləğdə pul aldığı iddia olunan zərərçəkmişlərdən yalnız Akif Qurbanovun mülki iddiası təmin edilmişdi.
Digər zərərçəkmişlərlə bağlı məsələdə isə Bakı Hərbi Məhkəməsi belə nəticəyə gəldi ki, həmin pullar Vüsal Ələkbərova rüşvət kimi verilib, buna görə də onların mülki iddiaları təmin oluna bilməz. V.Ələkbərov ittihamları qəbul etmir, əmlakının müsadirə olunmasıyla da razılaşmırdı: "Mənə mütəşəkkil dəstənin tərkibində cinayət törətmək haqda ittiham verilib. Amma mütəşəkkil dəstənin kimlərdən ibarət olduğu müəyyən edilməyib. Mənim əmlakımın müsadirə edilib Akif Qurbanova verilməsi məsələsi də hökmdə öz əksini tapıb. Niyə? Əgər cinayəti mütəşəkkil dəstə törədibsə, mən niyə ödəməliyəm?"
Meydan TV-nin əldə etdiyi məlumata görə, V.Ələkbərov Penitensiar Xidmətin ixtisaslaşmış 3 saylı müəssisəsində saxlanılır. "Orada əsasən vərəm xəstəliyindən əziyyət çəkən məhbuslar saxlanılır, müalicə olunur. Vüsal Ələkbərovun hər hansı xəstəliyi yoxdur. Hüquq-mühafizə orqanlarında çalışmış şəxslər adətən 9 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Amma Vüsal Ələkbərovun orada problemi olduğuna görə öz istəyilə ora köçürülüb, xüsusi şəraitdə saxlanılır", - deyə mənbə bildirib.
Penitensiar Xidmətdən isə bildirilib ki, heç bir məhkumun saxlandığı yer barədə informasiya verilmir. Çünki qanunvericilik məhkumların yerinin açıqlanmasını qadağan edir.
Загрузка...
Загрузка...

Xəbər lenti