Həbsdəki keçmiş icra başçısı ev dustaqlığına buraxılmaq istəyir

Həbsdəki keçmiş icra başçısı ev dustaqlığına buraxılmaq istəyir
  Məhkəmə vəsatəti təmin etməyib
İmişlinin hazırda həbsdə olan keçmiş icra başçısı Vilyam Hacıyev ev dustaqlığına buraxılmaq istəyir. Bu məqsədlə onun vəkili Səbail Rayon Məhkəməsində vəsatət verib. Sabiq icra başçısının vəsatətinə oktyabrın 13-də Səbail Rayon Məhkəməsində baxılıb.
V.Hacıyev özü də hakimdən barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsini, istintaq getdiyi müddətdə ev dustaqlığında qalmasını istəyib.
Vəkili məhkəmədə deyib ki, V.Hacıyevin istintaqa təsir göstərmək imkanı yoxdur. O, istintaqdan yayınmaq niyyətində də deyil. Amma hakim vəsatəti təmin etməyib. Sabiq icra başçısı bu qərardan apelyasiya şikayəti verəcək.
Bu ilin mayından həbsdə olan V.Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır. Onun, eləcə də həbsdə olan digər keçmiş icra başçılarının işi üzrə istintaq da DTX-nın İstintaq Baş İdarəsində aparılır.
V.Hacıyev mayın 4-də DTX əməkdaşlarının İmişli Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. İlkin istintaq dövrü üçün barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Sentyabrın 2-də həbs müddəti daha 3 ay artırılıb.
V.Hacıyevin həbsindən sonra DTX-nın yaydığı videoda onun icra hakimiyyətinin binasında rüşvət aldığı, evindən milyonlarla dollar vəsaitin tapıldığı iddia olunurdu. Amma V.Hacıyev özünü təqsirli bilmir.
O, may ayında Səbail Rayon Məhkəməsində həbs qərarı verildikdən sonra məhkəmə binasından çıxarılıb maşına mindirilərkən orada gözləyən yaxınlarına belə demişdi: "Bu günlər keçəcək. Hər şey yaxşı olacaq. Haqq yerini tapacaq...”
Külli miqdarda mənimsəmə, rüşvət alma kimi əməllərdə ittiham olunan V.Hacıyev 2017-ci il avqustun 21-də prezidentin sərəncamıyla 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Xəbər lenti