Həbsdəki keçmiş deputat özünü təqsirli bilmədi

Həbsdəki keçmiş deputat özünü təqsirli bilmədi
Zərərçəkmiş deyib ki, təmsil etdiyi şəxs Rəfael Cəbrayılova 2015-ci ildə 193 min manat pul verib
Milli Məclisin III, IV və V çağırış deputatı olmuş Rəfael Cəbrayılovun işi üzrə məhkəmə istintaqı başlayıb. Həbsdə olan sabiq deputatın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyilə baxılır. İyulun 8-də keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib. Sabiq deputat ittihama münasibət bildirərkən özünü təqsirli bilmədiyini deyib.
Keçmiş deputatın işi üzrə ümumilikdə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Onların arasında Bakıda hündürmərtəbəli binaların tikintisi ilə məşğul olan, "Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov, bir sıra məhkəmə qalmaqallarında adı hallanan lombard sahibi Məlahət Qurbanova və digərlərinin adları var. Zərərçəkmişlərdən Yusif Orucovun vəkili məhkəmədə deyib ki, təmsil etdiyi şəxs Rəfael Cəbrayılova 2015-ci ildə 193 min manat pul verib: "O vaxtdan keçən dövrdə pul dəyərini itirib. Ona görə mülki iddianın məbləğində dəyişiklik etmək istəyirik. 253 min manat tələb edirik”.
Məhkəmə prosesi iyulun 22-də davam edəcək. Rəfael Cəbrayılova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham verilib. Bu maddədə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Rəfael Cəbrayılovun adı bundan əvvəl də müxtəlif qalmaqallarda hallanıb, ondan hüquq-mühafizə orqanlarına şikayət olunub.
2019-cu ildə məlum olmuşdu ki, Rəfael Cəbrayılov 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyub. Bu məsələ üzə çıxandan sonra Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət etdi. 2019-cu ilin sentyabrında MSK deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul etdi.

Xəbər lenti