Həbsdəki jurnalist Baş prokurora müraciət edib

Həbsdəki jurnalist Baş prokurora müraciət edib
Загрузка...
 ”Hətta siyasi məhbus anası həbsdə olan oğlu ilə hədələnib”
Dövlətə xəyanət ittihamıyla həbs olunan "xeberman.com” saytının baş redaktoru Polad Aslanov ölkənin yeni Baş prokuroru Kamran Əliyevə və Ombudsman Səbinə Əliyevaya müraciət edib. Bu barədə Meydan TV-yə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova məlumat verib. P.Aslanov həm Baş prokurora, həm də Ombudsmana məktublarında necə həbs olunduğunu yazıb. Bildirib ki, onu ac-susuz saxlayıb, DTX-da 6 yaşlı qızı, anası və həyat yoldaşıyla hədələyib, hazır ifadəyə imza atdırıblar, orada yazılanları kamera qarşısında da təkrarlamağı tələb ediblər:
"DTX-nın əlində yeganə "fakt” həmin ifadədir. 8 ay istintaq gedib. 11 aydan çoxdur ki, heç bir fakt, sübut olmadan həbsdə saxlanılıram”. P.Aslanovun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Növbəti məhkəmə iclası iyunun 8-nə təyin edilib. Jurnalist işinə obyektiv baxılmamasından narazıdır:
"Məhkəmə iclaslarında bütün hüquqlarım pozulur. İşimdə hakimlik edən Faiq Qəniyevin təsadüfən seçilməməsi də həbsimin qondarma, sifariş olduğunu göstərir. Faiq Qəniyev 1998-2013-cü illərdə keçmiş MTN-də İstintaq Baş İdarəsinin müstəntiqi, mühüm işlər üzrə baş müstəntiqi, şöbə rəisinin müavini vəzifələrində çalışıb. Vəkillərimin indiyə qədər verdiyi 30-dan çox vəsatətin heç biri təmin edilməyib. Hamısı əsaslandırma olmadan rədd edilib”.
P.Aslanov vurğulayıb ki, DTX ilə əməkdaşlıq edən bir neçə nəfərdən onun işində istifadə olunub, əleyhinə ifadə alınıb: "Bir neçə nəfər əleyhimə ifadə verməyə məcbur edilib. Hətta siyasi məhbus anası həbsdə olan oğlu ilə hədələnib”.
Jurnalist işinə obyektiv baxılması, ədalətli qərar verilməsi üçün Baş prokuror və Ombudsmandan bu işin nəzarətdə saxlanmasını xahiş edib. P.Aslanov 2019-cu il iyunun 12-də həbs olunub.
O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə - İranın xüsusi xidmət orqanlarına casusluq edib, dövlət sirri sayılan məlumatları ötürməkdə ittiham olunur. İstintaqın sonunda P.Aslanova Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsilə də əlavə ittiham verilib. İddia olunur ki, P.Aslanov D.Babayevi ölümlə hədələyib. P.Aslanov ittihamların heç birini qəbul etmir. Baş redaktor DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə sifarişlə cəzalandırıldığını deyir.

Xəbər lenti