Həbsdə ölən "Gəncə məhbusu"nun xanımı: "İndi gəlsinlər ərimə qəbiristanlıqda məhkəmə eləsinlər" Həbsdə ölən

Həbsdə ölən
Загрузка...
"Yoldaşımın səsini eşitmədim, üzünü görmədim. Yalvardım ki, verin aparım evə, son nəfəsində balalarının əlindən tutsun, vermədilər". Bu sözləri həbsxanada dünyasını dəyişən "Gəncə məhbusu" Aydın Qurbanovun həyat yoldaşı Məhbubə Qurbanova deyib.
Bildirib ki, A.Qurbanov ağır mədə xərçəngindən əziyyət çəkirdi, iki gün əvvəl yanında qan qusub: "Getdim ayaqlarına, dedim xəstədi, günahsızdı, məhkəməyə qədər ev dustaqlığına çıxarın, amma xəstəliklə ölüm hökmü verməyin. Getdim Eldar Əhmədovun viranxanasına. Dedim ki, qan qusur. Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə getdim ki, verin heç olmasa balasının əlinə əli dəysin. Vermədilər, dedilər məhkəməni gözlə. İndi gəlmişəm ərimi morqdan aparıb qəbrə qoyam. Gəlsinlər ərimə qəbiristanlıqda məhkəmə eləsinlər. Balalarımın ahı ölənə qədər onların üzərindədir. Onlar onurğamı qırdılar, balalarımı atasız qoydular. Bir qadına, bir anaya nə qədər pislik etmək mümükündürsə, mənə etdilər". 
2018-ci il Gəncə olaylarına görə həbs olunmuş Aydın Qurbanovun səhhətində olan problem son günlər daha da güclənmişdi. O, mədə xərçəngindən əziyyət çəkirdi. Qurbanov ötən il iyulun 28-də həbs olunub. O, Cinayət Məcəlləsinin 228.3-cü (Qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə - Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilirdi.
Xatırladaq ki, 2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlamayıb. Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.
Baş Prokurorluğun bir müddət öncə bildirməsinə görə, Gəncə olayları ilə bağlı ümumilikdə altı qrupun (51 nəfər) işi məhkəməyə göndərilib. Onlardan yalnız, hələlik, iki qrupun məhkəməsi başa çatıb. Onlar, əsasən, zorakılıqların, talanların törədilməsi, odlu silahdan, partlayıcı maddələrdən istifadə, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət ilə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham ediliblər. Mühakimə edilənlərə 5 ildən 9 ilə qədər həbs cəzası verilib. Onların çoxu özlərini günahsız sayıb. Daha bir neçə qrupun məhkəməsi də Bakıda davam edir. Gəncə hadisələri ilə bağlı tutulanlardan bəzilərinin işi isə, hələlik, heç məhkəməyə göndərilməyib. Ümumilikdə bu olaylarla bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanmışdı. Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.
Загрузка...
Загрузка...

Xəbər lenti