Həbs edilən gömrükçülərin kimliyi bəlli olub

Həbs edilən gömrükçülərin kimliyi bəlli olub
Prokurorluq şikayət əsasında araşdırma aparıldığını deyir Bakı Baş Gömrük Komitəsində keçirilən əməliyyatın detalları, saxlanılanların kimliyi məlum olub. Bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb. Saxlanılanlar Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, bu qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, «İpək Yolu» gömrük postunun inspektoru Mirağa Ağayev, "Global Broker” MMC-nin direktoru, eyni zamanda, "D2D Logistics” MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovdur.
Məlumatda bildirilir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə gömrük idarəsinin əməkdaşlarından hələ martın 30-da şikayət daxil olub. Həmin şikayət əsasında araşdırmalar aparılıb. Üzə çıxıb ki, ölkəyə gətirilən malların gömrükdən çıxarılmasının tezləşdirilməsi, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli vəsaitin büdcəyə ödənilmədən malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində rüşvət alınması, vəzifədən sui-istifadə hallarına yol verilir. "Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 17 may 2021-ci ildə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Toplanmış sübutlar əsasında Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir. İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumat veriləcək”, - Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Xəbər lenti