"Hamı bilir ki, bu işi yalnız Fikrət Qədiməliyev və Sadiq Məmmədov edə bilər" - Müavin idarə rəsinin əməllərini ifşa elədi, sirləri açdı

Загрузка...

Dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən şəxslər növbəti dəfə hakim önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, onlar xarici ölkə vətəndaşları Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev (barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib), Cəmil Mehtiyev, Əlamət Quliyev, "Zeytun” apteklərdən birinin sahibi Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov (barəsində polis nəzarətinə verilmə qətimlan tədbiri seçilib) və Fərman Məmmədlidir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Fərman Məmmədli ifadə verib.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisinin müavini olan Fərman Məmmədli özünə qarşı irəli sürülmüş ittihamla razı olmadığını deyib.

F.Məmmədli bildirib ki, dərman əməliyyatı keçirilən zaman o da DTX tərəfindən saxlanılıb.

"Mənə ölkəyə gətirilən dərmanlarla bağlı suallar verildi. Mən də dərmanların Gömrüyün hospitalında istifadə üçün gətirildiyini dedim. Məndən soruşdular ki, həmin dərmanlar Gömrüyün hospitalında da varmı? Mən "hə" deyəndən sonra Maliyyə Nazirliyi hospitalda yoxlama apardı. Nazirlik 15 milyon yeyinti aşkar etdi və bu ittiham da idarə rəisi Fikrət Qədiməliyevə verildi. Amma bu ittiham əsassızdır. Mən DTX-da tələb elədim ki, Maliyyə Nazirliyinin əməkdaşı, yoxlamanın aparan rəsmilər gəlsin ki, biz bu məsələni aydınlaşdıraq. Amma gələn olmadı. Mən məhkəmədən xahiş edirəm ki, işi yenidən araşdırasınız".

F.Məmmədli qeyd edib ki, ona verilən digər bir ittiham ölkəyə gətirilən malların dəyərinin gömrükdə çox ucuz göstəriməsidir.

"Nə mən, nə də burada olan bəzi şəxslərin malların qiyməti ilə bağlı nəsə dəyişiklik etmək səlahiyyəti yox idi. Almaniyadan Gömrüyün hospitalına gətirilən malların qiymətinin aşağı göstərilməsində mənim heç bir marağım yox idi. Hamı da bilir ki, bu işi idarə rəisimiz Fikrət Qədiməliyev və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abdıyevin danışığı var. Onların razılığı olmasa, heç bir qiymət dəyişikliyi edilə bilməz. Mən kiməm və nə məqsədlə 50 minlik malı 20 min kimi göstərə bilərəm? Nəyin ki, xəstəxanada, hər yerdə hamı bilir ki, bu işi yalnız Fikrət Qədiməliyev və Sadiq Məmmədov edə bilər. Bu sözləri Fikrət müəllimin üzünə də deyirəm. Xahiş edirəm ki, hər şeyi olduğu kimi desin. Sual edilməlidir ki, Niyə Sadiq Məmmədov burada yoxdur? Biz xahiş edirik ki, Maliyyə Nazirliyinin nümayəndəsi də çağırılsın".

İttihamla təqsirləndirilənlərdən Fikrət Qədiməliyev, Elnur Məmmədov, Fərman Məmmədli, Vasif Xıdırov, Cəmil Mehtiyev özlərini təqsirli bilməyiblər. Anar Məmmədov və Ateş Atanur özlərini qismən təqsirli biliblər. Təqsirləndirilən Əlamət Quliyev isə özünü təqsirli bilmədiyini deyib.

Xatırladaq ki, Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub.

Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 Azn təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə A.Məmmədova məxsus Yasamal rayonunda yerləşən "Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki "İrem”, "Qlükoza”, "Avas”, "Fatimə”, Nəsimi rayonu ərazisindəki "Zeytun”, "Medical City”, "Elit”, "Vahid”, "Dokta Elite”, Nərimanov rayonu ərazisindəki "Şəfa”, "Şəfa Zeytun 426”, "Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.

İlkin istintaqla müəyyən edilib ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən hazıradək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq alıb, dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.

Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Məmmədli Fərman Həmzə oğlu, Xıdırov Vasif Teymur oğlu, Mehtiyev Cəmil Səlim oğlu, Atanur Ateş Adem oğlu, Məmmədov Anar Kamran oğlu, həmçinin Quliyev Əlamət Nazim oğluna müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.

Загрузка...
Загрузка...

Xəbər lenti