Hakimdən jurnalistlərə qadağa

Hakimdən jurnalistlərə qadağa
Загрузка...

MTN generallarının işindən yazmaq yasaqlanıb

Bakı Apelyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyev mediaya keçmiş MTN generallarının işi üzrə məhkəmə prosesindən yazmağı qadağan edib. Bu barədə, o, dekabrın 20-də sabiq MTN-çilərin məhkəməsində bildirib.

Bu qərarın rəsmi olub-olmadığı, protokola qeyd edilib-edilmədiyi məlum deyil.

Açıq məhkəmə iclasında jurnalistlərin qeydiyyat aparıb, baş verənləri yaymasına qadağa qərarıyla bağlı hakim heç bir səbəb göstərməyib. Yəni heç bir hüquqi əsaslandırma yoxdur.
Son dövrlərdə mediada həbsdə olan MTN polkovniki Füzuli Əliyevin məhkəmədə səsləndirdiyi fikirlər yayılmışdı. F.Əliyev "hərə bir tərəfdən büdcəni dağıdırdı, ona görə də büdcəni doldurmaq olmurdu", "vaxtilə sifarişli işlərdə sübut bazası toplamaq üçün biz necə Arif Həsənov kimilərdən istifadə edirdiksə, bizə qarşı da eyni üsuldan istifadə olundu" kimi diqqətçəkən fikirlər səsləndirmişdi. 

O, dövlət orqanlarının müəyyən layihələr üçün büdcədən ayrılmış vəsaitlərin iş görmək adıyla saxta şirkətlərin hesabına köçürülməsi, nəğdləşdirildikdən sonra həmin dövlət orqanının özünə verilməsi kimi məsələlərdən danışıb. Konkret Daşkəsən rayonunda körpü tikintisi üçün büdcədən ayrılan pulun hara istiqamətləndirildiyini açıqlayıb.

2015-ci il oktyabrın 17-də MTN-də keçirilən əməliyyat nəticəsində nazir Eldar Mahmudov vəzifəsindən azad olunub, nazirliyin 5 generalı (Akif Çovdarov, Natəvan Mürvətova, Sübahir Qurbanov, Teymur Quliyev və Elçin Quliyev) və daha 16 nəfər müxtəlif rütbəli əməkdaşı saxlanılıb. Onlardan yalnız Natəvan Mürvətova ev dustaqlığında olub. MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev isə həbsdindən iki ay sonra Bakı istintaq təcridxanasında intihar edib.

Həbs olunan şəxslərin işi bir neçə qrupa ayrılıb. MTN-in Monitorinq İdarəsinin rəisi Teymur Quliyev, Əməliyyat Texniki İdarənin rəisi Natəvan Mürvətova və Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Sübahir Qurbanov yeddi nəfər əməkdaşları ilə birlikdə mühakimə olunub.

Müxtəlif iş adamlarının əmlaklarını, pullarını hədə-qorxu ilə əllərindən almaqda, onları bu məqsədlə qanunsuz olaraq, MTN-ə gətirib orada saxlamaqda, qanunsuz telefon dinləmələrində, əməliyyatlara ayrılmış vəsaitləri mənimsəməkdə təqsirləndirilən Sübahir Qurbanov və müavini Füzuli Əliyevə 14 il, Teymur Quliyevə 12 il, Zaur Məmmədov və Natiq Alıyevə 10 il 6 ay, Anar Şirəliyev və Eşqin Əliyevə isə 3 il azadlıqdan məhrumetmə cəzası verilib.

Natəvan Mirvətova, Fərhad Atayev və Elşad Əzizov isə şərti cəza verilib.

Anar Şirəliyev və Eşqin Əliyevin cəzası başa çatıb və onlar buraxılıblar.

Hüquqşünas Ələsgər Məmmədli Meydan TV-yə deyib ki, Cinayət Prosesual Məcəlləsində hakimin hansısa hallarda prosesdə medianın iştirakını məhdudlaşdırmaq hüququ var. Ancaq hakim bununla bağlı hökmünü əsaslandırmalıdır:

"Yəni prosesdə dövlət, yoxsa şəxsi həyat sirlərindən söhbət gedir. Çünki şəxsi həyatla bağlı məqamlarda məhdudiyyət qoya bilər, o zaman da proses gərək qapalı olsun. Əgər media iştirak edir və prosesi yazmaq qadağı qoyulursa, bu, hüququ baxımdan legitim deyil”.

Ə.Məmmədli deyib ki, jurnalistlər ilk addım kimi Ombudsmana müraciət etməlidirlər. Onlar informasiya toplamaq hüquqlarına məhdudiyyət qoyulduğunu düşünürlərsə, o zaman məsələni məhkəmədə mübahisələndirə bilərlər.

Загрузка...
Загрузка...

Xəbər lenti