Həbsindən 19 gün sonra Hacı Məmmədovun verdiyi ifadəsi: "Planımıza əsasən Zamirə oğurlandıqdan 6 saat sonra biz ondan..."

Həbsindən 19 gün sonra Hacı Məmmədovun verdiyi ifadəsi:
Загрузка...
Tanınmış vəkil Adil İsmayılov qanqster Hacı Məmmədovun Beynəlxalq Bankın o vaxtki prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlanmasıplanı ilə bağlı istintaq ifadəsindən yazıb. Vəkil ''facebook'' profilində yazdığı ''İSTİNTAQI NECƏ APARMAZLAR MÖVZUSUNDA ƏYANİ VƏSAİT'' başlıqlı postundan məlum olur ki, Cahangir Hacıyev milliyyətcə çeçen olan Marayev qardaşları, Fətulla Hüseynovun oğlu Adiklə birlikdə qanunsuz olaraq Beynəlxalq bankdan 13 milyon dollar pul çıxarıb...
Adil İsmayılov yazır: "Zakir Nəsirova ömürlük həbs cəzası veriləndən sonra mən "AZADLIQ” qəzetinə müsahibə verdim. Orda istintaqın və məhkəmənin yol verdiyi qanun pozuntularına işarə edərək dedim ki, hətta hüquq fakültəsinin tələbəsi bunları görməyə bilməzdi. Günorta məhkəmədə sədrlik edən hakim Əli Seyfəliyev mobil telefonuma zəng etdi.

Əli Seyfəliyev 
Xahiş etdi ki, vaxtım varsa məhkəməyə gəlim, mənimlə danışmaq istəyir. Dedim ki, nə ehtiyac var, onsuz da hökm çıxartmısınız. İsrar etdi və mən məhkəməyə getdim. Aramızda təxminən aşağıdakı məzmunda söhbət oldu. Siz elə bilirsiniz ki, mən yazdıqlarınızı bilmirəm, bunu Əli müəllim dedi. Dedim ki, əlbəttə bilirsiniz, savadınıza heç bir şübhəm yoxdur. Dedi: necə fikirləşirsiniz, mən baş prokurorun imzası ilə təsdiq olunmuş ittiham aktı ilə məhkəməyə daxil olan işi geri qaytarmalı idim. Cavab verdim ki, əgər işə qanuni baxsa idiniz, başqa yol yox idi. Əli müəllim fikrini belə yekunlaşdırdı. Özünüz ağıllı adamsınız, bunun nəticəsinin nə olacağını məndən də yaxşı bilirsiniz. Sonralar bu söhbəti savadlarına şübhə etmədiyim ayrı-ayrı hakimlərdən çox eşitdim. Qayıdaq Zamirə Hacıyevanın oğurlanmasına. Əvvəlki yazıda başlığa çıxardığım suala istintaq materiallarında cavab var idi".
Hacı Məmmədov
Hacı Məmmədov 29 mart 2005-ci il tarixli ifadəsində göstərirdi(O, martın 10-da ''Qara Kəmər' əməliyyatı ilə tutulmuşdu-red): "Bizim planımıza əsasən Zamirə oğurlandıqdan 6 saat sonra biz ondan( Cahangir Hacıyevdən-A.İ.) 1-2 milyon evro pul alacaqdıq. 6 saat ona görə nəzərdə tutulurdu ki, Cahangir Hacıyev milliyyətcə çeçen olan Marayev qardaşları, Fətulla Hüseynovun oğlu Adiklə birlikdə qanunsuz olaraq Beynəlxalq bankdan 13 milyon dollar pul çıxarmış və Tacikistanla müştərək iş görmüşdülər. Bu pula onlar alüminium alveri etmişlər. Lakin bir müddət sonra Tacikistandakı alüminium zavodunun direktoru 200 milyon dollar götürüb aradan çıxdı. Cahangir Hacıyevin də pulu onun içərisində olub. Biz fikirləşdik ki, Cahangir Hacıyevə bunu desək, o qorxub dərhal bizə istədiyimiz məbləği verəcəkdir. Eyni zamanda, Fətulla Hüseynovun əvvəllər müxalifətdə olması və məhz bu səbəbdən oğlu Adikin işdən çıxarılması, lakin buna baxmayaraq Cahangir Hacıyevin onun adına icazəsiz 13 milyon pul verməsi faktorundan da pulun alınmasında istifadə ediləcəkdi. Lakin sizə məlum olan hallara görə planımız baş tutmadı".
Vəkil daha sonra qeyd edir: "Maraqlıdır ki, bu ifadəni alan istintaq orqanı onun yoxlanılması üçün heç nə etməmişdi, etmişdisə də cinayət işinin materiallarında bu barədə heç nə yox idi. Mən bu ifadəni oxuduqdan sonra indi sizin də edəcəyiniz kimi internetdə onun nə dərəcədə həqiqət olmasını araşdırmağa başladım. Məlum oldu ki, doğrudan da 2004-cü ilin dekabr ayında Tacikistan alüminium zavodunun sabiq direktoru Abdukodır Ermatovun barəsində cinayət işi başlanmış və o, istintaqdan yayınaraq Londona qaçmışdı. Sonrasını araşdırmaçı jurnalistlərə buraxıram.
 
 
Bilirsiniz ki, Cahangir Hacıyev həbsdədir və indi həyatının ən çətin dönəmini yaşayır. Buna görə də ona münasibətdə mümkün olan qədər mülayim yazmağa çalışacam. Amma bir məqamı yazmasam olmayacaq. Məhkəmə prosesinə nə Cahangir Hacıyev, nə də onun iş üzrə zərərçəkən şəxs kimi tanınmış həyat yoldaşı Zamirə Haçıyevə gəldilər. Mən dəfələrlə onların məhkəmədə iştirakının təmin edilməsi barədə vəsatətlər verdim, Avropa Konvensiyasının tələblərinə istinad etdim bunun da faydası olmadı. Bu adamlar istintaqda Zakir Nəsirovun əleyhinə ifadə vermişdilər, həm yerli qanunvericiliyə, həm Avropa konvensiyasına görə təqsirləndirilən şəxsin onun əleyhinə ifadə vermiş şəxsləri dindirmə hüququ nəzərdə tutulur. Məhkəmə Cahangir Hacıyevin teleqramını oxuyub ifadəsini elan etməklə kifayətləndi.
Cahangir Hacıyevin adından məhkəməyə daxil olmuş teleqramda yazılmışdı: «XIDMƏTI VƏZIFƏLƏRIMIN ICRASI ILƏ ƏLAQƏDAR SON DƏRƏCƏ MƏŞĞUL OLDUĞUMDAN MƏHKƏMƏYƏ GƏLƏ BILMIRƏM».
Əslində bu məhkəməyə qarşı hörmətsizlik idi və məhkəmə onun gəlişini təmin etməli idi. Lakin o vaxt Hacıyevin statusu başqa idi. Bunu ona görə xatırlatdım ki, öz məhkəməsində Hacıyev vəzifəcə ondan böyük olan bir neçə şəxsin şahid qismində çağırılmasını istədi. Və o şəxslər məhkəməyə gəlmədilər. İş belə gətirdi ki, mən sonradan Cahangir Hacıyevin işində mənim fikrimcə əsassız və qanunsuz həbs edilmiş bir nəfəri müdafiə etməli oldum. (Bu iş barəsində də nə vaxtsa yazacağımı fikirləşirəm)".
Davamı olacaq...
• Eldar Mahmudovun ABŞ səfirinə dedikləri: "Elmar Hüseynov həmin nazirdən 2 milyon dollar tələb edib və elə buna görə öldürülüb”
• Elmar Hüseynovu MTN-in gözü qarşısında güllələyiblər? - HACI MƏMMƏDOVLA FƏRHAD ƏLİYEVİN ÜZLƏŞMƏSİ
• General Nəsirovdan MTN-də Ramil Usubova qarşı ifadə almaq istəyiblər: "Ya ifadə ver canını qurtar, ya da..."
Загрузка...
Загрузка...

Xəbər lenti