Hacı Məmmədovla 5-ci görüş: Elmar Hüseynovu kim öldürüb?

Hacı Məmmədovla 5-ci görüş: Elmar Hüseynovu kim öldürüb?
Загрузка...
Tanınmış vəkil Adil İsmayılov Azərbaycanda yaxın keçmişdə baş vermiş ağır cinayət hadisələri ilə bağlı gördükləri və bildiklərini yazmaqda davam edir. Criminal.az xəbər verir ki, vəkil bu dəfə Hacı Məmmədovla görüşü və ''Monitor'' jurnalının mərhum baş redaktoru qətli ilə bağlı post paylaşıb:
"Söz verdiyim kimi yenidən Hacı Məmmədovun işinə qayıdıram. Onunla əvvəlki üç görüşümüz barədə yazmışdım. 4-cü görüşümüz məhkəmədə olub. Hələlik bu görüşümüzün üzərindən keçirəm, məhkəmə prosesi barədə qeydlərimi və bundan əvvəl istintaqda baş verənləri qısa olsa da ayrıca yazacam. Məhkəmə prosesinin açıq keçirilməsini və KİV-lərdə bu prosesin geniş işıqlandırılmasını nəzərə alaraq yaxşı tanıdığım və obyektivliklərinə şübhə etmədiyim jurnalistlər Aytən Məmmədova, Elşən Məmmədəliyev və Çingiz Sultansoy məhkəmədə gördüklərini "facebook" paylaşmalarını, elə bu statusa şərh yazmalarını xahiş edirəm. İş üzrə məhkəmənin hazırlıq iclası 4-6 iyul 2006-cı ildə keçirildi.
Məhkəmənin hazırlıq iclasında biz istintaq orqanı tərəfindən cinayət işinin materiallarının saxtalaşdırılması, ittihamların konkretləşdirilməməsi səbəbindən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına görə cinayət işinin istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, bu vəsatətin təmin edilməyəcəyi və işin məhkəməyə veriləcəyi təqdirdə isə əlavə şahidlərin, o cümlədən, Baş prokuror Zakir Qaralovun, onun birinci müavini Rüstəm Usubovun və başqalarının məhkəməyə dəvət edilməsi, əməliyyat-axtarış işlərinin materiallarının tələb edilərək məhkəmədə araşdırılması, qanunu pozmaqla əldə edilmiş sübutların çıxarılması barədə vəsatət verdik. Məhkəmə qanunun tələblərini pozaraq vəsatətləri təmin etmədi.

Məhkəmənin 6 iyul 2006-cı il tarixli qərarında deyilirdi: «İttihamın konkretləşdirilməməsinə görə müdafiə hüququnun pozulması barədə müdafiəçilər A.İsmayılov və T.Xanəliyevin vəsatətlərində göstərilən dəlili məhkəmə əsassız hesab edir. Çünki ittiham aktında ittiham epizodları aydın və ətraflı göstərilmiş, bu əməllərin tövsifi verilmişdir. Hər epizod üzrə əməlin ayrıca tövsif edilməli olduğu isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Müdafiəçilərin vəsatətlərində göstərilən digər hallar, o cümlədən, istintaq sənədlərinin vaxtında qeydə alınmaması, bu sənədlər qeydə alınarkən xronoloji ardıcıllığın pozulması, işə aidiyyatı olmayan cildin iş materiallarına əlavə olunması HƏQIQƏTƏ UYĞUN OLSALAR BELƏ, BUNLAR DA IŞIN PROKURORA QAYTARILMASINA ƏSAS OLA BILMƏZ ( Bunu şərh etməyə ehtiyac yoxdur, belə çıxır ki, məhkəmə bilərəkdən saxtalaşdırılmış cinayət işinə baxa bilər-A.İ.)”.
• Zakir Qaralovun dindirilməsini niyə istəyirdik?
Adil İsmayılov qeyd edib ki, məhkəmənin bu qərarı açıq-aydın qanunsuz və əsassız idi, məhkəmə prosesi bitdikdən sonra sədrlik edən özü də onunla söhbətində etiraf etdi ki, iş bu vəziyyətdə məhkəməyə verilməməli idi. Bu barədə sonrakı yazılarda oxuya biləcəksiniz. Tövsiflə bağlı birinci instansiya məhkəməsinin mövqeyinin qanunsuz olması Ali Məhkəmənin qərarında da öz əksini tapdı.
 Qərarda göstərilirdi ki, "Nə ittiham aktında, nə də məhkəmə qərarlarında törədilmiş cinayət hadisələrinin hər bir epizodu üzrə ayrı-ayrılıqda təqsirkar hesab edilən şəxslərin əməllərinin hüquqi tövsifi göstərilmədiyindən Z.Nəsirovun hansı epizod üzrə əməlinin məhz həmin maddə ilə tövsif edilməsini söyləmək mümkün deyildir".
''İttiham aktında Nəsirovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2000-ci ilə kimi qüvvədə olmuş redaksiyasında 94-cü maddənin 1, 4, 6, 7 və 8-ci hissələri ilə, iki hissədən ibarət 187-ci maddənin isə hissələri göstərilmədən təqsirləndirilməsi yazılmışdı. Halbuki, 94-cü maddə bir hissədən ibarətdir, onun bəndləri var, 187-ci maddə isə iki hissədən ibarətdir. Məhkəmə bu məsələyə də əhəmiyyət vermədi və qərarda bunlara qiymət vermədən, qanunun tələbləri pozulmaqla Nəsirovun 94-cü maddənin yuxarıda göstərilən hissələri ilə deyil bəndləri ilə, 187-ci maddə ilə isə hissə göstərilmədən məhkəməyə verilməsi barədə qərar verdi. (Qeyd edim ki, 187-ci maddə birinci instansiya məhkəməsi, 94-cü maddə isə bütövlükdə kassasiya instansiyası məhkəməsi tərəfindən ittihamdan xaric edildi). Bir epizod üzrə təqsirləndirilənlərə quldurluğa cəhdə görə ittiham verilmişdi, halbuki quldurluq hücum anından başa çatdığı üçün, hücum nəticəsində əmlakın ələ keçirilmədiyi halda da əməl cəhd kimi yox, bitmiş cinayət kimi tövsif edilir.
 
Qayıdaq məhkəməyə. Məhkəmə iclası 20 iyul 2006-cı il tarixində ittiham aktının nəticəvi hissəsinin oxunması ilə başlandı. Bundan sonra təqsirləndirilən şəxslərin ifadə verməsi ilə davam etdirildi. 25 iyul 2006-cı il tarixində Hacı Məmmədov dindirildi. O, ifadəsində bildirdi ki, rəhbərlik etdiyi cinayətkar dəstə tərəfindən ittiham aktında olmayan başqa cinayət də törədilib, 2005-ci il mart ayının 3-də jurnalist Elmar Hüseynov sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin sifarişi ilə qətlə yetrilmişdir. (Hacı ifadə verən vaxt 2005-ci ilin oktyabrından Fərhad Əliyev dövlət çevrilişinə cəhdə görə artıq həbs edilmişdi , sonradan vəzifə cinayətlərinə görə məhkum olunmaqla uzun müddətə azadlıqdan məhrum edildi, Prezidentin Əfv Fərmanı ilə 2013-cü ildə azadlığa çıxdı-A.İ.).
Məhkəmə qanunlara əməl etsə idi, Hacı Məmmədovu bu cinayətlə əlaqədar ətraflı dindirməli , əgər onun dedikləri düzdürsə, dövlət ittihamçısı bu məsələlərin araşdırılması və ittihamın ağırlaşdırılması üçün cinayət işinin istintaqa qaytarılması barədə vəsatət verməli idi. Lakin məhkəmə və dövlət ittihamçıları qanuna yox, onlara verilən göstərişə uyğun hərəkət etdilər. Hacı Məmmədovun bu ifadəsindən sonra məhkəmə iclası təxirə salındı...''.
Davamı olacaq
Загрузка...
Загрузка...

Xəbər lenti