Gözəl Bayramlının bacısı: 'Əlim göydədir'

Gözəl Bayramlının bacısı: 'Əlim göydədir'
Загрузка...

«Əlim göydədir, elə deyirəm, ay Allah, Gözəli bu Yeni il bayramında buraxalar», – Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, beynəlxalq qurumların siyasi məhbus saydığı Gözəl Bayramlının bacısı Şirin Ələkbərova deyir.

«Nə deyim, Allah könüllərinə insaf salsın»

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il yaxınlaşanda doğması, əzizi «əfv olacaqmı, bu dəfə azadlığa çıxacaqmı» deyə həyəcanlananlardan biri də odur.

«O gün xəbərlərdə deyirdilər ki, əfv olacaq. Buna da şamil edilə bilərmi, bilmirəm», - hakimiyyətin tənqidçilərindən olan siyasətçinin bacısı öz-özünə sual edir, ehtimallarla, gümanlarla danışır. Həm inanmaq istəyir, həm də qorxur: «Məhkəməqabağı (bu il noyabrın 14-də Ali Məhkəmənin G.Bayramlının işinə baxmasını nəzərdə tutur – A.R.) dedilər ki, buraxarlar. O, cinayət törətməyib. Vəkili də sübut etdi ki, cinayət törətməyib. Onu iki sərhədin arasında saxlayaraq çantasını əlindən alıb içəri aparıblar, içinə orda pul qoyublar. Cinayət etməyib. Dedilər ki, buraxarlar. Hamımız da inandıq. Mən özüm də xəstəyəm, gözümdən əməliyyat olunmalıyam. Gərək o həbsdən çıxsın ki, mən də əməliyyata gedim. Yoxsa əlimə ağır yük götürə bilmərəm. Nə deyim, Allah könüllərinə insaf salsın. Cinayət etməyib, onu aparıb cinayətkarlarla bir yerdə saxlamaq nə dərəcədə doğrudur? Neyləyib bu?! Sözün düzünü deyib deyə, içəri salmaq doğru deyil».

Ş.Ələkbərova
Ş.Ələkbərova

«Bilmirəm orda necə durur?»

Ş.Ələkbərova az qala hər həftə bacısının yanına getdiyini, ərzaq, pal-paltar apardığını, hərdən mədəsində, ayaqlarında ağrı olduğunu deyir.

«Mən sonuncu dəfə gedəndə heç kefi yox idi. Bilmədim ağrıyırmı, ya nədir. Amma məndən sonra qardaşım getmişdi, o, yaxşı olduğunu dedi, özü də zəng vurmuşdu. İndi bayramqabağıdır. Üçüncü gün zəng vurasıdır. O bizə deyəcək ki, nə alaq, nə aparaq. Hər dəfə yağ, ət, şor, pendir, kartof, soğan, göyərti, hər şey alıb aparıram. Orda 3-4 adam bir yerdə bişirib yeyirlər. Özünün də yaxşı biş-düş qabiliyyəti var, həddən artıq təmizkardır, səliqəlidir. Bilmirəm, o orda necə durur?», - Ş.Ələkbərova sual edir.

«Əvvəl Gəncədə, Kürdəxanıda olanda çox kitab istəyirdi, ancaq indi yox»

O, bacısına təzyiq olmadığını, saxlanma şəraitinin normal olduğunu da qeyd edir: ​«Onda kimin nə işi? Amma rejimdir də... Saxlandığı yer də normaldır. Deyir ki, yatdığımız yer istidir, pəncərəni açıq qoyub yatırıq, gündəlik gəzintiyə çıxır, gündəlik kitabxanada oturub kitab oxuyur. Əvvəl Gəncədə, Kürdəxanıda olanda çox kitab istəyirdi, ancaq indi yox. Ya bu istəyən kitablar kitabxanada var, ya da içəri buraxmırlar deyə, istəmir. Axı, hər şey içəri buraxılmır. O dəfə Liberal Demokrat Partiyası ödül vermişdi Gözələ. Ödülün şəklini çıxartdırıb apardım, heç onu içəri buraxmadılar. Eləcə uzaqdan göstərdim, deyirlər icazə yoxdur. Rejimdir də...».

G.Bayramlı Bakıda etiraz aksiyasında
G.Bayramlı Bakıda etiraz aksiyasında

Ş.Ələkbərova hərəkat yoldaşlarının G.Bayramlını yaddan çıxarmadıqlarını, vaxtaşırı maraqlanaraq «bacımız necədir» deyə xəbər aldıqlarını da əlavə edir.

Xatırlatma

AXCP sədrinin müavini G.Bayramlı 2017-ci il mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Rəsmi açıqlamada iddia olunur ki, Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapılıb. Bu ittihamla da o, Qazax Rayon Məhkəməsinin hökmüylə 3 il azadlıqdan məhrum edilib.

Noyabrın 14-də Ali Məhkəmə G.Bayramlının cəzasını iki ay azaldıb. Qərara əsasən, G.Bayramlıya qarşı CM-nin 206.1 (qaçaqmalçılıq) maddəsi ilə irəli sürülmüş ittiham da dəyişdirilib. İttiham 29.206.1 maddəsinə, yəni qaçaqmalçılığa cəhdə tövsif olunub.

G.Bayramlı ittihamı qəbul etmir. Məhkəməsində də deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.

Загрузка...
Загрузка...

Xəbər lenti