"Günahsız olduğum halda polis şöbəsində döyülüb, təhqir olunmuşam"

Göygöl şəhər sakini Vüsal Hüseynov Ucar rayon Polis Şöbəsinin əməkdaşlarından şikayətçidir. Deyir ki, heç bir pozuntuya yol vermədiyi halda, cərimələnib, üstəlik, döyülüb, təhqir olunub. Onun əlində bunu təsdiqləyən videogörüntülər də var.
"Mən o qədər ağılsız deyiləm ki, polisə maskasız yaxınlaşım...”
Hadisə 2020-ci il dekabrın 17-də baş verib. 33 yaşlı Vüsal Hüseynov həmin gün avtomobillə Göyçaydan Gəncəyə gedirmiş. Ucar rayonu ərazisində onu yol polisi saxlayıb: "Maşından düşüb, məni saxlamasının səbəbini soruşdum. Yol polisi dedi ki, dönmə işığından niyə istifadə etməmisən? Dedim ki, mən baş yoldayam, ötmə hərəkəti eləmirəm, yəni bu halda, istifadə etməyə borclu deyiləm. Gördü bu alınmadı, soruşdu ki, niyə maskadan istifadə eləmirsən? Mən də maşından düşəndə artıq maskanı taxmışdım. Dedim ki, ağzımda maska var. Dedi ki, yox idi, indi taxdın. Mən o qədər ağılsız deyiləm ki, maska məcburiyyətini bildiyim halda, polisə maskasız yaxınlaşım. Bildirdi ki, karantin rejimi qaydasının pozuntusuna görə protokol yazacam. Yazdı, mən də protokolu imzaladım, amma ora qeyd elədim ki, mən maska taxmışdım...”
"Şoka düşmüşdüm ki, bunlar nə edirlər...”
Vüsal Hüseynovun sözlərinə görə, bütün bu baş verənləri telefonuyla çəkib. Protokol tərtib olunandan sonra yol polisi maşınında olan daha iki əməkdaş da düşüb gəlib, ondan görüntülərin silinməsini tələb ediblər: "Polislər mənə hücum eləyib, zorla telefonu almaq istədilər. Məni maşına salıb xəsarət yetirdilər. Çox təhqiramiz ifadələr işlədirdilər. Maşını da əzdilər. Məcburən telefonu aldılar, özümü də Ucar Rayon Polis Şöbəsinə apardılar. Orada 2-3 saat saxladılar. Kamera olmayan yerdə yenə təhqir edirdilər, hədələyirdilər ki, əgər telefonu açıb görüntüləri silməsəm, polisə müqavimət ittihamıyla haqqımda cinayət işi başlayacaqlar. Şoka düşmüşdüm ki, bunlar nə edirlər. Məni yol polisinin saxlaması ilk dəfə deyildi. Haqlı saxladığı da olub, haqsız saxladığı da. Amma belə terror görməmişdim...” ''Məcburən telefonu aldılar, özümü də Ucar Rayon Polis Şöbəsinə apardılar''
 "Taleyimlə barışdım, nə edə bilərdim?!”
Vüsal Hüseynov deyir ki, başqa çıxış yolu olmadığına görə telefonundan görüntülərin silinməsinə razılıq verib. Polislər özləri görüntüləri telefondan siləndən sonra onun haqqında daha bir inzibati xəta protokolu tərtib ediblər. Bu dəfə o, İnzibati Xətalat Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə ittiham olunub. O, Ucar Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb və bu maddə ilə 200 manat cərimələnib:
"Halbuki, mən məhkəmədə hakimə hər şeyi olduğu kimi danışmışdım. Sadəcə, əlimdə sübutum yox idi, çünki dəlilləri silmişdilər. Mənim polisin tələbinə tabe olmamağım haqda yazılanlar yalan idi. Günahsız olduğum halda, döyülüb-təhqir olunmuşdum. Amma taleyimlə barışdım, neyləyə bilərdim? Məhkəmə də ədalətsiz qərar çıxardı, çıxıb gəldim. Sonradan hər iki cəriməni ödədim – həm maskaya görə olanı, həm də məhkəmənin kəsdiyi cəriməni...” Telefonundan silinən görüntüləri bərpa edib...
Vüsal Hüseynov hadisədən az sonra xüsusi proqram vasitəsilə telefonundan silinmiş videonun bir hissəsini bərpa edə bilib. Həmin görüntülərdə yol polisinin onu maşında təhqir etdiyi, xəsarət yetirdiyi görünür. O, həmin görüntüləri də əlavə edərək, həm Daxili İşlər Nazirliyinə, həm də Baş Prokurorluğa şikayət göndərib. Ona qarşı qanunsuzluq etmiş polislərin cəzalandırılmasını tələb edib:
"Prokurorluqdan məktub gəldi ki, şikayətim alınıb, araşdırma aparılacaq. Baş Dövlət Yol Polisi İdarəsindən də eyni məzmunlu cavab gəldi. Bir müddət sonra Ucar Rayon Yol Polisi Şöbəsinin rəisi Göygölə gəldi. Onunla birlikdə mənə xəsarət yetirən, təhqir edənlərdən ikisi də gəlmişdi. O iki nəfər maşından heç düşmədi. Rəis üzrxahlıq elədi, ərizəni geri götürməyimi istədi. Bunlar maşının içində gülürdülər. Bilmirəm ki, mənə gülürdülər, yoxsa öz aralarında nəsə danışırdılar. Mən ərizəni geri götürməkdən imtina etdim. Dedim ki, bunların haqsızlığına göz yumsam, sabah başqasına qarşı da eyni hərəkəti edəcəklər. Bunlar polisdir, məni qorumalı olduqları halda, əksinə, mənim hüququmu pozublar”.
 Bir polis cəzalandırılıb, amma...
Vüsal İsmayılov onun döyülüb təhqir olunmasında, böhtan hesab etdiyi protokolların tərtibində əli olan hər kəsin cəzalandırılmasını istəyir. O vurğulayıb ki, cəzasızlıq onun başına gətirilənlərin təkrarlanmaq ehtimalını artırır. Ucar Rayon Polis Şöbəsindən Vüsal Hüseynova göndərilən məktubda bildirilib ki, Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı Əhliman Novruzova intizam tənbehi elan edilib. Bu tədbir Vüsal Hüseynovu qane etmir.

Xəbər lenti