Gültəkin Hacıbəylinin evi əlindən alına bilər

Gültəkin Hacıbəylinin evi əlindən alına bilər
 Müxalifətçi 10 günə 85 min manat ödəməsə, mənzili və avtomobili hərraca çıxarılacaq
Milli Şuranın Koordinasiya Şurasının üzvü, keçmiş deputat Gültəkin Hacıbəyliyə Nəsimi Rayon İcra Şöbəsindən xəbərdarlıq edilib ki, keçmiş qayınanasına 85 min manatı 10 gün ərzində ödəməsə, əlavə cərimələnəcək.
Həmçinin onun mənzili və avtomobili də hərraca çıxarıla bilər. G.Hacıbəylinin avtomobili və üçotaqlı mənzilinin üzərində təxminən iki ildir ki, məhkəmə qərarıyla həbs qoyulub. Avtomobili əlindən alınaraq, cərimə meydançasına yerləşdirilib. Həmin vaxt keçmiş qayınanası Nəhayət Məmmədovanın iddiasına hələ Nəsimi Rayon Məhkəməsində baxılırdı.
N.Məmmədova iddia edir ki, G.Hacıbəyli 2003-cü ildə mənzilini onun vəsaiti hesabına təmir etdirib. Keçmiş gəlininə 50 min dollar verdiyini deyən N.Məmmədovanın sözlərinə görə, indiyədək həmin pul qaytarılmayıb.
G.Hacıbəyli isə bu iddianın yalan, müxalif düşərgəyə qoşulandan sonra ona qarşı təqib və təzyiqlərin davamı olduğunu deyir. Onun sözlərinə görə, hakimiyyət ona qarşı təqib kampaniyasında keçmiş əri və onun ailəsindən vasitə kimi istifadə edir:
"Mənə qarşı onlardan istifadə edib, bu xidmətlərinin qarşılığında da müxtəlif formalarda onları "mükafatlandırır”. Məsələn, Mahmud Mehdiyev 2000-ci illərin əvvəlində prokurorluq əməkdaşına yaraşmayan hərəkətlərə görə qovulmuşdu. Məhkəmədə üzümə durandan sonra Xətai Rayon Prokurorluğuna müstəntiq təyin edildi. Bacısı Aynur Mehdiyeva insan alverinə görə saxlanmışdı, məni məhkəməyə verməklə həbsdən yaxasını qurtardı. Onun 8 il 6 ay azadlıqdan məhrumetmə cəzasını 1 il şərti ilə əvəzlədilər. Aynur Mehdiyeva insan alverinə görə saxlandığı günün ertəsi anasının mənə qarşı 50 min dollarlıq məhkəmə iddiası verilib. Qızı saxlanılan ananın yadına bu düşürdü? Bu tarixin özü hər şeydən xəbər verir”.
Bu iddiaya əvvəlcə Nəsimi Rayon Məhkəməsində, daha sonra Bakı Apelyasiya Məhkəməsində, bir müddət əvvəl də Ali Məhkəmədə baxılıb. İddiaçı N.Məmmədova məhkəmə proseslərində iştirak etməyib. G.Hacıbəyli onun 50 min dolları verdiyinə dair borc müqaviləsi vaşqa sübutlar tələb edib. "Əvvəl dedilər ki. borc verib. Borc müqaviləsini tələb edəndə dedilər ki, yox, evi təmir etdirib. O vaxt mən millət vəkili idim, özüm öz evimi təmir etdirə bilmirdim? Həmin vaxt biz onun oğlu ilə ayrılmışdıq. Onlarla münasibətimiz pis idi. Belə olan halda, mənim evimi niyə təmir etdirməliydi? Pulu var idisə, 15 min dollar verib oğluna bir ev alaysı, mənim evimi niyə təmir etdirirdi? Pulun mənbəyilə bağlı vəsatət verdik, təmin olunmadı. Ümumiyyətlə, heç bir vəsatətimizi təmin etmədilər. Azərbaycanda reytinqli əmlak qiymətləndirmə agentliklərindən birini dəvət etdik, qiymətləndirmə aparıb təmirə 15 min dollar qiymət qoydular. Vəsatət qaldırdıq ki, məhkəmə özü də ekspertiza təyin etsin, yerində qiymətləndirmə aparılsın, görsünlər ki, orada 50 min dollarlıq təmir var, yoxsa yox. Bunu da etmədilər. 2003-cü ildə 50 min dollara Bakının mərkəzində üçotaqlı mənzil almaq mümkün idi”, - G.Hacıbəyli bildirib
. Keçmiş deputat hesab edir ki, hakimiyyət onun evini də əlindən almaqla cəzalandırmaq, həmçinin onun siyasətindən narazı olub, müxalif düşərgəyə meylli olanlara mesaj vermək istəyir:
"Demək istəyirlər ki, bizə təslim olmayan, şəxsiyyətini qoruyanların aqibəti belə olacaq. Prezident Administrasiyasının şöbə müdiri, siyasi müxaliflətlə münasibətlərlə məşğul olan Ədalət Vəliyev də açıq dedi ki, "bizimlə əməkdaşlıq edən müxaliflərin şəxsi problemlərini, ailələrinin məişət qayğılarını, səhiyyə problemlərini həll edirik”.
Siyasi hakimiyyət onunla anlaşanlara qarşı belə davranır, amma onun yanlışlarını, cinayətlərini üzünə deyən, vicdanına xəyanət etməmək yolunu tutanlara qarşı sərt repressiyaları davam etdirir. Mənim özümə də müxtəlif təkliflər olub - həm yeni konfiqurasiyada iştirakla bağlı, həm də başqa təkliflər. O təklifləri qəbul etmədiyim üçün hazırda ciddi təzyiqlərlə üz-üzəyəm. Mənzilim və avtomobilimin üzərində həbs var. İki ildir ki, avtomobilim cərimə meydançasında yağışın, günəşin altındadır. İddianın təmini tədbiri, gələcəkdə ziyanın, cərimənin ödənilməsinə xidmət etməlidir. Mənim maşınım iki il ərzində o vəziyyətdə saxlanmaqla dəyərinin yarısını itirib. Bu da o məqsədlə edilib ki, maşın məndən tələb etdikləri pulun heç bir hissəsini də ödəməsin, mənzilimi də əlimdən alsınlar”.
G.Hacıbəyli onun siyasi fəaliyyətinə görə 17 yaşlı oğlunun da cəzalandırıldığını vurğulayıb. Onun sözlərinə görə, oğlunun xarici universitetlərə müraciətlərinə müsbət cavab alsalar da, ölkədən çıxışına qadağa var: "Bunun adı siyasi terrodur. Məhkəmələr bu haqda şikayətimizə "yox” cavabı verib, atanın maraqlarından nağıl danışırlar. O "ata”nın ki, 7 il öncə rəsmi qaydada icra şöbəsinə məktub yazıb, işlərinin çox olduğunu, uşaqla görüşmək istəmədiyini bəyan edib. Heç vaxt uşağın təlim-tərbiyəsində rol oynamamış birindən vasitə kimi istifadə edib, uşağın təhsilinə mane olurlar”.
G.Hacıbəyli 2000-2010-cu illərdə deputat olub.

Xəbər lenti