Güllələnən Vəliyevi əvəzləyən başçı da azad olunur

Güllələnən Vəliyevi əvəzləyən başçı da azad olunur
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vəzifəsindən azad olunacaq. Bu barədə Gununsesi.info-ya məlumatlı mənbələrdən informasiya daxil olub. Xəbərə görə, Prezident İlham Əliyev Gəncəyə son səfəri zamanı şəhərin infrastrukturu sahəsində ciddi problemlərin şahidi olub. Gəncənin mövcud vəziyyətindən narazı qalan ölkə rəhbərinin səfərindən sonra baş verən iki sensasiyalı olay da – yol kənarında əkilmiş ağacların sonradan çıxarılması və sahibsiz itlərin işgəncə ilə öldürülüməsi faktları Niyazi Bayramovun əleyhinə işləyib. İcra başçısının bu gün Prezident Administrasiyasına çağrıldığı da deyilir.
Gəncə Şəhər İcra Hakimiyyəti icra başçısı Niyazi Bayramovun yaxın günlərdə işdən azad ediləcəyi və bu gün Prezident Administrasiyasına çağrılması barədə xəbərinə reaksiya verib. Bununla bağlı saytımıza göndərilən məlumatda xəbər təkzib edilir:
"Hazırda bu məsələ gündəmdə deyil və Niyazi Bayramov işinin başındadır. Əlavə olaraq bildirik ki, Gəncə şəhərində yol kənarında əkilən ağacların çıxarılması və sahibsiz küçə heyvanlarının güllələnməsi ilə əlaqədar kütləvi informasiya vasitələrinə açıqlama verilmişdir. Bir daha xatırladırıq ki, sözügedən ağacların əkilməsinin, daha sonra isə çıxarılmasının, iddia edildiyi kimi, Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri ilə bağlı heç bir əlaqəsi yoxdur. Gəncə şəhərində sahibsiz itlərin güllələnərək, məişət tullantıları poliqonuna atılmasını özündə əks etdirən videogörüntülərin Gəncə şəhərinin məişət tullantıları poliqoununda lentə alınması faktı isə öz təsdiqini tapmamışdır”.
Criminal.az xatırladır ki, N.Bayramov 3 il əvvəl Gəncə şəhərinə icra başçısı təyin edilib. O, sui-qəsd nəticəsində sağlamlığını itirən Elmar Vəliyevi əvəzləmişdi.

Xəbər lenti