"Gəncə məhbusu" kimi tanınan Elvin Nəzərovun səhhətində problemlər var

Загрузка...
"Gəncə hadisələri"ndə iştiraka görə həbs edilən Elvin Nəzərovun ailəsi onun cəzaçəkmə müəssisəsində "müalicə olunmamasından" narazıdır. Onun həyat yoldaşı Şəbnəm Nəzərova BBC News Azərbaycancaya bildirib ki, "onun başında dəhşətli ağrılar var, amma həkim müayinəsində ona ağrıkəsicilər verilib".
Penitensiar Xidmət və Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi həkimlərin məhbusun səhhətini nəzarət altında saxladığını bildirib.
Elvin Nəzərov "Gəncə hadisələri" ilə bağlı saxlanıb, ona 2,6 ay həbs cəzası verilib. Şəbnəm Nəzərova deyib ki, həyat yoldaşı Gəncədə həbs olunarkən ona "işgəncə veriblər" və hazırda başında olan ağrılar onunla əlaqəlidir. "Elvin Nəzərovun ağrıları elə güclüdür ki, o öz geyimini də dəyişə bilmir. Məhbus yoldaşlarının köməyi ilə edir hər şeyi. Biz onun başının "Maqnit Rezonans Tomoqrafiya (MRT)" olunmasını istəyirik, amma bunu etmirlər. Ağrıkəsici verməklə onu yubadırlar və bu asılılıq yaradır", Şəbnəm Nəzərova deyib. Elvin Nəzərov Gəncə hadisələri ilə bağlı saxlanıb, ona 2,6 ay həbs cəzası verilib. Penitensiar Xidmətin sözçüsü Mehman Sadiqov BBC News Azərbaycancaya bildirib ki, məhbusun səhhəti ilə bağlı "məsələlərlə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi məşğul olur".
Onun sözlərinə görə, məhbusun vəziyyəti həmin qurumun nəzarətindədir. Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov BBC News Azərbaycancaya deyib ki, "həkimlər Elvin Nəzərovun səhhətini nəzarət altında saxlayır".
"Onun səhhətində həyati təhlükəli hal yoxdur. Ambulator müalicə təyin olunub və yaxın günlərdə yekunlaşacaq. Əgər mütəxəssislər ehtiyac hiss etsələr onu müalicə müəssisəsinə köçürəcəyik, lazım gəlsə orada müalicə edəcəyik", İftixar Qurbanov deyib.
Rəis müavini bildirib ki, Elvin Nəzərova nevropotoloq müalicə təyin edib və onun təyinatında ağır dərmanlar istifadə olunmur, ona yüngül sakitləşdiricilər təyin olunub. İftixar Qurbanov onu da deyib ki, onun müalicəsi bir neçə günə yekunlaşacaq və yenidən nevropotoloqun qərarı müalicənin davam edib-etməyəcəyini məyyən edəcək. "Gəncə hadisələri" zamanı nə olub? 2018-ci ildə iyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. O və onun mühafizəçisi ağır yaralanıb.
Hadisə rəsmi şəxslər tərəfindən ilk öncə "kriminal hadisə" kimi xarakterizə edilsə də, sonradan hücumu törətməkdə təqsirləndirilən Yunis Səfərovun həm də "terror təşkilatları ilə əlaqəli şəxs olduğu və dövlət məmuruna qarşı terror törətdiyi" bəyan edilib. Bundan sonra naməlum şəxslər iyulun 10-da Gəncədə aksiya keçirəcəklərini elan etmişdilər. Həmin gün iki yüksək rütbəli polis zabiti hücum nəticəsində öldürülmüş, bir nəfər isə yaralanmışdı. Bu hadisədən sonra hüquq-mühafizə orqanları 77 nəfərə cinayət işinin açıldığını, 11 nəfərin axtarışa verildiyini, 5 nəfərin öldürüldüyünü açıqlayıb. İndiyə qədər "Gəncə hadisələri"ndə ittiham olunana şəxslərdən iki nəfəri vəfat edib. Onlardan biri istintaq zamanı, digəri isə həbsxanada vəfat edib. "Gəncə hadisələri" ilə bağlı 77 nəfər ittiham olunub. Onlardan həbs olunanlara 2 ildən 20 ilədək həbs cəzası verilib.
Загрузка...
Загрузка...

Xəbər lenti