"Gəncə işi"nin üç fiqurantı vaxtından əvvəl azad edilib

Загрузка...
 "Gəncə işi"nin üç fiqurantı - Aydın Rüstəmov, İsa Məhərrəmzadə və Hüseyn Bayramov aprelin 1-də həbsdən vaxtından əvvəl azad edilib. Bu barədə Turan-a onların doğmaları bildirib. Hər üçünün həbs müddətinin bitməsinə üç ay qalıb. Məhkəmənin cəzaçəkmə müəssisəsində keçirilən səyyar iclasında cəza müddəti başa çatana qədər məhkumların vaxtından əvvəl azad edilməsi tədbirləri çərçivəsində onların azad edilməsi qərarı qəbul edilib.
Xatırladaq ki, martın sonlarında bu kateqoriyadan olan 200 şəxs həbsdən azad edilib. Rüstəmov, Məhərrəmzadə və Bayramov yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. *2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib.
Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edirlər. Y.Səfərovun bu iddialara münasibəti məhkəmədə açıqlanacaq. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.
Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 18 ilədək həbs cəzası verilib. Sonradan apellyasiya məhkəməsi onların bir qisminin cəzasını azaldıb. Bu hadisələrlə əlaqədar həbs olunanlardan təxminən 10 nəfər şərti cəzayla azadlığa buraxılıb, 8 və 6 nəfərlik daha iki qrupun apellyasiya şikayətləri üzrə məhkəmələrsə davam edir. Y.Səfərov və daha 11 nəfər məhz icra başçısı və mühafizəçisinin güllələnməsinə görə mühakimə olunurlar.

Xəbər lenti