Gəncə hadisələrinə görə daha 8 nəfərə 16 ilə qədər həbs tələbi

Gəncə hadisələrinə görə daha 8 nəfərə 16 ilə qədər həbs tələbi
Загрузка...
Həbs olunanlar arasında yetkinlik yaşına çatmayan da var
Gəncə hadisələrinə görə həbs olunan 8 nəfərlik daha bir qrupun məhkəməsi yekunlaşır. Təqsirləndirilən şəxslər Bəkrəm Əliyev, Həbib Qurbanov, Elmir Hüseynzadə, Vüqar Yusifov, Şahin Verdiyev, Emil Məmmədov, Mirzə Hüseynov və Asif Cavadovun işi üzrə məhkəmə istintaqı başa çatıb. Sentyabrın 5-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyilə keçirilən məhkəmədə prokuror çıxış edib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29.120 (qəsdən adam öldürməyə cəhd) maddəsinin bir neçə bəndi, 220.1 (kütləvi iğtişaşları təşkil etmə və ya iştirak), 228.4 (qaz silahı, soyuq silah əldə etmə, satma və ya gəzdirmə) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddələrilə ittiham irəli sürülüb. Prokuror iddia edib ki, ittihamlar məhkəmə istintaqında da sübuta yetirilib. O, bu maddələrlə Bəkrəm Əliyevin 16, Həbib Qurbanovun isə 15 il azadlıqdan məhrum edilməsini istəyib.
Digər təqsirləndirilən şəxslərin üzərindən qəsdən adam öldürməyə cəhd ittihamının götürülməsini məqsədəuyğun sayan prokuror qalan maddələrlə Mirzə Hüseynovun 8 il, Asif Cavadov və Elmir Hüseynzadənin 7 il, Şahin Verdiyev və Vüqar Yusifovun 6 il, Emil Məmmədovun 5 il azadlıqdan məhrum olunmasını təklif edib. Prokurorun fikrincə, Bəkrəm Əliyevlə Həbib Qurbanovun ciddi rejimli, 5 nəfərin ümumi rejimli, Emil Məmmədovun isə tərbiyə müəssisəsində saxlanmalıdır.
Emil Məmmədov həbs edilərkən 15 yaşında olub. 2002-ci il təvəllüdlü Emil hələ də yetkinlik yaşına çatmayıb. Məhkəmə prosesi sentyabrın 6-da vəkillərin çıxışı ilə davam edəcək. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, günahsız olduqlarını, heç bir cinayət törətmədiklərini bildirirlər. Məhkəmədə ifadə verərkən işgəncəyə məruz qalmalarından, yalan ifadələrə təzyiq altında imza atmalarından danışıblar, həmin ifadələrin sübutlar siyahısından çıxarılmasını istəyiblər. Prokuror isə onların dediklərini özünümüdafiə cəhdi kimi qiymətləndirib.
Загрузка...
Загрузка...

Xəbər lenti