Gənc oğlan qohumunu öldürdü

Gənc oğlan qohumunu öldürdü
Qazax rayonunda qətl törədilib. Baş Prokurorluqdan Criminal.az-a verilən məlumata görə, iyunun 28-də saat 09 radələrində Qazax rayonu, Aslanbəyli kənd sakini 1972-ci il təvəllüdlü Telman Əhmədovun yaşadığı evin yaxınlığında bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub. İlkin istintaqla hadisənin zərərçəkmişin qohumu, 1990-cı il təvəllüdlü Fərrux Məmmədov tərəfindən  aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı  törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Fərrux Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti