'Mütləq teatra getmək lazım deyil, məhkəmələr də bu işi görür'

 'Mütləq teatra getmək lazım deyil, məhkəmələr də bu işi görür'
Загрузка...
Fuad Qəhrəmanlı deyir ki, Azərbaycanda məhkəmələr teatrdır, işi də ədaləti bərqərar etmək yox, adamlara tamaşa göstərməkdir. Bu fikri o, noyabrın 7-də Bakı Apellyasiya Məhkəməsində öz işinə baxılarkən səsləndirib. F.Qəhrəmanlı oktyabrın 31-də saxlanıb və Nəsimi Rayon Məhkəməsinin qərarıyla ona 30 gün inzibati həbs cəzası kəsilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsiylə - küçədə telefonda danışarkən yüksək səslə söyüş söyməkdə, onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının tələbinə əhəmiyyət verməməkdə suçlanır. Özü isə deyir ki, saxlandığı ərəfədə mülkigeyimlilərin onu izlədiyini görüb, telefonunu söndürmüşdü:
«Necə olur, AXCP-nin onlarla üzvü həbs olunub, hamısı da telefonda söyüş söyməyə görə? Bu qədər qeyri-ciddi, absurd davranışla hüquq-mühafizə orqanları özlərini biabır edirlər. Məhkəmələr də onlardan fərqlənmir, sifarişlə həmin biabırçı protokolları qərar halına salırlar. Teatra baxmaqdan ötrü mütləq teatra getmək lazım deyil, Azərbaycanda məhkəmələr də bu işi görür. Polis şahid rolunda, bir başqası hakim mantiyasıyla öz rolunu oynayır. Elə siz də indi rol oynayırsız, otağa gedib-qayıdacaqsız, deyəcəksiz ki, «şikayət təmin olunmur, Nəsimi rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılır». Obyektiv olub, bunun əksini eləməyə cəsarətiniz çatmır...».
F.Qəhrəmanlı deyir ki, Nəsimi rayon Məhkəməsində obyektiv araşdırma üçün saxlandığı yerdəki kamera görüntülərinə baxılmasını, telefonla danışıb-danışmadığını öyrənməkdən ötrü mobil operatora sorğu göndərilməsini istəyib. Amma hakim bu vəsatətləri təmin etməyib. «Bütün bunlar ölkədəki siyasi repressiyaların göstəricisidir. Mənim və digər cəbhəçilərin həbsi repressiyaların tərkib hissəsidir. Bu, həm insanların mitinqdə iştirakının qarşısını almaq, həm də göz qorxutmaq məqsədi daşıyır. Amma yanılırlar. Bizləri həbs eləməklə artan narazılığın qarşısını almaq mümkün olmayacaq», – F.Qəhrəmanlı belə deyib.
Hakim Namiq Məmmədov onun şikayətini təmin etməyib, 30 günlük həbs qərarı qüvvədə qalıb. F.Qəhrəmanlı bildirib ki, bu məsələ ilə əlaqədar Avropa Məhkəməsinə şikayət edəcək. F.Qəhrəmanlı Milli Şuranın noyabrın 2-nə təyin etdiyi, sonradan təxirə salınan etiraz aksiyası öncəsi saxlanıb. Bakı Şəhər İcra Hakimiyyəti etiraz aksiyasını şəhərin mərkəzində keçirməyə icazə vermədiyindən təxirə salındı. Ancaq aksiya öncəsi AXCP-nin bir neçə üzvünün administrativ həbs cəzaları uzadıldı. Həmin fəallar Milli Şuranın 19 oktyabr aksiyasından qabaq saxlanmışdılar. Oktyabrın19-da müxalifət fəalları şəhər mərkəzində razılaşdırılmamış etiraz aksiyası keçirməyə cəhd edib, onlarla fəal saxlanıb.
Загрузка...
Загрузка...

Xəbər lenti