Əsrin cinayətini törədənlər niyə cəzasız qalmaqdadır? - Sabiq təhlükəsizlik zabitinin SENSASİON YAZISI

Əsrin cinayətini törədənlər niyə cəzasız qalmaqdadır? - Sabiq təhlükəsizlik zabitinin SENSASİON YAZISI
Загрузка...
Sabiq təhlükəsizlik zabiti, "Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu öz bloqunda olduqca sensasion yazı paylaşıb. Həmin yazı "casus əməliyyatı"ndan bəhs edir. Criminal.az həmin yazını olduğu kimi təqdim edir:
2018-ci ilin əvəllərində Ermənistana casusluq saxta ittihamı ilə tutulan 6 hərbçinin işgəncələrdən öldüyünü yazmışdım. Bir müddət sonra bu mövzunun bir sıra media orqanlarında hallanmasına cavab olaraq, hərbi prokuror Xanlar Vəliyev artıq keçmiş APA agentliyinə müsahibəsində "satqınların" məhkəməsinin Novruz bayramınadək (2018-ci ilin) başlanacağını demişdi. Başqa sözlərlə, məhkəmə 1 il əvvəl başlamalı idi, amma bu günədək 1 nəfərin də casusluq ittihamı ilə bağlı mühakimə olunduğu məlum deyil. Əksinə, hərbçilərin öldürülməsinə reaksiyalar başqa bir məhkəmə prosesinin başlanmasına start verdi - saxta ittihamla həbs olunmuş hərbçilərə verilmiş işgəncələrin icraçısı olan digər hərbçilərin qapalı məhkəməsi. Bəli, məhz icraçıların.
Həmin vaxt məsələni araşdıranda Bakıdakı mənbələr saxta ittihamla həbs olunanlara işgəncə verənlərin məhz Müdafiə Nazirliyinin xüsusi təyinatlıları olduğunu bildirmişdi və etiraf edək ki, bu, bizdə xeyli suallar doğurmuşdu. Amma zaman keçdi və məlum oldu ki, Azərbaycan Ordusunun saxta ittihamlarla həbs olunmuş hərbçilərinə işgəncələr verərək öldürənlər həqiqətən elə Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin hərbçiləri olublar. Öz hərbçi yoldaşlarına sözün həqiqi mənasında vəhşicəsinə işgəncələr (bu işgəncələrin nədən ibarət olması haqda bir qədər sonra) verənlərin "hansı motivləri ola bilərdi?" və "həmin iyrənc işgəncələri icra edənlər belə vəhşiliyə necə sövq oluna bilərdi?" kimi suallar o dərəcədə anlaşılmazlıqlar yaradırdı ki, araşdırmanın hər addımında dönə-dönə bu qənaətə gəlirdik ki, bəlkə əldə etdiyimiz məlumatlar bizi əsas hədəflərdən yayındırmağa yönəlmiş məqsədyönlü dezinformasiyadır? Amma araşdırmamız göstərdi ki, xeyr, zərərçəkmiş əsgərlərə işgəncə verənlər məhz həmin Daxili Təhlükəsizlik İdarəsinin xüsusi təyinatlıları olub və işgəncələrə əmr verən də həmin idarənin rəisi, polkovnik Ramil Əkbərov olub.
Bundan sonra Bakıda olduğumdan araşdırmanı daha dərindən və şəxsən aparmaq imkanı qazandım və hər dəfə əldə etdiyim məlumatlar məndə sözün həqiqi mənasında şok effekti yaradırdı. Amma əvvəlcə qayıdaq işgəncələrdən ölənlərin sayına və hərbçilərimizə verilmiş işgəncələrin xarakterinə. Həmin "casus əməliyyarı" dövründə Müdafiə Nazirliyinin 250-dən yuxarı hərbçisi Hərbi Prokurorluq tərəfindən Ermənistanın xeyrinə casusluqda şübhəli bilinərək istintaqa cəlb olunub. İstintaq zamanı onlardan 200 nəfərdən çoxu aldığı ağır fiziki və psixoloji travmalardan sonra faktiki əlillik durumuna çatdırılıb, 14 nəfər isə işgəncələr verməklə vəhşicəsinə qətlə yetirilib.
İşgəncələrə məruz qalanların başına torba keçirilərək (işgəncə verənlərin öz əsgər yoldaşlarını üzdən tanıyaraq xüsusi qəddarlıq etməyəcəyindən ehtiyat edərək), əlləri-ayaqları bağlı vəziyyətdə ağır döyülməsindən tutmuş ac-susuz saxlanılmasına qədər, işgəncələr nəticəsində alınmış yaralara təkrar fiziki zərbələrdən tutmuş onların daxili orqanlarına butulka və digər cisimlərin yeridilməsinədək amansız və vəhşi əməllər törədilib. İşgəncələr zamanı əsgərlər öldükdə isə onların eybəcər hala salınmış cəsədlərini gizlincə gətirib (bir sıra hallarda ailələrinə belə öncədən xəbər vermədən) yaşayış yerlərindəki məzarlıqlarda dəfn ediblər. Amma bu da hələ məsələnin hamısı deyil.
Öldürülən hərbçilərin ailələri bir sıra hallarda Müdafiə Nazirliyinin rəsmiləri ilə yanaşı, həm də yerli icra hakimiyyəti başçıları və polis rəsmiləri tərəfindən onlar səslərini çıxarsalar, daha pis vəziyyətə düşəcəklərilə təhdid olunublar. Qətlə yetirilmiş Azərbaycan hərbçilərinin bəzilərinin azyaşlı uşaqları "Vətən xaininin uşağı" adı ilə oxuduqları məktəblərdə psixoloji təzyiqlərə məruz qalmış, bəziləri isə hətta məktəbdən knarlaşdırılıblar. Və, bütün bunlar 21-ci əsrdə hüquqi dövlət adlandırılan Azərbaycan Respublikasında baş verib.
Bundan başqa, saxta ittihamla həbs olunanların telefon zəngləri araşdırılarkən onlarla zəngləşmiş insanlar Hərbi Prokurorluq tərəfindən təhdid olunaraq külli miqdarda rüşvət verməyə məcbur ediliblər. Xatırladıram ki, söhbət yüzlərlə heç bir günahı olmayan insandan gedir. Heç bir halda istintaq adlandırıla bilməyəcəyimiz bu vəhşiliyə rəhbərlik edən və Rusiya ilə əlaqələri olan hərbi prokuror Xanlar Vəliyevin cinayətkar motivlərini anlamaq olar, amma sual olunur ki, bu quruma nəzarət səlahiyyətinə malik olan Respublika Prokurorluğu və şəxsən Baş prokuror Zakir Qaralov bütün bu cinayətlərə niyə göz yumub?
Ölkənin digər hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizlik Xidməti niyə zamanında düşməncəsinə qətlə yetirilənlərin Ali Baş Komandanı olan dövlətin başçısını məlumatlandırmayıb? Əgər məlumatlandırıbsa, o zaman o, yəni, İlham Əliyev niyə tədbir görməyib və bu gün də həmin xainlərə qarşı hər hansı addım atacağı görünmür? Axı bu qətllər, işgəncələr bir neçə gün və hətta bir neçə həftə ərzində baş verməyib, aylar ərzində həyata keçirilib.
Nəhayət, bu gün qətlə yetirilmiş hərbşilərin ailələrinin etirazları niyə eşidilmir? Məsələ isə kifayət qədər sadədir. Bütün bu cinayətlər 2016-cı ilin aprelində Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlardan qaynaqlanır. Hələ o zaman ordunun real itkiləri və onların səbəbləri ictimai rəydən gizlədildi. İrəli gedən ordu hissələrinə nəinki dəstək olmamışdı, hətta onların koordinatları düşmənə ötürülmüşdü. Təbii ki, düşmənin hərbi müttəfiqi olan Rusiya vasitəsilə və bu "de facto" casusluq Müdafiə Nazirliyinin yüksək rəsmiləri tərəfindən edilmişdi. Məhz elə buna görə də həmin o saxta casusluq ittihamları verilən hərbçilərin hamısı Goranboy qarnizonunun hərbçiləridir. Deməli, satqınlar özünü qorumaq və ordunun ağır itkilərinin əsl səbəbini (özlərinin satqınlığını) gizlətmək üçün günahsız insanlara işgəncələr verməklə onların xəyanəti boynuna götürməsini istəmişdilər.
O zaman başqa bir sual ortaya çıxır ki, əgər işgəncələr nəticəsində 14 insan ölübsə və 200-dən çoxu faktiki əlil edilibsə, bu işgəncələrə birbaşa rəhbərlik edənlər niyə həbs olunmurlar? Bunun cavabı isə çox sadədir: məsələ burasındadır ki, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi, başqa sözlərlə baş cəllad, polkovnik Ramil Əkbərov Baş Qərargah rəisi Nəcməddin Sadıkovun bacısı oğludur və təbii ki, bütün bu amansızlığı dayısının tapşırığı olmadan həyata keçirə bilməzdi. Burdan da növbəti sual ortaya çıxır ki, Müdafiə Nazirliyində əsas söz sahibi olan, Rusiya general-qubernatoru Nəcməddin Sadıkov bu yolla kim(lər)in əsl satqın və xəyanətkar olması faktını gizlətməyə çalışırdı?
Müdafiə Nazirliyindən Rusiyaya məxfi məlumatları kim ötürə bilərdi və ümumiyyətlə hərbi əməliyyatı sabotaj etməyə kimin səlahiyyəti və gücü çata bilərdi? Amma gürdüyümüz kimi, bütün bu suallar cavabsız qalmaqdadır və ən başlıcası da Azərbaycan Ordusuna qarşı törədilmiş ağlasığmaz miqyasda qeyri-insanı vəhşiliyə bu günədək İlham Əliyev niyə reaksiya vermir? Əminliklə deyə bilərik ki, bu sual da cavabsız qalacaq, amma bir şeyi də əminliklə deyə bilərik ki, biz, öz vətəndaşlıq borcumuzu anlayaraq bu dəhşətli cinayətin bütün detallarını açıqlamaqda davam edəcəyik, çünki cinayətkarlar azadlıqda, yüksək dövlət vəzifələrində, Müdafiə Nazirliyi və Hərbi Prokurorluq kimi dövlətin dayağı olmalı olan qurumların rəhbərliyində yox, həbsxanalarda olmalıdılar. Biz israrla buna nail olmağa çalışacağıq ki, 200-dən artıq mənəvi və fiziki işgəncələrə məruz qalmış hərbçimiz, 14 nəfər qətlə yetirilmiş əsgərimiz rəsmi qaydada bəraət alsınlar və onlardan üzr istənilməklə yanaşı, onlara həm də maddi kompensasiya ödənilsin. Halbuki, həmin o işgəncələrin nətcələrinin hansısa kompensasiyalarla aradan qaldırmaq mümkün olduğunu düşünmürük.
Biz əlimizdə olan bütün faktları cəmiyyətin diqqətinə çatdıracağıq ki, insanlar bilsin ki, saxta ittihamlarla kütləvi həbslər ərəfəsində həmin Ramil Əkbərov Prezident Administrasiyasının təkidilə işdən kənarlaşdırıldıqdan sonra Nəcməddin Sadıkov cəmi bir neçə gün ərzində onun bərpasına kimin vasitəsilə, niyə və necə nail olubdur? Məgər bu faktın özü göstərmirmi ki, Azərbaycan Orudusuna qarşı bu cinayət əvvəlcədən planlaşdırılmış olub?
Hələlik isə son sualımız budur: cinayətkar əmri vermiş hərbi prokurur Xanlar Vəliyevin, Nəcməddin Sadıkovun, Zakir Həsənovun rəhbərlik etdiyi silahlı qüvvələrlə ölkənin təhlükəsiliyi, onun ərazi bütövlüyü təmin oluna bilərmi? Bu sualın cavabı isə hər kəsə məlumdur.
P.S.: Son günlər Azərbaycan Ordusuna qarşı bu ağır cinayəti törədənlər mediada əks-kampaniyaya başlayıblar. Adını "hərbi ekspert", "hərbçilərin hüquqlarının müdafiəçisi" qoymuş və "... son vaxtlar bir sıra elektron media resurslarında və sosial şəbəkələrdə bəzi valideynlərin Müdafiə Nazirliyini, Respublika Hərbi Prokurorluğunu hədəfə alan, yalan dolu müraciətləri və şərhləri geniş yayılmağa başlayıb..." kimi iddialarla çıxış edənlərə xatırlatmaq istərdik ki, ağır dövləti cinayət törətmiş şəxsləri istənilən şəkildə müdafiə edənlər onların cinayətlərinə şərik çıxmış olurlar. Bir də, bunu unudanlara xatırlatmaq istərdik ki, orduda zabit şərəfi deyilən bir anlayış var. O, varsa əlbəttə...
(Davamı var)
Загрузка...
Загрузка...

Xəbər lenti