Ərdəbil apellyasiya məhkəməsi Yusuf Karini 2 il həbsə məhkum edib

Ərdəbil apellyasiya məhkəməsi Yusuf Karini 2 il həbsə məhkum edib
Загрузка...
İlkin məhkəmə tərəfindən 6 il həbsə məkum olan türk fəal Yusuf Kari apellyasiya məhkəməsində 2 il azadlıqdan məhrum edilib. İranda insan haqları pozuntularının xəbərlərini yayımlayan HRA xəbər agentliyinin məlumatına istinadən, Ərdəbil sakini olan milli fəal Yusuf Kari həmin şəhərin İnqilab Məhkəməsi tərəfindən 6 il həbs cəzasına məhkum edilsə də, apellyasiya məhkəməsi həbs cəzasını 2 ilə qədər azaldıb.
Yusuf Kari fevralın 23-də Ərdəbil vilayətinin apellyasiya məhkəməsinin 13-cü şöbəsi tərəfindən rejimə qarşı təbliğat aparmaq ittihamından bəraət qazanıb, ancaq "milli təhlükəsizliyi pozmaq üçün iclaslarda davamlı iştirak etməklə qondarma etnik sivil qrupuna üzv olmaq" ittihamı ilə suçlanaraq 2 il həbs cəzasına məkum edilib. Daha öncə o həmin ittihamlarla mühakimə edilərək, 1 il və 5 il həbs cəzasına məruz qalmışdı.
Beləliklə, "qanunsuz qrupda üzv olmaq" ittihamı ilə 5 illik həbs cəzası 2 ilə qədər azaldılıb. Azərbaycanlı fəal keçən il sentyabrın 3-də Ərdəbilin Şəriəti Meydanında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, sentyabrın 8-də ailəsi ilə qısa telefon söhbətində Ərdəbil həbsxanasına köçürüldüyünü bildirmişdi.
Milli fəalın ailəsi daha əvvəl məhkəmə tərəfindən onun müvəqqəti azadlığa buraxılması üçün müəyyənləşdirilmiş 50 milyon tümənlik vəsaiti təmin etsə də, daha sonra Ərdəbil İnqilab Prokurorluğu siyasi fəalın dosyesinin hazırlanmadığı bəhanəsi ilə zəmanətin qəbul edilməsindən imtina etməklə yanaşı, bir müddətdən sonra zəmanətin dəyərini 300 milyon tümənə yüksəltmişdi.

Xəbər lenti