“Əmin idim ki, mən evdə olmayanda Ofeliya ilə görüşmək üçün bizə gedir”

“Əmin idim ki, mən evdə olmayanda Ofeliya ilə görüşmək üçün bizə gedir”
Загрузка...
58 yaşlı Müsəddiq Əliyev həyat yoldaşını boğub öldürüb. Hansı ki, 28 il bir damın altında yad insanlar kimi yaşayıblar. O, qətli əvvəlcədən planlaşdırıb, uzun müddət cibində ip gəzdirib. İstintaqda məlum olub ki, ərinin səbəbsiz yerə onu incitməsindən, olmayan şeylərə görə ittiham etməsindən, döyüb-söyməsindən bezən qadın dəfələrlə boşanmaq istəsə də, övladlarına görə ona əzab verən adamdan ayrılmayıb. Günlərin birində evdə kimsənin olmamasından istifadə edən ailə başçısı çoxdan bəri planlaşdırdığı qətlə "imza atıb”.
Dərsdən evə dönən oğul mənzildə anasının soyumuş cəsədi ilə rastlaşıb, atasını isə həyətdə - polis əməkdaşlarının arasında əlləri qandallı vəziyyətdə görüb. Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Yardımlı rayon sakini Müsəddiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 
Qısqanc ərin qətl planı, yoxsa ruhi xəstənin hallüsinasiyası?
Virtualaz.org-un xəbərinə görə, hadisə ötən il oktyabrın 30-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib. Həyat yoldaşı Ofeliya İmanovanın başqa kişilərlə yaxınlıq etməsindən şübhələnən M.Əliyev onu öldürmək qərarına gəlib.
O, əvvəlcə Ofeliyanı döyüb, daha sonra ipi qadının boğazına dolayaraq boğub. Arvadının öldüyünə əmin olduqdan sonra evdə gizlətdiyi dəmir parçasını qara sellofan torbaya qoyaraq birbaş yaxınlıqdakı meyvə-tərəvəz dükanına yollanıb. Dükanda işləyən Elvin Nəsirovla Ofeliyanın əlaqəsi olduğunu iddia edən M.Əliyev onunla da haqq-hesabı çürütmək istəyib. O, Elvinə yaxınlaşaraq bir kilo armud çəkməyi xahiş edib. Elvin əyilib yeşikdən meyvə yığarkən Müsəddiq əlindəki dəmir parçası ilə onun başına vurmağa cəhd edib, lakin sellofan cırılıb, dəmir yerə düşüb. Yenidən Elvini vurmaq istəsə də, niyyətini başa çatdıra bilməyib.
 
 
Daha sonra M.Əliyev polisə gedərək könüllü təslim olub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2 və 29,120.2.7-ci maddələri ilə ittiham irəli sürülüb. Qaradağ rayon məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. İstintaq M.Əliyevin cinayəti xroniki psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə törətməsi qənaətinə gəlib.
"Başqası ilə görməmişəm, amma əmin idim ki...”
Təqsirləndirilən M.Əliyev ifadəsində həyat yoldaşı Ofeliya ilə 1991-ci ildə ailə qurduqlarını, birgə nikahdan iki övladları olduğunu, uzun müddət ailəsi ilə birgə Rusiyada yaşadığını, 2005-ci ildə Azərbaycana köçdüklərini deyib. Müxtəlif tikintilərdə bənnalıq edib. Dediyinə görə, son beş ilə kimi aralarında söz-söhbət, mübahisə, dava-dalaş olmayıb. Amma sonradan onun başqa kişilərlə münasibət qurmasından şübhələnib:
"Onu başqası ilə görməmişəm, tutmamışam, davranışları məndə şübhə yaradırdı. Bizim evin yanındakı satıcı oğlandan şübhələnmişdim. Mən evdən çıxanda mağazanın qabağında dayanırdı, məni izlədiyini başa düşürdüm. Əmin idim ki, mən evdə olmayanda Ofeliya ilə görüşmək üçün bizə gedir. Məhəllədə gizlənmək üçün yer olmadığından onları güdə bilmirdim. Ofeliyanın onunla görüşdüyünü hiss edirdim”.
"Ruhi xəstə deyiləm”
M.Əliyev deyir ki, arvadı ilə aralarında bununla bağlı dəfələrlə mübahisələri yaranıb, onu döyüb, etiraf etməyə məcbur edib. Hər dəfə əri tərəfindən döyülən Ofeliya polisə şikayət edəcəyini desə də, heç vaxt ondan şikayətçi olmayıb. Hətta bir dəfə Ofeliyanı "tutmaq” üçün ona rayona gedəcəyini deyib, lakin həmin gün anidən evə qayıdıb:
"Məni görəndə pis vəziyyətə düşdü. Həmin gün heç kim qapımızı döymədi. Yəqin özündə olan telefonla gələn adama mənim evə qayıtdığımı məlumat verib. Onun telefon işlətdiyini bilirdim, amma nömrəsini bilmirdim”.
M.Əliyev ifadəsində psixi xəstəliklərlə bağlı qeydiyyatda olmadığını deyib: "Ruhi xəstə deyiləm. Heç bir xəstəlik keçirməmişəm, spirtli içki içmirəm, narkotik vasitələrdən istifadə etmirəm”.
 
 
"Övladlarıma görə onları öldürə bilmirdim”
Öz fərziyyələrindən, uydurduğu fantaziyalardan özü də şübhələnən M.Əliyev həm arvadını, həm də qonşuluqdakı dükanda işləyən Elvin adlı şəxsi cəzalandırmaq qərarına gəlib:
"Qızıma və oğluma görə onları öldürə bilmirdim. Gözləyirdim uşaqlar magistr pilləsinin son bir ilini də bitirsinlər, sonra Ofeliyagili öldürüm. Hətta həyətdən tapdığım 12 santimetrlik dəmiri sellofana qoyub gizlətmişdim ki, həmin dəmirlə oğlanın başından vurum, öldürüm, Ofeliyanı isə kəndirlə boğum. Amma evdə tək tuta bilmirdim. Oğlum evdə olurdu”.
"Polisə gedib cinayət törətdiyimi dedim”
Hadisə baş verən gün səhər saatlarında oğlunun dərsə getdiyini bilən M.Əliyev eyvanda gizlətdiyi kəndiri cibinə qoyub və arvadını çağırıb. Mətbəxdə iş görən qadın ona əhəmiyyət verməyib. M.Əliyev mətbəxə gələrək qadını döyməyə başlayıb, onu yerə yıxıb, kəndiri boğazına dolayıb, var gücü ilə sıxıb. Qadının öldüyünə əmin olduqdan sonra sellofanda saxladığlı dəmir parçasını özüylə götürüb evdən çıxıb. Bir az parkda gəzişib. Sonra mağazaya sarı istiqamət alıb:
”Mağazadakı oğlanın dəmirlə başına vurmaq istədim, paket cırıldı, dəmir yerə düşdü. Sellofan cırılmasa, onu öldürəcəkdim. Mənə "əmioğlu, nə olub?” dedi. Heç nə deməyib polisə gedib hadisə barədə məlumat verdim. Öldürmək istədiyim oğlanın adının Elvin olduğunu sonradan bilmişəm”.
"Anamı olmayan şeylərə görə ittiham edirdi”
Zərərçəkmişin oğlu Anar Əliyev ifadəsində uşaq vaxtlarından valideynlərinin yola getmədiklərini, aralarında həmişə mübahisə, dava-dalaş olduğunu deyib: "İllərdir ki, heç bir səbəb olmadan anamı başqası ilə görüşməkdə günahlandırır, öldürməklə hədələyirdi. Davamlı olaraq anamı güdürdü. Dəfələrlə bu barədə özü ilə söhbət etmişəm. Nəyə görə anamı olmayan şeylərə görə ittiham etdiyini soruşmuşam. Bunun belə olmadığını hamımızın bildiyini demişəm”.

Oğlu dəfələrlə atasını başa salıb, hərəkətlərinə son qoymağı xahiş edib, əks təqdirdə, onu ata kimi qəbul etməyəcəyini deyib:"Mənə söz verdi, amma bir həftə sonra yenidən eyni hərəkətləri davam etdirirdi. Hər dəfə evə gələndə anamın ağladığını görürdüm. Mən və bacım evdə olmayanda atamın əlinə fürsət düşür, onu döyüb-incidirdi. Belində həmişə bıçaq gəzdirirdi. Soruşanda deyirdi ki, bir gün işdən gələndə anamı başqası ilə tutacaq, o zaman öldürəcək. Artıq iş o yerə çatmışdı ki, məcbur olub bibimdən kömək istəmişdim. Biz evdə olmayanda bibim anamın yanında qalırdı. Sonradan atam ona irad bildirdiyinə görə küsüb getdi, bir daha bizə gəlmədi”.
"Hamıya qarşı münasibəti normal, bircə anama qarşı pis idi”
A.Əliyev deyir ki, anası hər yerə onunla bir yerdə gedib, təkbaşına heç yana çıxmayıb:"Müsəddiq onu daim incitsə də, anam bizə görə dözdüyünü deyirdi. Boşanmaq istəyirdi, amma bizə görə bunu etmirdi. Son vaxtlarsa anamı meyvə-tərəvəz mağazasında işləyən Elvinlə görüşməsi ilə hədələyirdi. Biz bilirdik ki, bu, onun yeni bəhanəsidir. Hadisə baş verən günə kimi onda qeyri-adi hərəkət görməmişəm. Yalnız əsassız mübahisələr yaradır, söz-söhbət salırdı. Onda anormallıq hiss etməmişəm. Psixi xəstəlikdən əziyyət çəkməyib. Hamıya qarşı münasibəti normal, bircə anama qarşı pis idi”.
 
 
"Anam ondan boşana bilməyib, amma heç vaxt başqası ilə də görüşməyib”
A.Əliyevin ifadəsinə görə, son vaxtlar atasını danışdırmayıb, hərdən atası ondan imtahan günlərini, dərs vaxtını soruşub:"Mənim evdə olmadığım günləri dəqiqləşdirmək istəyirdi. Ona hara və nə vaxt gedəcəyimi demirdim. Hadisə günü səhər tezdən universitetə getdim. Anam öz otağında idi. Müsəddiq də qonaq otağında çay içirdi. Atamla anam ayrı-ayrı otaqda qalırdılar. Dərsdən qayıdanda Elvini gördüm. Atamın ona yumru dəmir parçası atdığını, niyə belə etdiyini başa düşmədiyini dedi. Evə gəlib qapını döydüm, açan olmadı. Bu vaxt polis əməkdaşlarının gəldiyini, Müqəddisin də onlarla olduğunu, qoluna qandal bağlandığını gördüm. Birlikdə evə girdilər, onda bildim ki, Müqəddis anamı boğub öldürüb. Anam namuslu qadın olub. Müqəddisin onun barəsində dedikləri yalandır, uydurmadır. Anam ondan boşana bilməyib, amma heç vaxt başqası ilə də görüşməyib”.
Zərərçəkmiş Elvin Nəsirov ifadəsində M.Əliyevin özü və ya ailə üzvləri ilə hər hansı münasibəti olmadığını deyib:"Müsəddiqin adını hadisədən sonra bilmişəm. Onunla münasibətim olmayıb. Eləcə də, onun arvadının adını bilmirəm, üzdən tanıyıram. Onlar mənim mağazamdan alış-veriş etmirdilər. Heç vaxt Müsəddini güdməmişəm, arxasınca getməmişəm. Buna heç bir əsas da yoxdur. Həmin gün məni dəmir parçası ilə vurmaq istəyərkən mən heç bir xəsarət almadım. Məni vura bilmədi, qaçıb getdi”...
Загрузка...
Загрузка...

Xəbər lenti