Elxan Şahinoğlu: Sülhməramlıların gəlməsi Azərbaycana ziyandır

Elxan Şahinoğlu: Sülhməramlıların gəlməsi Azərbaycana ziyandır
Azər Qasımlı: "Vaşinqton bu gün oyundankənardır və bu mövzuya maraq göstərmir"
Türkiyə və Rusiya prezidentlərinin son telefon danışığı zamanı Qarabağa dair müzakirələrin detalları barədə məlumat yayılıb. "CNN Türk" yazır ki, telefon danışığında Türkiyə prezidenti Qarabağ probleminin həlli ilə bağlı Putinə işçi qrupun yaradılmasını təklif etdiyi bildirilib. Telekanal iddia edir ki, Putin bu təklifi müsbət qarşılayıb və yaxın günlərdə Qarabağ üzrə danışıqlar ikitərəfli formata keçə bilər. Bu format ATƏT-in Minsk qrupundan kənar fəaliyyət göstərəcək:
"Mənbə Şuşa zəfərindən sonra Azərbaycanın irəliləməni dayandıracağını və müzakirə masasını yoxlayacağını bildirib. Qeyd olunur ki, Ermənistan tərəfinin 7 rayondan çıxacağı Rusiya tərəfindən dilə gətirilib”.
"CNN Türk"ə Azərbaycandan danışan mənbələr isə artıq köhnə təkliflərin əvəzinə masada yeni təkliflərin olmasının vacibliyini vurğulayblar. Onlar iki məsələyə diqqət çəkib: "Birincisi, Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı. İkincisi isə masada danışılacaq tək şey öncədən orada yaşayan ermənilərin hansı statusla qalmasıdır. Ermənilər orada Azərbaycan vətəndaşları kimi yaşayacaqlar, bir mədəni muxtariyyət kimi də ola bilər", - deyə qeyd ediblər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə mətbuata açıqlamasında telefon danışığında Qarabağla bağlı müzakirənin aparıldığını desə də, detallara varmayıb və bu barədə əlavə məlumat verə bilməyəcəyini deyib. "CNN Türk"in məlumatı isə ilk öncə digər həmsədrlərin olaya necə yanaşacağı sualını gündəmə gətirir. Siyasi icmalçı Azər Qasımlı Meydan TV-nin bu barədə sorğusuna cavab verib ki, ABŞ hazırda daxili seçkilərlə məşğuldur:
"Cozef Baydenin prezident seçildiyi elan olunsa da, hazırkı prezident Tramp razılaşmır. Lap Tramp razı olsaydı da, Bayden yanvardan fəaliyyətə başlayacaq. Ona görə Vaşinqton bu gün oyundankənardır və bu mövzuya maraq göstərmir. Zatən, əvvəl də ABŞ sanki bir şans verdi ki, problemi hərbi yolla həll etsin, yaxud həllinə təkan göstərsin. Fransaya gəlincə, dövlət başçısı Makronun Cənubi Qafqazda hansısa proseslərə təsir gücü yoxdur. Paris müharibə başlayanda Avropa Birliyi vasitəsilə təsir göstərmək istədi, amma alınmadı. Çünki Almaniyadan dəstək olmadı. Ona görə də bölgədə iki təsir gücü olan dövlət olan var: Rusiya və Türkiyə. Biri həmsədrdir, ikincisi isə həmsədr olmasa da, Fransadan fərqli olaraq prosesə müdaxilə gücü olan dövlətdir. Səbəb də Türkiyənin bölgə dövləti olmasıdır”.
 
Azər Qasımlı
 Azər Qasımlının sözlərinə görə, "CNN Türk"in məlumatının doğru olub-olmadığını dəqiq demək çətindir: "Status məsələsi onsuz da həmişə müzakirə mövzusu olub. Amma statusla bərabər Zəngəzur məsələsinin də masada olduğunu ehtimal edirəm. Çox ümid edirəm ki, Türkiyə və Azərbaycan bu məsələni masaya gətirəcəklər. Əgər biz ədalətli və əbədi sülhdən danışırıqsa, məsələ yalnız Qarabağ kontekstində həll olunmamalıdır. Ümumən problem Qarabağ formatından çıxarılmalıdır, azərbaycanlılar da Zəngəzura qayıtmalı və Qarabağ ermənilərinə hansısa status veriləcəksə, onlara da bu şamil edilməlidir. İkinci, Laçın dəhlizi gündəmə gəlirsə, Naxçıvanla Azərbaycan arasında təhlükəsizlik dəhlizi yaradılmalıdır. Bilirsiniz, Şuşanın azad olunması Azərbaycan üçün əvvəlki danışıqlar formatının keçmişdə qaldığı deməkdir, mən 5+2 formatın nəzərdə tuturam. Yeni reallıq yaranıb və bu, yeni yanaşma tələb edir. Nəhayət, bölgədə Rusiya və Türkiyə olduğundan təhlükəsizlik məsələsi də müzakirə edilə bilər”.
"Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu Minsk Qrupu formatının işə yaramadığını deyib: "Rusiya Ermənistanın, Türkiyə də Azərbaycanın strateji müttəfiqidir və regional dövlətdir. 27 sentyabdan başlanan müharibə göstərdi ki, Azərbaycan ona olan təzyiqin bir çoxunu Türkiyənin dəstəyilə neytrallaşdırır. 2016-cı ildə Rusiyanın müdaxiləsilə əməliyyatlar başlasa da, bu dəfə belə olmadı. Çünki bu dəfə Bakının arxasında Türkiyənin siyasi-mənəvi dəstəyi oldu”. Elxan Şahinoğlu Şuşanın azad edilməsindən və Putinin Ərdoğanla telefon danışığından sonra Türkiyənin xarici və müdafiə nazirlərinin Bakıya gəlməsini təsadüfü saymır: "Güman ki, onlar Ərdoğanın Putinlə telefon danışıqlarının detallarını İlham Əliyevə çatdırıblar. Ola bilsin, Rusiyanın hansısa təklifləri var, yaxud Ermənistanın Baş naziri Putindən dəstək istəyib ki, müharibəni dayandırsın. Kreml də görür ki, Ermənistan məğlub ola-ola əldən gedir. Ona görə də istəməz ki, bu dövlət nəzarətindən çıxsın. Bəlkə, bunun əsasında hansısa təkliflər var. 5 rayon məsələsi mümkün deyil, çünki özümüz azad etmişik, bizə digər rayonların azad edilməsinin qrafuiki verilməlidir”.
 
Elxan Şahinoğlu
Politoloq hesab edir ki, sülhməramlılar mövzusu Azərbaycana ziyandır: "Sülhməramlılar bir şərtlə bölgədə yerləşdirilə bilər: Ermənistan sərhədində Rusiya, Azərbaycan sərhədində Türkiyə sülhməramlıları. Rusiya sülhməramlılarını Gürcüstanın, Moldovanın və Ukraynanın timsalında gördük, onlar ora girəndən sonra çıxmadılar. Məsələ ondadır ki, hazırda reallıq dəyişib, bölgədə əhali qalmayıb və biz bilmirik ki, ermənilər qayıdacaqmı?! İkinci, ermənilər Azərbaycan qanunlarını qəbul edəcəklərsə, gəlib yaşaya bilərlər. Daha ötən əsrlərin əvvəlində olan səhvlər təkrarlanmasın, erməniləri Qarabağa buraxaq və ardınca 1905, 1918 və 1988-ci illərdə yaşatdıqlarını yenidən təkrarlasınlar. Biz bu dərslərdən nəticə çıxartmalıyıq. Necə ki onlar bizə şərt qoyurdular ki, azərbaycanlılar 5 rayona yalnız Qarabağın müstəqilliyini qəbul edəndən sonra qayıda bilərlər. İndi reallıq dəyişib, şərtləri biz diktə edirik. Azərbaycan qanunlarını, pasportlarını, dövlət atributlarını qəbul etməyən ermənilərin yenidən separatçılığa başlamayacaqlarına kim təminat verəcək?”.
Sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında atəşkəs pozulub. 1 aydan çoxdur davam edən hərbi əməliyyatlar nəticəsində 4 şəhər – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa; 3 qəsəbə - Hadrut, Mincivan, Ağbənd və 200-dən çox kənd azad olunub. Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ (1991-ci ildə Azərbaycan Milli Məclisi muxtar vilayəti ləğv edib. Azərbaycan BMT-yə üzv olduqda artıq bu status yox idi - red) ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Xəbər lenti