"Elmira Süleymanova Azərbaycanda da Ramil Səfərovun işində göstərdiyi prinsipiallığı göstərsəydi..."

Загрузка...
Tanınmış vəkil Adil İsmayılov Macarıstanda erməni zabitini qətlə yetirdiyinə görə ömürlük həbs cəzası alan, 8 il 6 ay cəza çəkdikdən sonra Azərbaycana ekstradisiya olunan və prezident tərəfindən azadlığa buraxılan Ramil Səfərov haqda növbəti yazısını yazıb. Criminal.az vəkili "facebook" profilində tanınmış hərbiçi barədə yazdıqlarını təqdim edir:
         HAKİM NƏ İSTƏDİYİNİ GİZLƏTMİRDİ-PSİXİATRİK EKSPERTİZA RƏYLƏRİ
Hakim Vaskuti Andraşın tərəfsizliyini qoruya bilməməsi prosesin sonrakı mərhələlərində də hiss olunurdu. Məsələn, ikinci erməni zabiti Hayk Manukyan məhkəmədə ifadə verərkən, onun istintaqda verdiyi ifadə ilə ziddiyyət yarandı bu ziddiyətin araşdırılması zamanı o özünü dolaşdırdı və ziddiyət daha da dərinləşdi. Bunu görən hakimin yadına düşdü ki, erməni zabitin ifadəsini tərcümə edən tərçüməçinin lisenziyası yoxdur, buna görə dindirmə yarımçıq qaldı və fasilə elan etdi. Bir məqamda hakimin qərarı ümumiyyətlə əndazəni aşırdı.
8 fevral 2005-ci il tarixli ikinci məhkəmə iclasında hakim bildirdi ki, "90-cı illərin hərbi hadisələrini məhkəmə ümumi qəbul edilmiş faktlar kimi tanıdığından bundan sonra erməni-Azərbaycan münaqişəsinə aid sübutlar irəli sürülməsinə icazə vermir. Məhkəmənin vəzifəsi ittihamın predmeti olan əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi, onun hadisəni nə üçün və hansı psixi durumda etməsini müəyyən etməkdir”.
Şəxsən mən belə hesab edirəm ki, hadisənin erməni-Azərbaycan münaqişəsi (əslində müharibəsi) kontekstindən kənar araşdırılması obyektiv ola bilməzdi. Maraqlıdır ki, müdafiə tərəfinə bu barədə sübutlar irəli sürməyə icazə verməyən hakim Vaskuti Andraş yekun məhkəmə qərarında-hökmdə həmin hadisələri özünə sərf edən şəkildə interpretasiya etmişdi. Hakimin tərəfkeşliyi psixiatrik ekspertiza ilə bağlı məqamlarda pik həddinə çatdı. Bu cür qərəzli mövqe hətta Azərbaycan məhkəmələri üçün də xarakterik deyil.
Yəqin çoxlarınız bilmir ki, bu iş üzrə 4 dəfə məhkəmə psixiatrik ekspertiza keçirilib. Birinci ekspertiza istintaq dövründə hadisədən dərhal sonra keçirilmişdi. Ekspert psixiatr Katalin Qaal və psixoloq Kristina Yuxasın verdikləri 33/2004 saylı ekspertiza rəyi ilə müəyyən edilmişdi ki, Ramil Səfərov cinayəti törədən vaxt və hal-hazırda anlaqlı vəziyyətdədir, öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Heç bir psixi pozuntu və xəstəliyi yoxdur. 

Rəyin detallarına getmədən bir məqamı vurğulamaq istərdim. Ekspertiza hadisədən az müddət sonra 23 fevral 2004-cü ildə keçirilmişdi, Səfərov fikirlərini, verilən suallara cavablarını ekspertlərə rus dilində çatdırmışdı. Ekspertizaya bu məqsədlə tərcüməçi Juja Timar dəvət edilmişdi. İstintaqın ilkin mərhələsində Səfərovun ifadəsini də həmin tərçüməçi tərcümə etmişdi. Rəyin ən mübahisəli məqamı Ramil Səfərovun intellektual səviyyəsinin aşağı olması, hətta orta məktəb bitirmiş şəxsin səviyyəsinə uyğun olmaması idi. Türkiyədə Ali hərbi məktəbi fərqlənmə ilə bitirmiş şəxsin intellektual səviyyəsinin aşağı olması barədə rəydə göstərilənlər onu birmənalı olaraq şübhə altına almağa əsas verirdi.
Bir az irəli gedərək deyim ki, sonrakı üç ekspertiza müayinə olunan şəxsin intellektinin yüksək, yəni aldığı təhsilin səviyyəsinə uyğun olmasını təsdiq etdi. Birinci ekspertiza rəyindəki ziddiyyətli məqamları aradan qaldırmaq üçün Səfərovun vəkili yeni ekspertiza təyin edilməsi barədə vəsatət qaldırdı. Hakim əvvəlcə rəyi vermiş ekspertləri məhkəməyə dəvət etmək barədə qərar verdi.
Mən Bakıya qayıdan kimi Azərbaycan Səhiyyə Nazirliyinin baş məhkəmə-psixiatrı, tibb elmləri doktoru, professor Bilal Əsədovla görüşüb onun yardımına ehtiyac olduğunu dedim. 33/2004-cü il saylı psixiatrik ekspertizanın rus dilində tərcüməsini ona təqdim etdim. Professor Əsədov rəylə tanış olduqdan sonra biz yenidən görüşdük. Bilal Əsədov rəydə olan ziddiyyətləri mənə izah etdi və onları araşdırmaq üçün ekspertlərə məhz hansı suallar verməyin vacib olduğunu məsləhət gördü. Əsədov 16 sualdan ibarət olan bir siyahı təqdim etmişdi. 11-ci sual belə idi : "Sizin keçirdiyiniz Rorşah testinin nəticəsində Ramil Səfərovun intellektinin orta məktəb məzununun səviyyəsinə uyğun olmadığı müəyyən edilib. Necə olur ki, ali hərbi məktəbi fərqlənmə ilə bitirmiş, dəfələrlə müxtəlif treninqlərdə iştirak etmiş , özü kursantlara təlim keçən şəxs birdən birə testdə belə zəif nəticə göstərir? Mütəmadi olaraq verilən suallara aidiyyəti olmayan cavablar verir, verdiyi cavabları təkrar etməyə meyllidir, vaxtaşırı aşağı danışıq stilinə keçir”.
Bu sualın yeganə cavabı tərçümənin yararsız olması və Səfərovun rus dilini bilmədiyi üçün onun dediklərinin təhrif olunması idi. Məhkəmənin yuxarıda qeyd etdiyim 8 fevral 2005-ci tarixli iclasından başlayaraq Ramil Səfərovun hüquqlarını iki vəkil Peter Zalay və Georgi Madyar müdafiə edirdilər. İkinci vəkil səfirliyimizin təşəbbüsü və iştirakı ilə tutulmuşdu. Vəkillər məhkəməyə dəvət edilmiş ekspertlərə suallar verilərkən Bilal Əsədovun hazırladığı suallardan məharətlə istifadə etdilər. Ekspertlər biri-digərini inkar edən cavablar verirdi. Ekspertlərin cavabında bir məqam diqqətimi xüsusi cəlb etdi. Psixiatr suala cavab verərkən dedi ki, əgər təqsirləndirilən şəxs PST-dən (post travmatik stress-bu barədə bir azdan daha ətraflı yazacam) əziyyət çəksəydi o zabit kimi hərbi xidmətə yararsız hesab edilməli idi, amma işdə belə bir tibbi müayinə aktı yoxdur. Psixoloqsa dedi ki, Səfərov rusca o qədər yaxşı danışırdı ki, bəzi sözləri (yəqin "voda” və”xleb”i deyirdi) o da başa düşürmüş.
Ekspertlərin suallara verdiyi natamam və ziddiyyətli cavablardan sonra Məhkəmənin yeni ekspertiza keçirilməsi barədə qərar verməkdən başqa yolu qalmadı. Məhkəmə vəkillərin vəsatəti ilə azərbaycanlı ekspertlərin ekspertizanın keçirilməsində müşahidəçi kimi iştirakına da icazə verdi.
             OMBUDSMAN ELMİRA SÜLEYMANOVANIN RAMİL SƏFƏROVUN İŞİNDƏ İŞTİRAKI
Bu işin əvvəlindən proseslərdə iştirak edən şəxs kimi deyə bilərəm ki, Ramil Səfərovun həyatında ən mühüm müsbət rollardan birini ombudsman Elmira xanım Süleymanova oynadı. Elmira xanım birinci gündən bu işi şəxsi nəzarətində saxlayırdı. Macarıstanda olduğum günlərdən birində məlum oldu ki, Süleymanova da, səhv etmiəmsə, Avropa Şurasına daxil olan dövlətlərin ombudsmanlarınin toplantısında iştirak etmək məqsədilə Budapeştə gəlib. Biz onunla görüşdük.
Elmira xanım Macarıstanın ombudsmanın vasitəsi ilə Ramil Səfərovla görüşmək üçün icazə aldı. Biz yerli ombudsman aparatının əməkdaşı ilə birlikdə Ramil Səfərovun saxlanıldığı istintaq təcridxanasına gəldik. Elmira xanıma Ramil Səfərovla görüşməyə şərait yaratdılar.
Türmə əməkdaşlarının birinin xidməti otağında Ramil Səfərovla Elmira Süleymanovanın görüşü oldu, mən də görüşdə iştirak etdim. Elmira xanım Ramil Səfərova ürək-dirək verdi, ölkə rəhbərliyi səviyyəsində onun işi ilə maraqlanıldığını, özünün də bu işi daim nəzarətdə saxladığını dedi. Görüşdən sonra Süleymanovanın xahişi ilə təcridxananın rəisi bizə dustaqların saxlanıldığı bir kameranı göstərdi. Sizi inandırım ki, bu Azərbaycanın ailə yataqxanalarının bəlkə də ən yaxşısından daha yaxşı otaq idi. Burda bir haşiyə çıxaraq deyim ki, Elmira Süleymanova mənim bildiyim qədər işin axırına kimi sözünü tutdu və Ramil Səfərovu unutmadı. Sizi inandırıram ki, Elmira xanım Azərbaycanda olan işlər üzrə Ramil Səfərovun işində göstərdiyi prinsipiallığı göstərsəydi, yəqin ki, burda baş verən qanunsuzluqların ən azı 10 faizinin qarşısını ala bilərdi.
           MACARISTANIN HƏRBİ PROKURORU İLƏ UNUDULMAZ GÖRÜŞ
Macarıstanın Hərbi Prokuroru ilə olan görüşümüzü yəqin ki, heç vaxt unutmayacam. O, həyatımda gördüyüm və bundan sonra görə biləcəyim ən sadə prokuror olub. General-leytenant rütbəsində olan bu adamın simasında bir nəciblik vardı. Mən Ramil Səfərovun işi ilə əlaqədar hərbi prokurorla görüşmək üçün Budapeştdə yaşayan həmyerlimiz Vüqar Seyidovdan (ona da bu işə göstərdiyi münasibətə görə təşəkkür edirəm) zəng edib görüş almasını xahiş etdim. Seyidov zəng edib xahişimi prokurorluğun əməkdaşına çatdırdı, qısa bir zamandan sonra onun telefonuna geri zəng gəldi, dedilər ki, prokuror sabah saat 9-30 da məni qəbul edəcək.
Maraqlandılar ki, hansı dili bilirəm, mən rus dilini bildiyimi dedikdə sabah görüşə rus dili tərcüməçisi dəvət edəcəklərini bildirdilər. Səhər deyilən vaxt hərbi prokurorluğun qarşısında oldum. Binanın girəcəyində orta yaşlı bir qadın vardı, məlum oldu ki, o, xüsusi olaraq bu görüş üçün dəvət edilmiş rus dili tərcüməçisidir. Sonralar Elena adlı bu qadın Səfərovun məhkəmələrində mənim üçün tərçüməçilik etdi və macar dilində olan sənədləri rus dilinə çevirdi. Təyin olunmuş vaxt podpolkovnik rütbəli şəxs qapıya yaxınlaşıb bizi içəri dəvət etdi və liftlə 3-cü mərtəbəyə qalxdıq. Vüqar Seyidov və tərcüməçi qadın da bizimlə idi. Hərbi Prokurorun köməkçisi olan podpolkovnik rəisinin adından üzrxahlıq etdi. Dedi ki, hazırda onun yanında Konstitusiya məhkəməsinin Sədri var o çıxan kimi prokuror bizi qəbul edəcək. 5-10 dəqiqə sonra qapı açıldı və iki nəfər çıxdılar. Prokuror üzr istəyib qonağı yola saldı və bizi qəbul etdi. Təxminən 10-15 dəqiqəlik çox xoş bir söhbətimiz oldu. Məlum oldu ki, Səfərov başqa dövlətin hərbçisi olduğu üçün onun işinin Macarıstan Hərbi Prokurorluğuna aidiyyəti olmayıb. Söhbət zamanı prokuror bizə çay və qəhvə təklif etdi, söbət bitəndən sonra isə liftə qədər bizi ötürdü. Bu görüş barəsində nə üçün yazdığımı yəqin ki, özünüz başa düşdünüz.
         FRENK ELKAPONİ İLƏ UĞURSUZ GÖRÜŞ
Yadınızdadırsa yazmışdım ki, bu işlə əlaqədar heç bir iş adamından pul almamışam, arada-bərədə qulağıma müxtəlif söhbətlər çatırdı ki, guya kimlərsə Səfərovun müdafiəsinə külli miqdarda pullar xərcləyib, əgər həqiqətən belə bir şey varsa bunun mənə heç bir aidiyyəti yoxdur və ola bilməz. Səfərovun məhkəməsi gedən dövrdə bir gün Ramilin atası zəng etdi ki, Moskvada yaşayan Frenk Elkaponi Bakıdadır, Hyatt Recensi mehmanxanasında qalır, Ramilin işinə kömək etmək məqsədi ilə mənimlə görüşmək istəyir. Mən onun israrlı xahişindən sonra razılaşdım və biz mehmanxanaya gəldik.
Frenk müəllim bizi mehmanxananın 7-ci mərtəbəsində qarşıladı, dedi ki, bu mərtəbənin tamamını icarəyə götürüb. İş barəsində ona məlumat verəndən sonra Frenk müəllim bu işə iki milyon dollar pul ayırmağa hazır olduğunu, Rusiyanın ən yaxşı vəkillərini cəlb edəcəyini vəd etdi. Bundan sonra mən nə Elkaponini, nə də onun vəkillərini gördüm... 
Əvvəli burda:

Загрузка...
Загрузка...

Xəbər lenti