"Elmar Vəliyev şəhid anasının həbs edilməsini istədi, general isə..." - jurnalistin məhkəməsindən ilginc məlumatlar

Загрузка...
«Şəhidlər Xiyabanında Xocalı soyqırımı ilə bağlı tədbir vardı. Bir xanım çıxdı ki, mənə kömək edin. Orada əmr verildi ki, «xanımı həbs elə». Rasim Musayev dedi ki, «mənə şəhid anasını həbs etmək yaraşmaz». Onunla bağlı mübahisə yarandı. Bizim ixtiyarımız vardı onların söhbətinə qulaq asaq? Sonra Rasim müəllim gəlib dedi ki, kompüteri ona təhvil verim. Otaqdan əynini geyinib çıxdı. Gerisinə biz qarışmadıq...», – Gəncə Şəhər Baş Polis İdarəsinin keçmiş əməkdaşı Gülnar Muradova mərhum polis rəisi Rasim Musayevlə sabiq icra başçısı Elmar Vəliyev arasında münaqişə barədə məhkəmədə danışarkən deyib.
G.Muradova fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində criminalaz.com saytının baş redaktoru Anar Məmmədovun işi üzrə şahid qismində tanınıb. A.Məmmədov 2018-ci ilin iyulunda Gəncədə icra başçısı və mühafizəçinin güllələnməsindən sonra bu haqda yazılarına, o cümlədən E.Vəliyevlə mərhum R.Musayev arasındakı münaqişə, onların əlbəyaxa davası barədə məqalələrə görə dövlət əleyhinə çağırışlarda ittiham olunur. 

Gülnar Muradova 
Hazırda sahibkarlıqla məşğul olduğunu deyən şahid G.Muradova bildirib ki, işlətdiyi obyektdə kriminal adamlar xuliqanlıq etmişdilər, müəyyən qurumlara xəbər versə də, qarşısını ala bilmirdi. Ona görə də internet vasitəsilə sayt rəhbəri kimi, A.Məmmədova müraciət edərək problemini ictimailəşdirib: «Çünki rəhbər şəxslər bu hadisələri görmürdü. Kiçik məmurlar baş vermiş hadisəni gizlədirdi. Anar müəllim həmin hadisə ilə bağlı məlumatı yayımladı. Gəncə hadisələri baş verəndə Anar müəllim mənə zəng vurdu, soruşdu ki, icra başçısının mühafizəçisinin rəhmətə getdiyini deyirlər, doğrudur? Dedim ki, yox, xəstəxanadadır».
«Rasim Musayevin ruhuna bu gün də borcluyam»
Şahidin sözlərinə görə, bundan bir müddət sonra ona Bakı Şəhər Prokurorluğundan Cavid Abbasov (jurnalistin işi üzrə istintaq qrupunun rəhbəri-red.) zəng edərək, gəlib A.Məmmədovun yazılarında dövlətə qarşı çağırışlar olması barədə ifadə verməsini istəyib. Getməyəndə isə Gəncədə evinə polisləri göndəriblər. G.Muradova bildirib ki, onu Gəncə Şəhər Baş Polis İdarəsinin bu yaxınlarda vəzifəsindən azad edilən sabiq rəisi Faiq Şabanovun yanına gətiriblər:
«Dedilər ki, Bakıya getməlisən. Səbəbi soruşdum… Faiq Şabanov dedi ki, Anar Məmmədov həbs olunur, gedib deməlisən ki, burda belə bir şeyləri Anar yayıb. Dedim ki, rəsmi çağırış gəlsə, baş üstə gedərəm. Bundan 10 gün sonra Cavid Abbasov zəng vurdu. Bir gün möhlət istədim. O da mənə inanmayıb Kəpəz polisi ilə məni məcburi gətirtmək barədə qərar vermişdi». 

Anar Məmmədov 
G.Muradova deyir ki, yazılardan birində onun haqqında «keçmiş məhkum» yazılması, bir də R.Musayevlə E.Vəliyevin kəllələşməsi barədə yazılanlar onu narazı salıb: «Məqalələrin birindən incidim, orada haqqımda «keçmiş məhkum» yazmışdı. Dərhal ona göndərdim ki, mən məhkum olmamışam, cərimələnmişəm. O cərimə də mənim polis formasında girib mağazadan mal almağıma görə olub. Mən bunun sənədini göndərmişəm. Bir də Rasim Musayevlə kəllələşmə barədə məqaləyə görə narazılığım olub. İstəmirəm onun haqqında artıq-əskik yazılsın. Rasim Musayevin ruhuna bu gün də borcluyam. Mən istintaqda da bunu danışmışam, başqa şoka salınacaq, şoka düşəsi elə bir şey görməmişəm».
A.Məmmədov bildirib ki, şahid G.Muradova ona zəng edərək, istintaqda onun əleyhinə ifadə verməsi üçün təzyiqlərə məruz qaldığını bildirib. Təqsirləndirilən jurnalistin sözlərinə görə, bunu təsdiqləyən səs yazısı da var. A.Məmmədov məhkəmədə həmin yazının dinlənilməsini istəsə də, hakim razılaşmayıb. G.Muradova təsdiqləyib ki, ona həyat yoldaşının həbsiylə təzyiq göstəriblər. (Azadlıq Radiosu)
Daha sonra məhkəmədə saytdakı yazılara ekspert qismində rəy verib, orada dövlətə qarşı çağırış xarakterli fikirlərin yer aldığını iddia edən Bəxtiyar Əliyev əlavə şahid qismində dindirilib. O bildirib ki, Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin müdiri, hüquq üzrə fəsləfə doktorudur.
Vəkil Elçin Sadıqov bildirib ki, bu adam yazılara rəy verə bilməzdi, çünki Ekspertiza Mərkəzinin ştatlı işçisi deyil. Həm də o, eyni gündə təhlil etdiyi üç ayrı yazıya nöqtə-vergülünə qədər eyni olan rəy verib. Bu da mümkün deyil: "Eyni politoloji ekspertiza üç fərqli məqalələr üzrə keçirilib. Məqalənin biri Gəncə hadisəsidir, digəri Mingəçevir hadisəsindəndir, o biri isə Etibar Piriverdiyevin dəvə fabriki ilə bağlıdır. Hər üç rəydə vergülünə qədər eyni cümlələri yazmısınız. Bu, nədən irəli gəlib? Yazılar fərqli olduğu halda, sizin politoloji təhlilinizin dəyişməməsi nədən irəli gəlir?”
Hakim ekspertin bu suala cavab verməsinin qarşısını alıb, deyib ki, ittihama aidiyyəti yoxdur. Vəkil ekspertdən soruşub ki, saytdakı məqalələrdə konkret olaraq hansı ifadələr dövlətə qarşı çağırışdır? Onun cavabı belə olub: "Niyə İlham Əliyev Elmar Vəliveyin özbaşınalığını, kobudluğunu görmür, niyə onu cəzalandırmır? Yoxsa İlham Əliyev bunları formal olaraq deyir?”, "Elmar Vəliyevlə baş verənlər tez, ya gec olacaqdı. Əgər hakimiyyət bundan nəticə çıxarmasa, İsmayıllı və Quba hadisələri Gəncədə də təkrarlana bilər” – Əsas bu ifadələr ölkədə yaranmış şəraitə, həmin günlərdə ölkədə baş verən proseslərə diqqət yetirsəniz, bu ifadələrin nə qədər təhlükəli olduğu nəzərinizə çatar. Həmin dövrü hamımız yaşamışıq, bu ifadələr Azərbaycanda sabitliyi pozmaq, qiyama çağırış nöqteyi-nəzərdən, politoloji nöqteyi-nəzərdən linqvistik ekspertiza çərçivəsində qiymətləndirilib”.
Jurnalistin məhkəməsi martın 12-də davam edəcək.
Xatırlatma
Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi. Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı. İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən criminalaz.com saytına girişə məhdudiyyət qoyulmuşdu.
Dekabrın 12-də A.Məmmədov haqqında açılmış cinayət işinin istintaqı başa çatıb. A.Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Məhkəmə ittihamları təsdiqləsə, A.Məmmədov 8 ilədək azadlıqdan məhrum edilə bilər. A.Məmmədov ittihamları rədd edir. Bildirir ki, rəhbərlik etdiyi saytdakı yazılarda dövlət əleyhinə çağırışlardan söhbət gedə bilməz, obyektiv yazılarına görə sifarişlə təzyiqlərə məruz qalır.
Загрузка...
Загрузка...

Xəbər lenti