Elina Hacıyevanın ölüm işi ilə bağlı yeni məhkəmə araşdırması başlayıb

Elina Hacıyevanın ölüm işi ilə bağlı yeni məhkəmə araşdırması başlayıb
Загрузка...
Məhkəmənin önündə etiraz aksiyası keçirilib
Bu ilin aprelində 162 saylı orta məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etmiş 14 yaşlı Elina Hacıyevanın ölümü ilə bağlı növbəti məhkəmə araşdırması başlayıb. Çünki həm onun anası Sevil Hacıyeva, həm də bu hadisəyə görə cinayət məsuliyyətinə cəlb olunmuş məktəbin keçmiş direktoru Sevinc Abbasova Səbail Rayon Məhkəməsinin hökmündən apelyasiya şikayəti verib. S.Abbasova təqsirsiz olduğunu iddia edərək, bəraət istəyir. Zərərçəkmiş tərəfin tələbi isə əksinə, direktora daha ağır – həbs cəzası verilməsidir.
Dekabrın 20-də Bakı Apelyasiya Məhkəməsində bu iş üzrə ilkin baxış iclası keçirilib. Zərərçəkmişin vəkilləri apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılmasını, E.Hacıyevanın ölümüylə əlaqədar tibbi rəy vermiş ekspertlərin dindirilməsini istəyiblər. Lakin onların vəsatəti təmin olunmayıb. Hakimlər bu işə məhkəmə istintaqı aparılmadan, yəni şahidlər dindirilmədən, əlavə sübutlar aparılmadan baxılması barədə qərar qəbul ediblər. Məhkəmə baxışı yanvarın 8-nə təyin edilib.
  E.Hacıyevanın anasının vəkilləri apelyasiya şikayətində direktorun cəzasının ağırlaşdırılmasıyla yanaşı, birinci instansiyada qaldırdıqları 100 min manatlıq mülki iddianın da tam həcmdə təmin olunmasını istəyir. Onlar bu məbləğin keçmiş direktor və Təhsil Nazirliyindən birgə tutulmasını tələb edirdi. Lakin məhkəmə yalnız direktora münasibətdə mülki iddianı qismən təmin edib – Elinanın anasına maddi ziyana görə 8500, mənəvi ziyana görə 10000 manat ödənilməsinə qərar verilib. Vəkillər isə hesab edir ki, Təhsil Nazirliyi də baş verənlərə görə məsuliyyət daşıyır.
Məhkəmə prosesindən sonra təqsirləndirilən direktor S.Abbasova binadan çıxarkən bir qrup gənc fəal etiraz aksiyası keçirib. Aksiyada "Elinaya ədalət!” Şüarı səsləndirilib. Aksiya iştirakçıları direktorun həbsini tələb edirlər. Oktyabrın 24-də Səbail Rayon Məhkəməsində 14 yaşlı Elinanın ölümündə günahlandırılan keçmiş direktor S.Abbasovaya 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması, 18 min 500 manat da pul cəzası cəzası kəsilib. O, Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314-cü (səhlənkarlıq) maddələrilə təqsirli bilinib. S.Abbasova isə iddia edir ki, Elinanın ölümündə onun heç bir günahı yoxdur.

Xəbər lenti