Əliabbas Rüstəmov azadlığa buraxıldı

Əliabbas Rüstəmov azadlığa buraxıldı
Загрузка...
Nərimanov Rayon Məhkəməsi bununla bağlı qərar çıxarıb
Oktyabrın 31-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə hüquqşünas Əliabbas Rüstəmov cəzasını şərti çəkməklə azadlığa buraxılıb. Bu barədə Əliabbas Rüstəmov jurnalist Şahvələd Çobanoğluna zəng edərək xəbər verib: "İndilərdə siyasi məhbus, vəkil Əlabbas Rüstəmov zəng etdi. Bu gün qalan cəzasını şərti çəkməklə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbsdən çıxıb, evdədir” - deyə, jurnalist öz "Facebook” səhifəsində yazıb.
Oktyabrın 23-də Ali Məhkəmə Əliabbas Rüstəmovun kassasiya şikayətini təmin etməmişdi. Bakı Apelyasiya Məhkəməsi martın 1-də Əliabbas Rüstəmovun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə barədə ərizəsini təmin etmədiyindən o, Ali Məhkəməyə kassasiya şikayəti vermişdi. Ə.Rüstəmov 2014-cü il iyunun 28-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 312.2 (rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hüquqşünas 7 il azadlıqdan məhrum edilib. 2017-ci ilin iyulunda Ali Məhkəmə Əliabbas Rüstəmovun cəzasını azaldaraq 7 ildən 6 ilə endirib. İttiham aktına görə, "Yasavul” MMC-nin direktoru Əliabbas Rüstəmovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Əliabbas Rüstəmov Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Beyləqan rayon sakini barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və sonuncunun cinayət məsuliyyətindən azad olunması barədə vəd verib. O, guya işin ibtidai istintaqını aparan şəxsə 90 min manat məbləğində rüşvət verilməsi üçün rayon sakinindən cəmiyyətin ofisində 95 min manat məbləğində pulu alarkən cinayət başında saxlanılıb. Vəkil bütün bunların qurama olduğunu bildirir və ittihamları rədd edir. Yerli və xarici hüquq müdafiəçiləri onu siyasi məhbus hesab edirlər.
Загрузка...
Загрузка...

Xəbər lenti