Əli Kərimlinin sürücüsü: “Cibimə narkotiki o atdı…”

Əli Kərimlinin sürücüsü: “Cibimə narkotiki o atdı…”
 Vəkil polis əməkdaşının psixoloji durumunun yoxlanılmasını istədi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsdə olan sürücüsü Paşa Umudovun işinə yenidən Bakı Apelyasiya Məhkəməsində baxılır. Çünki Ali Məhkəmə əvvəlki qərarı ləğv edərək, işi təkrar araşdırma aparılması üçün bu instansiyaya qaytarıb.
Fevralın 17-də hakim Həsən Əhmədovun sədrliyilə keçirilən məhkəmə prosesində Paşa Umudov bildirib ki, narkotik ittihamı saxtadır. Onun cibinə narkotiki hazırda Baş Narkotiklərlə Mübarizə İdarəsində işləyən Rəşad Verdiyev qoyub. 59 yaşlı Paşa Umudov bildirib ki, Milli Şuranın 2019-cu il 19 oktyabr mitinqi öncəsi həbs edilib. Həmin ərəfədə ondan başqa da siyasi fəallar həbs olunmuşdu:
"Gözləyirdim ki, məni də həbs edə bilərlər. Xəbərdarlıq eləmişdilər. Ondan əvvəl iki dəfə inzibati qaydada həbs eləmişdilər. Demişdilər ki, üçüncü dəfə inzibati həbs olmayacaq, cinayət işi olacaq, uzunmüddətli həbsə göndəriləcəksən. Ayın 15-də axşam çayxanaya getmək üçün evdən çıxanda qara "Toyota” maşın dayandı, mülki geyimdə idilər. Mənim cibimə narkotiki qoyan adam Rəşad Verdiyev idi. Adını sonradan bildim, onda tanımırdım. Cibimdən götürüb atdım. Gedib götürdü, yenidən gətirib qoydu…” Rəşad Verdiyev həmin vaxt Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işləyirdi. Paşa Umudovu da saxlayıb, bu idarəyə gətiriblər.
O deyir ki, idarədə psixoloji təzyiq altında etiraf ifadəsinə imza atmaq məcburiyyətində qalıb: "Oranın elə vahiməsi bəs edirdi. Otaqdakı dubinkalar, başqa əşyalar. Mənəvi işgəncələr gözümün qarşısına gəldi. Alçaldıcı hərəkətlər olmaması üçün razılaşdım ki, nə desələr qol çəkim, məhkəmədə izah edərəm…”
Onun sözlərinə görə, öncə narkotiki Yaşar Hüseynov adlı şəxsən alması haqda ifadə verməsini istəyiblər. İmtina edib, deyib ki, heç kimin üzünə dayana bilməz. Ondansa elə özünə qarşı yalan ifadə versə yaxşıdır: "Yazdılar ki, guya özüm istifadə edirəm. Analizin nəticəsində guya məndən narkotik tapılıb. Yalandır. Ya analizləri dəyişiblər, ya da mənə verdikləri suyun içinə nəsə qatıblar. Başqa cür mümkün deyil”.
Rəşad Verdiyev də məhkəmədə şahid qismində dindirilib. O, Paşa Umudovun cibinə narkotik atması barədə iddianı qəbul etməyib.
Vəkil Zibeydə Sadıqovanın suallarının bir çoxuna "yadımda deyil” cavabı verdiyinə görə müdafiəçi vəsatət qaldırıb ki, bu polis əməkdaşının psixoloji durumuyla bağlı tibbi ekspertiza keçirilsin.

Xəbər lenti