Əli Kərimlinin mühafizəçisinə işgəncə verilib?

Əli Kərimlinin mühafizəçisinə işgəncə verilib?
Загрузка...
Daxili İşlər Nazirliyi bu haqda məlumatları təkzib edir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvlərindən Niyaməddin Əhmədovun işgəncələrə məruz qaldığı bildirilir. Meydan TV-yə AXCP-dən verilən məlumatda iddia olunur ki, N.Əhmədovdan işgəncə altında partiya sədri Əli Kərimlinin əleyhinə ifadə almağa cəhd göstərilib. N.Əhmədov partiya üzvü olmaqla yanaşı, həm də Ə.Kərimlinin ictimai əsaslarla mühafizəçisidir. O, aprelin 16-dan həbsdədir.
Partiyadan verilən məlumatda deyilir ki, N.Əhmədovu aprelin 29-da Binəqədidə Daxili İşlər Nazirliyinin tabeliyində olan, inzibati qaydada həbs edilənlərin saxlandığı təcridxanadan çıxarıb, harasa aparıblar. Aparanda da başına torba keçiriblər:
"Niyaməddin Əhmədov özü bu barədə məlumatı yaxınlarına çatdırıb. Onu başına torba keçirib, harasa aparıblar. Orada ona işgəncə veriblər, təhqir ediblər. Tələb ediblər ki, Əli Kərimlidən pul alması barədə ifadə versin. Gecə saat 23 radələrində yenidən təcridxanaya qaytarıblar”.
N.Əhmədovun hazırda təcridxanada təkadamlıq kamerada saxlandığı, üzərində xəsarət izlərinin qaldığı vurğulanır. Daxili İşlər Nazirliyi isə cəbhəçi fəala işgəncə verilməsi barədə məlumatları təkzib edib. N.Əhmədov aprelin 16-da saxlanılıb. Ona Xətai Rayon Məhkəməsinin qərarıyla 30 sutka həbs cəzası verilib. N.Əhmədov İnzibati Xətalar Məcəlləsinin 211 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinib. N.Əhmədovun yaxınları isə bildirir ki, o, karantin rejimini pozmayıb, saxlandığı vaxt onun evdən çıxmaq üçün SMS-icazəsi olub. Azərbaycanda xüsusi karantin rejiminin tətbiqindən bu yana AXCP-nin 10-dan çox fəalı həbs olunub.
Onların arasında partiya sədrinin köməkçisi Faiq Əmirli, ictimai əsaslarla mühafizəçiləri Ruslan Əmirov və Niyaməddin Əhmədov, gənc fəal Baba Süleymanov, Nicat Abdullazadə, Vüqar Əbilov, İslam İslamzadə və başqaları var. AXCP-dən bildirilib ki, aprelin 13-dən Ə.Kərimli və onunla birlikdə yaşayan ailə üzvlərinin də telefon və internet əlaqələri məhdudlaşdırılıb. Partiya sədrinin müavini Seymur Həzi hesab edir ki, son günlərdə baş verənlər hakimiyyətin Ə.Kərimlinin təcridi ilə bağlı xüsusi planı olmasını sübut edir. Onun sözlərinə görə, son günlərdə həbs edilən cəbhəçilərin əksəriyyəti Ə.Kərimli ilə birbaşa əlaqədə olan şəxslərdir: "Hakimiyyətin planı Əli Kərimlini tam təcrid etməkdir. Onun xarici aləmlə nəinki internet, telefon, hətta fiziki əlaqəsini kəsirlər. Hakimiyyət ən yüksək səviyyədə həyata keçirdiyi əməliyyatlarla AXCP sədrini və partiyanı məhdudlaşdırmaq niyyəti güdür”.
Daxili İşlər Nazirliyi isə bu iddiaları təkzib edir.

Xəbər lenti