Əli Kərimlinin həbsdəki mühafizəçisinin məhkəməsinə gələnləri buraxmadılar

Əli Kərimlinin həbsdəki mühafizəçisinin məhkəməsinə gələnləri buraxmadılar
 Təqsirləndirilən şəxs etiraz etdi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü, qarışıq döyüş növləri (MMA) üzrə Avropa çempionu Səid Məmmədzadə iyunun 8-də yenidən məhkəmə qarşısına çıxarılıb.
Bakı Apelyasiya Məhkəməsində onun 3 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökmdən verilmiş şikayətə baxılıb. Hakim Faiq Qasımovun sədrliyilə keçirilən məhkəmə iclasına prosesi izləməyə gələnlərin heç biri buraxılmayıb. Bu da Səid Məmmədzadənin etirazına səbəb olub. O, məhkəmə prosesini izləməyə gələn hər kəsin, o cümlədən jurnalistlərin zala buraxılmasını istəyib. Səid Məmmədzadənin məhkəmə zalındakı şüşə kabinədə əlləri qandallı vəziyyətdə saxlanmasına vəkili Bəxtiyar Hacıyev etiraz edib. Bundan sonra hakimin göstərişilə qandallar açılıb.
Vəkil apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, əlavə sübutların araşdırılması) baxılması barədə vəsatət qaldırıb. Vəsatətə münasibət bildirən Səid Məmmədzadə hadisənin videogörüntüsünə məhkəmədə baxış keçirilməsini istəyib. Lakin bu vəsatətlərin heç biri təmin edilməyib. Məhkəmə baxışı iyunun 22-nə təyin edilib. Səid Bakuvi kimi tanınan idmançı həm də AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olub. O, aprelin 28-də Xətai rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay azadlıqdan məhrum edilib.
Hökmə əsasən, AXCP fəalı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq) maddəsilə təqsirli bilinib. Cinayət işinin materiallarında iddia olunur ki, Səid Məmmədzadə icarə əsasında işlətdiyi avtoyuma məntəqəsində Rüfət Məcidov adlı şəxsə bıçaqla xəsarət yetirib, avtomobilinə ziyan vurub. Səid Məmmədzadə isə təqsirsiz olduğunu deyir.
Zərərçəkmiş qismində tanınan Rüfət Məcidovu əvvəllər tanımadığını bildirən AXCP fəalının sözlərinə görə, həmin gün o, avtoyuma məntəqəsinə gələrək, heç bir səbəb olmadan söyüş söyməyə başlayıb. O da uzaq məsafədən ona irad bildirib:
"Başa düşdüm ki, bunun məqsədi başqadır, təxribata çəkməyə çalışır. Ona görə baş qoşmadım. Mübahisə belə, uzaq məsafədən olub. Videogörüntülər də mənim dediklərimi sübut edir”.

Xəbər lenti