Əli Kərimlinin cangüdəni həbs edildi

Əli Kərimlinin cangüdəni həbs edildi
Загрузка...
Sentyabrın 11-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə AXCP fəalı Ruslan Əmirliyə 30 sutka inzibati həbs cəzası verilib.
AXCP-dən verilən məlumata görə Ruslan Əmirli inzibati xətalar məcəlləsinin xırda xuliqanlıqla, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda günahlandırılıb.
***
Sentyabrın 10-da Milli Onkologiya Mərkəzinin qarşısında saxlanaraq naməlum istiqamətə aparıldığı deyilən AXCP üzvü Ruslan Əmirli gecəni Yasamal Rayon Polis İdarəsinin 29 saylı Polis Bölməsində keçirib.
AXCP-dən verilən məlumata görə, hazırda Ruslan Əmirli Yasamal Rayon Məhkəməsinə gətirilib. "Amma məhkəmədə iştirak etmək istəyən, binanın qarşısına toplaşan insanları burdan uzaqlaşdırırlar", - AXCP-dən vurğulayıblar. Öz növbəsində AXCP sədr müavini Gözəl Bayramlı facebook səhifəsində yazır ki, AXCP üzvləri ,digər fəallar və jurnalistlər məhkəmə zalına buraxılmayıb. Polislər jurnalistlərə qarşı zor tətbiq edib və hətta xəsarət alanlar var. Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Yasamal rayon Məhkəməsindən münasibət öyrənmək mümkün olmayıb. Ruslan Əmirlinin AXCP sədri Əli Kərimlini ictimai əsaslarla mühafizə etdiyi söylənir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ruslan Əmirli sentyabrın 10-da günorta saatlarında naməlum şəxslər tərəfindən naməlum istiqamətə aparılıb. Partiya rəhbərliyi bu məlumatı təsdiq edib.
Mövcud məlumata görə, fəalı xəstə bacısını ziyarət etmək üçün getdiyi Milli Onkologiya Mərkəzinin qarşısında naməlum şəxslər oğurlayıb. Oğurlandıqdan sonra Əmirlinin mobil telefonuna zəng çatmır.
O, AXCP-nin Nərimanov rayon təşkilatının üzvüdür, həmçinin, ictimai əsaslarla partiya lideri Əli Kərimlinin mühafizəsini təmin edən qrupa daxildir.
Əli Kərimlinin özünün sözlərinə görə, son günlər Facebook-da "Milli fədailər" qrupunun üzvləri Əmirlini təhdid edirdilər.
"Onlardan biri Ruslana zəng edib və onu mənə mıxlamaqla təhdid edib," Əli Kərimli öz Facebook səhifəsində yazıb. Hüquq mühafizə orqanları Ruslan Əmirlinin ünvanına açıq-aşkar hədələrə məhəl qoymayıb. Həmçinin hüquq mühafizə orqanları AXCP fəalının harada olması ilə bağlı hələ hər hansı məlumat yaymayıb. AXCP-yə fəallarının həbsləri və cərimələnməsi dalğası Milli Şuranın bu ilin yanvarın 19-da keçirdiyi mitinq ərəfəsinə və mitinqdən sonraya təsadüf edir.
AXCP-nin məlumata görə, bu ilin yanvarında Milli Şuranın mitinqi ərəfəsində və sonra müxtəlif vaxtlarda bu partiyanın 90-dək fəallı inzibati qaydada cəzalandırılıb. Onlardan 60 nəfəri 10 sutkadan 30 sutkayadək, o cümlədən bir fəal 60 sutka inzibati həbsə məhkum edilib. Partiya fəallarından 5 nəfəri təkrarən inzibati həbsə məruz qalıb. Onların əksəriyyəti polisin qanuni tələbinə tabe olmamaqda təqsirləndirilib. Bu il AXCP-nin 26 fəalı 50 manatdan 500 manatadək inzibati qaydada cərimə edilib. Partiya fəallarının hamısının siyasi mövqelərinə görə şərləndiyini bildirib.
Azərbaycanın rəsmiləri bir qayda olaraq ölkədə bütün fundamental azadlıqların tam təmin edildiyini bəyan edir. Rəsmi Bakı insanların qanun qarşısında bərabər olduğunu və siyasi baxışlarına görə təqib olunmadığını bildirir.
Bununla yanaşı, yerli hüquq müdafiəçiləri ölkədə 100-dən çox insanı siyasi məhbus elan edib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyətdədir. Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı Azərbaycanda ondan çox insanı vicdan məhbusu elan edib.
Загрузка...
Загрузка...

Xəbər lenti