95 milyon manatlıq yeyintinin dərin izləri

95 milyon manatlıq yeyintinin dərin izləri
Загрузка...

Naməlum şirkətlər, şişirdilmiş tariflər, ciddi korrupsiya faktları; Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “qazan”ı necə qaynayıb?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, onun struktur qurumlarının və tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat qrupu yaradılmaqla istintaq aparılır.

Artıq bununla bağlı Baş Prokurorluğun yaydığı rəsmi məlumat var. Amma sıradan oxucu üçün maraqlı olan başqa bir məqamdır. Sözügedən nazirlik yeyinti, pul köçürməsi, korrupsiya üçün nə qədər “uyğun” bir məkandır? Çünki rəsmi məlumatdan da göründüyü kimi, söhbət nə az, nə çox, düz 95 milyon manatlıq yeyintidən gedir. Nazirliyin həyata keçirdiyi layihələr, ona verilən səlahiyyətlər bu qədər ciddi miqyasda korrupsiyaya “icazə verirmi”?

Öncə prokurorluğun məlumatındakı korrupsiya detallarına diqqət edək. İstintaqla müəyyən edilib ki, dövlət əmlakının sistemli şəkildə mənimsəmə və israf etmə yolu ilə talanması məqsədilə rollar bölüşdürülməklə qeyd olunan qurum və şirkətlərin ayrı-ayrı vəzifəli şəxslərindən ibarət korrupsiya şəbəkəsi təşkil olunaraq büdcə vəsaitlərinin talanması istiqamətində çoxsaylı korrupsiya sxemləri həyata keçirilib. Korrupsiya şəbəkəsinə daxil olan vəzifəli şəxslər tərəfindən dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşmiş layihələrin yaxın qohumlarının adına rəsmiləşdirilməklə faktiki özlərinə məxsus şirkətlər tərəfindən həyata keçirilməsinin rəsmiləşdirilməsi barədə saxta sənədlərin tərtib olunması, görülən xidmətlərin dəyərinin dəfələrlə şişirdilməsi, faktiki yerinə yetirilməmiş xidmətlərə görə ödənişlərin həyata keçirilməsi və sair yollarla külli miqdarda dövlət əmlakını mənimsəmə və israf etmələri aşkar edilib.

Qohumlarla bağlı faktlar yetərincə ciddidir. Məsələn, onlardan biri Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovla bağlıdır. Onun 2009-2015-ci illərdə həyat yoldaşının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B.Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər.

Bundan sonra B.Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Korrupsiya faktlarında diqqət çəkən başqa bir məqam isə qulluq mövqeyindən sui-istifadə ilə bağlıdır. Fakta diqqət edək. Nazirliyin aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, prokurorluğun rəsmi məlumatında qeyd olunan maddələr ortada ciddi korrupsiya faktlarının olmasından şübhələnmək üçün əsas verir. Müsahibimiz qeyd etdi ki, burada diqqətini cəlb edən məqam bu sektorda adını tanımadığı şirkətlərin bəzi əməliyyatlarda iştirak etməsidir: “Bu şirkətlərlə müqavilələr bağlanıb, onlara müəyyən işlər gördürülüb. Rabitə xidmətlərinin göstərilməsi, kabellərin çəkilməsi ilə bağlı müqavilələr bağlanıb. Məsələn, mən prokurorluğun xəbərini oxuyana qədər belə şirkətlərin varlığından xəbərsiz idim. Son dövrlərdə, araşdırmalar getdiyi bir zamanda iki belə qurumun adına rast gəlmişəm ki, bunların adını daha öncə eşitməmişdim. Onlarla Bakı Telefon Rabitəsi İstehsalat Birliyi iş aparıb. Bundan sonra nazirlik açıqlama verdi ki, onlar bu şirkəti tanımırlar. Nazirlik özü deyəndə ki, mən bu şirkətləri tanımıram, deməli, bu, ciddi araşdırma tələb edir”.

O.Gündüz onu da dedi ki, nazirlikdə min cür xidmətlər, işlər var və onlarda hansısa korrupsiya izləri tapmaq mümkündür. Müsahibimizin sözlərinə görə, Bakı Telefon İstehsalat Birliyi fiberobtik xətlərin çəkilməsində şişirtmələr yol verilib: “Bəlli bir metrdə hansısa bir metr fiber-obtik xəttin çəkilməsi neçəyə başa gələ bilər. Müqavilədə bu, öz əksini tapır. Reallıqda bu, daha ucuz başa gəldiyi halda rəqəmlər şişirdilmiş ola bilər”.

Criminal.az

Xəbər lenti