Akif Çovdarovun gizli “həbsxana”sında... REPORTAJ

Akif Çovdarovun gizli “həbsxana”sında... REPORTAJ
Загрузка...

MTN-in keçmiş idarə rəisi, bu sistemin ən qəddar və ən qalmaqallı personası kimi ad çıxarmış Akif Çovdarova qarşı rəsmən adam oğurluğu maddəsi üzrə ittiham irəli sürüldü. 

Virtualaz.org saytının da xəbər verdiyi kimi, Cinayət Məcəlləsinin bir neçə digər maddəsi ilə ittiham olunan Çovdarova adam oğurluğu maddəsinin ən ağır bəndi üzrə rəsmi ittiham verilib. Bu isə o deməkdir ki, Akif Çovdarovun gizli həbsxana saxlaması və iş adamlarını oğurladaraq  gizli həbsxanasında işgəncə verməsi, onların mal-mülkünü talan etməsi barədə həftələrdir mətbuatda dövr edən məlumatlar boş yerə deyilmiş. Hətta rəsmi ittihamdan belə nəticə çıxır ki, Çovdarov nəinki adam oğurlatdırıb, üstəlik onun oğurlatdığı adamlar arasında öldürülənləri də var. 

Hər halda istintaqın bu ittihamı irəli sürmək üçün faktlara malik olduğu heç bir şübhə doğurmur. Hansı faktlara, hələlik bu barədə əlimizdə səhih məlumatlar yoxdur. 

 Ancaq virtualaz.org saytının reportyor qrupu qərara aldı ki, Akif Çovdarovun gizli həbsxanasını axtarsın. Çünki mətbuatda belə iddialar yer almışdı ki, generalın bu həbsxanası haradasa Bakının ucqarlarında, Masazır qəsəbəsindəki istixana kompleksinin ərazisində yerləşən zirzəmidən ibarətdir. 

Beləliklə, generalın gizli həbsxanasının izi ilə üz tutduq Masazır qəsəbəsinə... 

 Masazır qəsəbəsində Çovdarovun istixana kompleksini axtarıb tapmaq elə də çətin olmadı. Sakinlərə “Generalın parniklərini axtarırıq” deyən kimi söhbətin heç hansı generaldan getdiyini soruşmadan istixanaların yerini nişan verdilər. Bu, Qanlıgölun yaxınlığında, Zəngilan qaçqınları üçün salınmış şəhərcik istiqamətində hektarlarla ərazidə yerləşən nəhəng istixana kompleksidir. İstixananın giriş qapısı açıqdır, gözətçi köşkündə mürgüləyən şəxs bizi qarşılayır, haradan gəldiyimizlə maraqlanır. “Generalın istixanası buradırmı?” - soruşuruq. Nə təsdiq, nə də inkar edir, bir daha haradan gəldiyimizi soruşur. Özümüzü təqdim edirik, gözətçi telefonla müdiriyyətə məruzə edir. Çox keçmədən istixananın giriş qapısına təxminən 65-70 yaşlı kişi yaxınlaşır. 

 “Mən buranın icraçı direktoruyam. Sizi nə maraqlandırısa, bütün suallarınıza cavab verməyə hazıram. Bir şərtlə ki, şəklimi çəkməyəsiniz. Məni ölkədə çox adam tanıyır, bu yaşda mətbuat ulduzuna çevrilmək istəmirəm”- həmin şəxs deyir. Hiss olunur ki, müəssisənin işinə rəhbərlik edən bu şəxs Çovdarovun gizli həbsxanası və onun Masazırda, istixananın ərazisində yerləşdiyi haqda mediada yayılmış şayiələr haqda məlumatlıdır. 

 “Gizli həbsxana axtarırsınız, hə?” - icraçı direktor gülərək deyir. “Hansı axmaq belə yerdə gizli həbsxana saxlayar? Bəyəm başlarına yer qəhətdir?”- sonra da əlavə edir. Direktorun iş otağına keçirik. Özünü təqdim edir - Adil Yaqubov, keçmiş polis işçisi. “Mən bu istixana qurulandan bəri burada işləyirəm. Bütün tikinti-quraşdırma işlərinə mən rəhbərlik etmişəm. Əminliklə deyə bilərəm ki, burada gördüyünüz hər şey mənim əməyimin məhsuludur. Onunla (Çovdarovu nəzərdə tutur-müəl.) polisdə işləyəndən tanışıq. Pensiyaya çıxandan sonra bir müddət başqa işlərdə işlədim, sonra işsiz idim, evdə oturmuşdum. Təklif etdi ki, bu işə rəhbərlik edim, mən də razılaşdım. Əslində bura onun yox, həyat yoldaşının adınadır”- direktor söhbətə başlayır. 

 Məlum olur ki, Çovdarovun istixana kompleksinin tikintisi 2010-cu ildə başlayıb. General əvvəlcə bu ərazidə 3 hektar torpaq alaraq (direktor deyir ki, o, torpağı hərrac yolu ilə alıb, pulunu dövlətə ödəyib) ilk istixananı inşa etdirib. Daha sonra oradan əldə edilən gəlirlə digər iki istixana yaradılıb. Hazırda kompleksdə 3 nəhəng istixana var, ümumi ərazisi 10 hektara yaxındır. “Generalı axırıncı dəfə burada nə vaxt görmüşünüz?” - direktordan soruşuruq. “O, heç vaxt burada olmayıb ki... Bayaq dediyim kimi, obyekt həyat yoldaşınındır, işlərə nəzarət etmək üçün öz adamlarını yerləşdirmişdilər. Bütün maliyyə işlərinə isə baldızının oğlu rəhbərlik edirdi. Mən və qalan işçilər ancaq maaş alırıq”- Adil müəllim bildirir. Söhbət əsnasında məlum olur ki, Çovdarovun istixanalarının tikintisi heç də rəvan keçməyib. Hətta qılıncının dalı da, qabağı da kəsən vaxtlarda ona pul “atmağa” cəsarət edənlər də olub.

 “Əvvəlcə işləri Roman Cəfərov adlı birinə tapşırmışdılar. O da İran əsilli azərbaycanlı ilə işləyirdi, adı deyəsən, Cəfər idi. Özünü istixanalar üzrə peşəkar mühəndis kimi təqdim etmişdi, bunları inandırmışdı. 850 min manat vəsait almışdılar, ancaq cəmi 250 min manatlıq iş görüb 600 min manatı “atmaq” istəyirdilər. Sonradan bu pulun xeyli hissəsini geri aldılar. Deyəsən, indi 90 min manatı qalır. İşləri də onlardan alıb ispanlara tapşırdılar”- A.Yaqubov bildirir. Bəs necə ola bilər ki, Çovdarovun, generalın adı gələndə hamının qorxduğu bir vaxtda ona pul “atmağa” cəsarət edənlər də tapılıb? “Birincisi, o vaxt general deyildi, polkovnik idi. İkincisi də olur da... Bəyəm onların vaxtı var idi ki, gəlib bu işlərlə maraqlansınlar? İş tapşırdıqları adamı yoxlasınlar?”-Adil müəllim deyir. Öyrənirik ki, bu müasir istixana kompleksinin qurulması üçün metal konstruksiyalar İspaniyadan idxal edilib və yerli mütəxəssislər tərəfindən quraşdırılıb.

 İcraçı direktor deyir ki, istixanaların maliyyə işlərinə nəzarət edən şəxs - generalın qohumu isə artıq işdən çıxarılıb: “Biz onu oktyabrın 9-da işdən azad etmişik. Çünki Gürcüstan vətəndaşı idi, ildə bir dəfə Dövlət Miqrasiya Xidmətindən sənəd almalı idi. Mən qanun adamıyam, hüquqşünasam, Moskvada təhsil almışam. Qeyri-leqal işçi çalışdırmağa görə 36 min manat cərimə nəzərdə tutulur. Dedim ya həmin məbləği gətirib qoyun seyfimə, mən də cərimə kəsiləndə aparıb ödəyim, ya da işdən çıxırsan. O da işdən çıxdı, getdi Gürcüstana”. İsrar edib dəqiqləşdiririk ki, Çovdarovun həmin qohumunun adı Azər Hümmətovdur. Adil Yaqubovdan Akif Çovdarovla tanışlıq tarixçəsi haqda bir az ətraflı danışmağı xahiş edirik. Deyir ki, tanışlıqları AXC hakimiyyəti dövründə OBXSS-in ləğvindən sonra başlayıb: “Onların idarəsini ləğv edəndən sonra gəldi bizdə - Nəqliyyatda Baş Polis İdarəsində işlədi. Mən o vaxt orada şöbə rəisi idim. 3-4 il bir yerdə işləmişik. Beləcə, tanışlığımız yaranıb”.

 Direktorla söhbəti tamamlayıb istixananın ərazisində “gizli həbsxana” axtarışına başlayırıq. Adil müəllim istixananın aqrotexniki işlər üzrə baş mütəxəssisini bizə qoşur, “bu yoldaşlar haranı istəyirlərsə, göstər, gəzsinlər, baxsınlar, çəksinlər” deyir. İstixanaları gəzirik. Doğrudan da müasir, dünya standartlarına uyğun kompleksdir. Bütün işlər - suvarma, havalandırma, dərmanlama və s. avtomatlaşdırılıb, kompüterlərlə idarə olunur. Əl əməyindən istifadə minimuma endirilib. İstixanalarda yalnız pomidor becərilir. İndi növbəti məhsul yığımına az qalır. Pomidor kollarında bol məhsul var. 

 “Bir neçə günə pomidorlar qızaracaq, yığım başlayacaq. Hər kolda 9-10 kq məhsul yetişir. Tamamilə ekoloji təmiz tərəvəzdir, GMO sortlarını heç vaxt yaxına buraxmırıq”- baş mütəxəssis deyir. İstixanalardan yığılan pomidorlar Rusiya bazarına ixrac edilir. “Yəqin bilirsiniz ki, Rusiyada fitosanitar nəzarət necə güclüdür, bizim məhsullar sərhəddə diqqətlə yoxlanılır, analiz edilir, yalnız bundan sonra bazara buraxılır. GMO sortlar olsa, yaxud kimyəvi gübrələr miqdarından artıq verilsə, Rusiyaya məhsul ixracı qeyri-mümkündür”- mütəxəssis əlavə edir. Yetişdirilən məhsuldan daxili bazara da çıxarılır, ancaq az miqdarda. 

 “Mən təklif etdim, burada yeşik sexi də açdıq. 4-5 nəfər də orada işlə təmin olundu. Əvvəl yeşiyi başqa yerdən alırdıq, indi aldığımızın yarı qiymətinə özümüz istehsal edirik. Nəyi pisdir ki?”- adının çəkilməməsini xahiş edən mütəxəssis bildirir. İstixana komplekslərində cəmi 61 işçi çalışır. Əmək haqları elə də yüksək deyil, ancaq işçilər deyir ki, buna da şükür. “Günorta naharımızı verirlər, kiminsə yası, xəstəsi olsa, yardım edilir, lazım olanda evə pomidor da aparmağa icazə verirlər”- işçilər deyir. Bəs Akif Çovdarovun həbsindən və onun qorxu imperiyasının çökməsindən sonra bu istixana kompleksinin, orada işləyənlərin axırı necə olacaq? 

 “Əvvəlki sahibində qalacaq, ya kiməsə verəcəklər - özləri bilər. Biz bu işlərə qarışa bilmərik ki... Bizim işimiz buranı işlətmək, məhsul istehsal etməkdir. Çəkdiyimiz zəhmətə görə əməkhaqqı alırıq, qalan işlər bizlik deyil. Gözləyək görək necə olacaq. Əsas odur ki, burada işləyən, zəhmət çəkib məhsul becərən, ailəsinə çörəkpulu aparan insanlar işsiz qalmasın”- işçilər deyir. İstixana kompleksinin bütün ərazisini gəzirik, doğrudan da burada gizli həbsxana kimi işə yarayacaq tikiliyə rast gəlmirik. Həqiqətən bu cür gediş-gəlişli, çoxlu insanların işlədiyi yerdə kim gizli həbsxana açar ki?! 

 Deməli, Çovdarovun gizli həbsxanasını hardasa başqa yerlərdə, onun çoxsaylı imarətlərinin altında, yaxud ağla gəlməyən başqa məkanlarda axtarmaq lazım gələcək. Görəsən, Çovdarovun başqa hansı yerlərdə istixanası, yaxud biznes obyektləri var? “İstixanadan danışırıqsa, başqa heç yerdə. Ancaq buradır. Olsaydı, yüz faiz mənim də xəbərim olardı, çünki əvvəldən bu işin içindəyəm”- Adil müəllim bizi əmin edir. 

 Reportyor qrupumuz Çovdarovun istixanalarını tərk etməyə hazırlaşanda məlum olur ki, direktor bizə bostandan pay da hazırlayıb - 4 yeşik, təxminən 20 kq təzəcə yetişməkdə olan pomidor. İmtina və xeyli israr edirik, Çovdarovun bostanından xatirə kimi yalnız 3-4 ədəd pomidor götürə biləcəyimizi deyirik, qalanları qaytarmağı xahiş edirik. Ancaq direktor da israr edir. Bu ağsaqqal, mülayim insanın xətrinə dəyməmək üçün hədiyyə pomidorları da götürüb üz tuturuq şəhərə tərəf. 

 Və yol boyu düşünürük, öz aramızda danışıb gülürük: görün dünya necə dəyişir, kimin ağlına gələrdi ki, günlərin birində Çovdarovun bostanına girəcəyik, üstəlik pomidorlarını da “qənimət” götürəcəyik? Redaksiyaya çatmağı gözləməyə hövsələmiz çatmır. Elə yolda Akif Çovdarovla “döyüşməyə” həyatının bir neçə ilini qurban verməli olan Eynulla Fətullayevə - haqqin.az saytının təsisçisinə zəng edirik. Çovdarovun “gizli həbsxanasından” pomidorlarla geri qayıtdığımızı ona xəbər veririk. Heyrətlənir, “tez gəlin, reportajı yazın” deyir. 

 “Deməli, naharda “Çovdarov pomidoru” yeyəcəyik”- E.Fətullayev gülərək əlavə edir. Doğrudan da zarafat deyil. Əvvəl Çovdarov  jurnalistləri “yeyirdi”, indi isə jurnalistlər onun bostanının pomidorlarını yeyir...

Criminal.az

AkifAkifAkifAkifAkifAkifAkifAkifAkifAkifAkifAkifAkif

Xəbər lenti